Məhkəmə qərarları › İş №3(004)-4792/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4792/2025

17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4792/2025 17.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25 iyun 2025-ci il tarixli EQ seriyalı 28816135 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25 iyun 2025-ci il tarixli EQ seriyalı 28816135 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, o jurnalist fəaliyyəti ilə məşğuldur. Avropa Mətbuat Federasiyasının üzvü olmaqla, “Təzadlar” qəzetinin və eyni adlı portalın rəhbəri, Türkiyənin Anadoluyakasihhaber.com və ilkhavadis.com saytlarının köşə yazarıdır. İdarə etdiyi 90DL707 dövlət nömrə nişanlı avtomobildən peşə fəaliyyətimdə və redaksiyanın işində istifadə edir. 24 iyun 2025-ci il tarixdə Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin elektron sistemi tərəfindən ona İXM-nin 327.1 -ci maddəsində nəzərdə tutulan qayda pozuntusuna görə elektron cərimə protokolu ilə 40 manat sanksiya tətbiq edilmişdir. Ona bu barədə heç bir foto və ya video təqdim edilməyib. Lakin həmin məntəqə iş yeri olan «Azərbaycan» nəşriyyatının qarşısı olduğundan (Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsi) tərəfindən müstəqil araşdırma aparmış, eləcə də yol hərəkətinin təhlükəsizliyi sahəsində ixtisaslı ekspertlərlə məsləhətləşmiş, məlum oldu ki, bu cərimə tətbiqinə əsas olan səbəb həmin nöqtədəki yol nişanının uyğunsuzluğu və əsassızlığıdır. Məhkəməyə təqdim etdiyi fotoşəkildən də göründüyü kimi Şərifzadə küçəsi ilə Mətbuat prospektinin kəsişməsindəki yol nişanında aşkar uyğunsuzluq, çaşdırıcılıq və məntiqsizlik vardır. Ona EQ28816135 saylı elektron protokol ona görə tətbiq edilib ki, o Mətbuat prospektindən Badamdar istiqamətinə hərəkət edən zaman üçzolaqlı yolun soldan sonuncu zolağından məcburi sola deyil, düzünə hərəkət etmişdir. Mətbuat prospektinə 20 yanvar dairəsi istiqamətindən, eləcə də Ziya Bünyadov prospektindən daim güclü nəqliyyat axını olur, həmin nəqliyyat vasitələri əsasən də Badamdar istiqamətinə hərəkət edərək Bakı Beynəlxalq Dairəvi yola çıxaraq rayonlara gedirlər. Beləliklə, bu yol daim tıxaclı olur. Şərifzadə küçəsindən (ATV tərəfdən) gələn avtomobillərin hamısı işıqforun qırmızı işığında dayanır, bu zaman işıqfor 3 zolaqlı yolun hərəkət istiqamətini belə göstərir: sağdan 1 -ci zolaqdakılar sağa (Şərifzadə kiiçəsinə-ATV-yə tərəf) və düzünə gedə bilər, ortadakı 2-ci zolaqdakılar düzünə gedə bilər, soldakı 3-cü zolaqdakılar isə yalnız sola getməlidir. Yol hərəkətinin tənzimlənməsi haqqında mövcud qanunvericilikdə və təcrübədə də tamamilə əsaslı olaraq göstərilir ki, əgər əsas yolun sağ və sol hissəsinə dönmə hərəkəti işıqforla nizamlanırsa, həmin yolun sol və sağ tərəfindəki sonuncu zolaqda həm düzünə, həm də sağ və sola hərəkətə icazə verilir. Konkret halda, əgər Şərifzadədən gələrək Bakı Apellyasiya Məhkəməsi istiqamətinə (A.Sultanova küçəsinə) gedən avtomobillər üçün qırmızı işıq yanıbsa, hamı dayanır, heç bir hərəkət iştirakçısına (nə piyadaya, nə də avtomobillərə) maneçilik yoxdur. Elə isə niyə soldakı zolaqda olanlar həm sola, həm də düzünə hərəkət edə bilməzlər? Axı müşahidə aparılsa, məlum olar ki. bu zolaqla sola- Apellyasiya Məhkəməsi istiqamətinə tək-tük avtomobil gedir, bəzən isə bu zolaq bomboş olur.Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25 iyun 2025-ci il tarixli EQ seriyalı 28816135 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin tərtib etdiyi 25 iyun 2025-ci il tarixli EQ seriyalı 28816135 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Mətbuat prospektində yol nişanının tələbi pozmuş lakin həmin nişan orada olması qanunvericiliyin tələblərinə ziddir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, qərar dəyişdirilmədən, şikayət isə təmin edilmədən saxlanılmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25 iyun 2025-ci il tarixli EQ seriyalı 28816135 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 “Mercedes Benz E200” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 24 iyun 2025-ci il tarixdə, saat 11:56-da Mətbuat prospekti A.Sultanova Nəşriyyat evinin qarşısı yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş fotogörüntülərə məhkəmə iclasında baxış zamanı müəyyən olunmuşdur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X5 “Mercedes Benz E200” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 24 iyun 2025-ci il tarixdə, saat 11:56-da Mətbuat prospekti A.Sultanova Nəşriyyat evinin qarşısında sol zolaqda hərəkətdə olarkən yol nişanının tələblərini pozaraq yalnız sola hərəkətə icazə verildiyi halda düzünə hərəkətini davam etdirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə-qırx manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən görünür ki, X5 “Mercedes Benz E200” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 24 iyun 2025-ci il tarixdə, saat 11:56-da Mətbuat prospekti A.Sultanova Nəşriyyat evinin qarşısında sol zolaqda hərəkətdə olarkən yol nişanının tələblərini pozaraq yalnız sola hərəkətə icazə verildiyi halda düzünə hərəkətini davam etdirərək yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X9 İdarəsinin 25 iyun 2025-ci il tarixli EQ seriyalı 28816135 nömrəli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar