Məhkəmə qərarları › İş №3(004)-4795/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4795/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4795/2025 11.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1973-cü ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 11 iyul 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin polis sahə inspektoru, polis baş leytenantı X3 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları inzibati ərazidə xidmətdə olarkən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 1 nəfər şəxs özünü şübhəli və qeyri-adekvat apardığı üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığından polis əməkdaşları onu PŞ-yə dəvət etmişlər. Şəxs özünü qeyri-adekvat apardığı üçün narkoloji tibbi yoxlama aparılmışdır. “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator Məcburi-Narkoloji tibbi yoxlama rəyindən məlum olmuşdur ki, Şəxs asılılıq sindromu, narkomaniya xəstəliyi aşkar olunmuşdur. Bununla da, Şəxs barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədən Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirmişdir ki, əvəllər CM-nın 234.1 və 177-ci maddələri ilə məhkum olunmuşdur. Narkotik vasitə və psixiotrop maddələrdən asılılığı var. Sonuncu dəfə iki gün əvvəl Yasamal rayonunun ərazisində narkotik vasitə olan heroindən istifadə etmişdir. Bakı şəhəri, Yasamal rayonu ərazisində 10 iyul 2025-ci il tarixdə saxlanılaraq o, 27-ci PŞ-nə dəvət olunmuşdur. Nəticədə narkotik vasitə və psixotrop maddə istifadəçisi olması məlum olmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Əməlindən peşmandır. Göstərilənlərə əsasən, məhkəmədən barəsində yüngül növ inzibati tənbeh tədbirinin verilməsi haqqında qərar qəbul olunmasını xahiş etmişdir. Bundan əlavə verilmiş suallara cavab olaraq bildirdi ki, saxlanılarkən və polis şöbəsində olan zaman polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalmışdır. İş materiallarında olan: xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs götürülmüş sidik nümunəsində narkotik maddə aşkar olundu. Nəticədə Şəxs tərəfindən İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt xx.xx.2025-ci il tarixli, 6381 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin aktı və xx.xx.2025-ci il tarixli, 4099 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “X2 Tibbi Yoxlamanın” rəyi ilə təsdiq edilmişdir. xx.xx.2025-ci il tarixli Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Telman Həsənov tərəfindən rəhbərliyə ünvanlanmış raportan görünür ki, xx.xx.2025-ci il tarixdə inzibati ərazidə xidmətdə olarkən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 1 nəfər şəxs özünü şübhəli və qeyri adekvat apardığı üçün ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsin üzərində heç bir sənəd olmadığından polis əməkdaşları onu PŞ-yə dəvət etmişlər. PŞ-də məlum oldu ki, həmin şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş xx.xx.19973-cü il təvəllüdlü Şəxsdur. xx.xx.2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 10:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2025-ci il tarixli, 6381 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin aktından görünür ki, Şəxs götürülmüş sidik nümunəsində AMP (+), MOP (+), TML(+), MTD (+), MET(+), PGB (+) aşkar olunmuşdur. xx.xx.2025-ci il tarixli, 4099 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin “X2 Tibbi Yoxlama” rəyindən görünür ki, Şəxs götürülmüş sidik nümunəsində AMP (+), MOP (+), TML(+), MTD (+), MET(+), PGB (+) aşkar olunmuşdur. Şəxs kannabinoidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülmüşdür. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirdib tərəfləri dinləyərək belə qənaətə gəlir ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulduğu vaxtdan, yəni 10 iyul 2025-ci il tarixdən saat 10:00-dan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 77, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 01 (bir) ay müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri təyin edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 10 iyul 2025-ci il, saat 10:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində mühafizə altında saxlanılsın. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın icrası Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinə həvalə edilsin Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar