Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4791/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 428.7.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı Şəhəri Reklam İdarəsi Şəxs MMC barəsində İXM-in 428.7.1-ci maddəsi ilə 07 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. 07 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 78 ünvanında xx.xx.2025-ci il tarixdə saat 12:26-da “Lombard №1” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Nəticədə Şəxs MMC tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokola uyğun izahat verərək inzibati xəta törətmiş şəxsin barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş etirazdan görünür ki, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri idarəsi "xxxx" MMC-nin İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsi məqsədilə xx.xx.2025-ci il tarixdə MN No ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Protokol onunla əsaslandırılmışdır ki, "xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 78 ünvanında xx.xx.2025-ci il tarixdə saat 12:26-da "Lombard N1" adlı obyektin üzərində müvafiq icazə olmadan reklam yerləşdirildiyi aşkar olunmuşdur. Tərtib edilmiş inzibati xəta haqqında protokol qanunsuz və tam əsassızdır. Belə ki, İXM-in 100.1 ve 100.1.7-ci maddələrinə əsasən protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati xəta haqqında protokol tərib edilərkən şirkətin rəhbərinin və ya onun nümayəndəsi icraata cəlb olunmamış, izahatı alınmamış, məsələyə münasibəti öyrənilməmiş, habelə protokolda nə şirkətin rəhbəri və ya nümayəndəsinin imzası, nə də imza etməkdən imtinanı təsdiq edən sübutlar mövcud deyildir. Həmin tarixdə obyektin videomüşahidə kameralarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, protokolu tərtib edən vəzifəli şəxs xx.xx.2025-ci il tarixdə obyektə bir dəqiqəlik müddətə daxil olmuş, əlindəki qovluğu açıb-bağlamış, bundan sonra obyektin xaricdən fotoşəkillərini çəkmişdir. Tərib olunmuş protokolda isə guya hüquqi şəxsin nümayəndəsinin protokolu imzalamqdan imtina etdiyi vurğulanmışdır. Bu isə vəzifəli şəxsin əməlinin saxta olmasına dəlalət edir. beləliklə, protokol qərəzli və qanunsuz tərtib olunmuşdur. Bununla yanaşı, ADRA-nın Bakı şəhəri Reklam İdarəsi tərəfindən obyektə xx.xx.2025-ci il tarixli göstəriş göndərilmişdir. Həmin göstərişdə xx.xx.2025-ci il tarixli aktda qeyd olunan pozuntuların 5 gün ərzində aradan qaldırılması tələb olunmuşdur. Göstərişin icrası məqsədi ilə MMC-nin qanuni təmsilçisi Bahadur Eminov xx.xx.2025-ci il tarixdə ADRA-nın Bakı şəhəri Reklam İdarəsinə yaxınlaşmış, orada qəbul barədə müvafiq kitabda qeyd aparılmış və həmçinin müqavilə forması təqdim edilmişdir. MMC- nin rəhbərini həmin idarədə Ağa adlı şəxs qəbul etmiş, müvafiq ərizə blankını verərək doldurulmasını və əməkdaşların ölçmə işlərinə gəlməyini gözləmələrini bildirmişdir. Lakin bundan sonra ölçmə işlərinin aparılması məqsədi ilə deyil, obyektə protokol tərtib etmək məqsədi ilə əməkdaş daxil olmuşdur. Ağa adlı şəxs MMCnin qanuni təmsilçisinə öz Əlaqə nömrəsini vermiş (**********), lakin məsələ ilə bağlı dəfələrlə zəng olunmasına baxmayaraq, şəxs zənglərə cavab verməmişdir. Bundan sonra təkrarən xx.xx.2025-ci il tarixdə təkrarən ADRA-nın Bakı şəhəri Reklam İdarəsinə ərizə ilə müraciət olunmuş, lakin hazıradək hər hansı ölçmə işləri aparılmamış, müqavilə bağlanmamışdır. Bu isə dövlət qurumunun sahibkara qarşı sərgilədiyi qərəzli mövqenin göstəricisidir. Eyni zamanda qeyd olunmalıdır ki, ADRA-nin Bakı Reklam İdarəsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin də tələblərini kobud şəkildə pozmuş, müvafiq icazə reyestrə daxil edilmədən obyektdə yoxlama apararaq protokol tərtib etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 dekabr 2023-cü il tarixli 482 nömrəli Qərarı ilə təsdiq edilmiş Yuxarı dövlət orqanı olmayan yoxlayıcı orqanların siyahısının 3-cü bəndinə əsasən "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi" publik hüquqi şəxsi yoxlayıcı orqanlar siyahısına daxil edilmişdir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 3.2-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda icazə əsasında və bu Qaydanın 1.5-ci bəndinə uyğun olaraq yayımlanan reklamın bu Qaydanın 1.6-ci bəndinin tələblərinə uyğunluğunu yoxlayır. Müvafiq qurum yoxlama zamanı pozuntu halları aşkar etdikdə, hər bir pozuntu ayrıca təsvir olunmaqla, müvafiq akt tərtib edir və onların 5 gün ərzində aradan qaldırılması barədə reklam yayıcısına icrası məcburi olan yazılı göstəriş təqdim edir. Göstərilənlər nəzərə alınmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etməyinizi xahiş edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, inzibati icraat pozuntulara yol verilərək aparılmışdır. Göstərilənlərə əsasən, məhkəmədən Şəxs MMC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şəxs MMC-nin direktoru tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyi Bakı Şəhəri Reklam İdarəsinə ünvanlanmış açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi barədə ərizədən görünür ki, Şəxs MMC-nin direktoru tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 78 ünvanında yerləşən “Lombard №1” adlı obyektdə açıq məkanda reklam yerləşdirilməsi üçün müraciət edilmişdir. Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair 20 iyun 2025-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 78 ünvanında xx.xx.2025-ci il tarixdə saat 12:07-də “Lombard №1” adlı obyektin üzərində müvafiq icazə olmadan 11 ədəd 7.89 kvadrat metr ölçüdə açıq məkanda reklam yerləşdirilməsi faktı aşkar edilmişdir. Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəxs MMC vergi ödəyicisi kimi qeydiyyatdan keçmişdir. Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 79, mənzil 29 VÖEN ********** qeyd edilmişdir. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən İXM-in 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi tam sübuta yetir və sonuncu, həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın: 2.1-ci bəndinə əsasən açıq məkanda reklam yerləşdirilməsinə icazə alınması üçün reklam yayıcısı (reklam qurğusunun mülkiyyətçisi, digər reklam daşıyıcısının isə sahibi) "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu və 30-cu maddələrində nəzərdə tutulmuş qaydada müvafiq quruma ərizə təqdim edir. Ərizə müvafiq qurum tərəfindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə uyğun olaraq qəbul edilir və qeydiyyata alınır; 3.1-ci bəndinə əsasən müvafiq qurum açıq məkanda yerləşdirilmiş (yerləşdirilən) reklam daşıyıcılarının qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq göstərişlər verir, reklam qurğularının sökülməsi barədə qərar qəbul edir və onları sökür; 3.6-cı bəndinə əsasən açıq məkanda reklam fəaliyyətinə nəzarət çərçivəsində reklam yayıcısının yerləşdiyi ünvanda yoxlama aparılması zərurəti yarandıqda, həmin yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə uyğun həyata keçirilir; 3.7-ci bəndinə əsasən müvafiq qurum reklamvericilərin, reklam istehsalçılarının, reklam yaradıcılarının, reklam agentlərinin və reklam yayıcılarının hərəkətlərində açıq məkanda reklam üzrə inzibati xəta əlamətləri aşkar etdikdə, İXM-ə uyğun olaraq tədbirlər görür, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat verir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə hesab edir ki, İXM-in 17-ci maddəsinə əsasən Şəxs MMC (VÖEN **********) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vəzifəli şəxs hesab edilməlidir. Belə ki, həmin maddənin məzmunundan görünür ki, vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Sözügedən maddənin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin məsuliyyəti yüngülləşdirən hallar müəyyən olunmadı. İXM-in 33-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Beləliklə, məhkəmə, Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC İXM-in 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC İXM-in 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 5000 (beş min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4791/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4791/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver