Məhkəmə qərarları › İş №3(004)-4747/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4747/2025

07.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4747/2025 07.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Qazax rayonu, Daş Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Qazax rayonu, Daş Salahlı ərazi dairəsi, Daş Salahlı kəndində ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 avqust 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 06 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında yol polisi əməkdaşının qanuni tələbinə tabe olmamışdır. Sonuncu əməlinə hüquqi qiymət verilməsi üçün 29-cu PŞ-nə təmin olunmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 06 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, “20 Yanvar” metrostansiyası yaxınlığında svetoforun sarı işığında keçdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşı tərəfindən səbəbsiz yerə saxlanıldığını düşündüyündən etiraz etmişdir. Etiraz zamanı işlətdiyi ifadələri emosional tonda işlətmiş, lakin heç bir polis əməkdaşına qarşı fiziki və ya təhqiredici hərəkəti olmamışdır. Odur ki, polisin hər hansı qanuni tələbinə tabesizlik etməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Alayının Patrul bölüyü polis nəfəri, polis serjantı X5 izahatında bildirmişdir ki, 06 iyul 2025-ci il tarixində saat təxminən 20:40 radələrində AP 2466 çağırışlı avtopatrulda o və digər polis əməkdaşları ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman “Şəfəqin” məlumatına əsasən “20 Yanvar” metrostansiyasının yaxınlığında **-YP-*** dövlət qeydiyyat nişanlı YPX əməkdaşına kömək lazım olduğunu bildirdi. Onlar dərhal deyilən yerə yaxınlaşmış və orada olan vətəndaş onlarla kobud danışaraq uca səslə nalayiq ifadələr istifadə etməyə başlamışdır. Həmçinin ünvanlı olaraq polislərin “erməni” olduğunu bildirmişdir. Bundan sonra Şəxs polis şöbəsinə getməli olduğu bildirilmiş, lakin o bundan imtina etmişdir. Vətəndaşı ƏÇPA 2466 çağırışlı avtopatrul ilə 29-cu PŞ-nə təmin etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektoru Əzim-zadə Firidun Elçin oğlu izahatında bildirmişdir ki, 06 iyul 2025-ci il tarixində saat təxminən 20:25 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşınında “20 Yanvar” dairəsində xidmətdə olan zaman **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi svetoforun sarı işıqında hərəkətin qadağan olunmasına baxmayaraq hərəkətini davam etdirdi. NV-nə saxla işarəsi verilmiş və saxlanılan zaman sürücü Şəxs aid olan EQ seriyalı 27107157 nömrəli protokolun ödənmədiyi vətəndaşa bildirmişdir. Vətəndaş üzərində pul olmadığını və cəriməni ödəyə bilmədiyini bildirmiş, daha sonra yaxınlıqdakı terminala yaxınlaşıb ödəyəcəyini bildirdi. Terminalda cəriməni ödəməkdə imtina edərək, uca səslə polis əməkdaşlarına şərəf və ləyaqətini alçaldacaq ifadələr işlədərkən kameralar vasitəsilə qeydə alınmışdır. 2466 çağırışlı avtopatrul köməyə gəldikdən sonra onların da ünvanlarına nalayiq ifadələr işlədərək “Erməni” olduqlarını demişdir. Vətəndaşı ƏÇPA 2466 çağırışlı avtopatrul ilə 29-cu PŞ-nə təmin etmişdirlər. Yekun olaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 07 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs 06 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 20 Yanvar metrostansiyası yanında polisin qanuni tələbinə tabe olmayaraq tabesizlik etmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt raport, vətəndaş Şəxs izahatı və videogörüntü ilə təsdiq edilir. Bakı şəhəri Baş Polis İdarəsinin X9 İdarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti Alayının yol patrul xidməti inspektorları tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 06 iyul 2025ci il tarixində saat təxminən 20:25 radələrində **-YP-*** dövlət qeydiyyat nişanlı patrul maşınında 20 Yanvar dairəsində xidmətdə olan zaman **-YB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi svetoforun sarı işıqında hərəkətin qadağan olunmasına baxmayaraq hərəkətini davam etdirdi. NV-nə saxla işarəsi verilmiş və saxlanılan zaman sürücü Şəxs aid olan EQ seriyalı 27107157 nömrəli protokolun ödənmədiyi üçün həbs olunduğunu vətəndaşa bildirmişlər. Vətəndaş üzərində pul olmadığını və cəriməni ödəyə bilmədiyini bildirdi, daha sonra yaxınlıqdakı terminala yaxınlaşıb ödəyəcəyini bildirdi. Terminalda cəriməni ödəməkdə imtina edərək, polis əməkdaşlarına şərəf və ləyaqətini alçaldacaq ifadələr işlədərkən kameralar vasitəsilə qeydə alınmışdır. 2466 çağırışlı avtopatrul köməyə gəldikdən sonra onların da ünvanlarına nalayiq ifadələr işlədərək “erməni” olduqlarını demişdir. Vətəndaşı ƏÇPA 2466 çağırışlı avtopatrul ilə 29-cu PŞ-nə təmin etmişdirlər. X7 Alayının 6-cı Patrul bölüyünün polis nəfəri, polis serjantı X1 tərəfindən Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, 06 iyul 2025-ci il tarixində saat təxminən 20:40 radələrində AP 2466 çağırışlı avtopatrulda o və digər polis əməkdaşları ilə birlikdə inzibati ərazidə xidmətdə olan zaman “Şəfəqin” məlumatına əsasən 20 Yanvar metrosu yaxınlığında **-YP-*** dövlət qeydiyyat nişanlı YPX naryadlarına kömək lazım olduğunu bildirdi. Onlar dərhal deyilən yerə yaxınlaşmış və orada olan vətəndaş onlarla kobud danışaraq nalayiq ifadələr istifadə etməyə başlamışdır. Həmçinin ünvanlı olaraq polislərin erməni olduğunu bildirmişdir. Vətəndaşı ƏÇPA 2466 çağırışlı avtopatrul ilə 29-cu PŞ-nə təmin etmişdirlər. İnzibati qaydada tutma haqqında 06 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə olunmuş videogörüntüyə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması səbəbindən yol patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma zamanı o, törətdiyi pozuntunu inkar edərək, yüksək səslə və kobud tərzdə yol polisi əməkdaşına etirazını bildirmişdir. Qarşı tərəfin pozuntu ilə bağlı izahatına baxmayaraq, Şəxs emosional vəziyyətdə “Bizim Azərbaycan polislərinin çoxu öz şərəfinə sığışdırıb camaatı şərləyir”; “Haram puldur, onu Allah-taala burnunuzdan gətirəcək”; “Erməni kimi danışırsınız” ifadələri səsləndirmişdir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətanı qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Hazırki iş üzrə isə qeyd edilməlidir ki, 06 iyul 2025-ci il tarixdə, saat təxminən 20:25 radələrində Şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması əlamətləri müşahidə olunduğundan, o, yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılma zamanı Şəxs yüksək səslə etiraz etmiş və “Bizim Azərbaycan polislərinin çoxu öz şərəfinə sığışdırıb camaatı şərləyir”, “Haram puldur, onu Allah-taala burnunuzdan gətirəcək” “Erməni kimi danışırsınız” ifadələrini işlətmişdir. Bununla da, sonuncu yol polisi əməkdaşının qanuni tələbinə qərəzli şəkildə tabe olmamışdır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmış sübutlarla tam sübuta yetir. Belə ki, Şəxs xidməti vəzifəsini polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını özü etiraf etməsə də, məhkəmə iclasında araşdırılan digər sübutlarla təsdiqini tapmışdır. Məhkəmə Şəxs verdiyi izahata tənqidi yanaşaraq həmin ifadəni özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan yəni 06 iyul 2025-ci il tarixdən saat 20:25-dən hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 06 iyul 2025-ci il tarixdən saat 20:25-dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar