Məhkəmə qərarları › İş №3(004)-4803/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4803/2024

30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4803/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X3, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X12 İdarəsi (BDYPİ) 29 avqust 2024-cü il tarixli, EQ seriyalı 23267231 nömrəli inzibati xəta haqqında iş üzrə elektron qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxılaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 şikayətlə məhkəməyə müraciət edərək barəsində BDYPİ-i tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, EQ seriyalı 23267231 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Bildirirəm ki, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir. Barəsində xx.xx.2024-cü il tarixli EQ 23267231 nömrəli protokol əsasında xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş və o Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə uyğun olaraq inzibati məuliyyətə cəlb olunmuşdur. Sözügedən qərardan görünür ki, o idarə etdiyi avtomobili xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmdbəyov küçəsində səkidə saxlayaraq dayanma durma qaydalarını pozmuşdur. Lakin, o həmin qərarla razı deyil, belə ki, tərəfindən İXM-in 346.9-cu maddəsinin tələbləri pozulmamışdır. Təqdim etdiyi fotoşəkillərdən və törədilməsi ehtimal olunan inzibati xətanın yerindən çəkilmiş videogörüntüdən aydın olur ki, həmin ərazidə (Bakı şəhəri, Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsində) piyadaların hərəkəti üçün xüsusi nişan və ya digər nizamlama vasitələri quraşdırılmamışdır. Həmçinin, nəqliyyat vasitələrinin saxlanması yerindən görünür ki, orada piyadaların hərəkəti qeyrimümkündür. Belə ki, nəqliyyat vasitələrinin saxlanıldığı yerə qədər və ondan sonra da piyadaların hərəkəti mümkünsüzdür. Çünki, həmin yerdə tikinti obyektləri mövcuddur. Sözügedən hal isə İXM-in 346.9-cu maddəsi ilə inzibati məsuliyyəti istisna edir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN) Baş X12 İdarəsi (BDYPİ) 29 avqust 2024-cü il tarixli, EQ seriyalı 23267231 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X12 İdarəsinin nümayəndəsi X6 bildirdi ki, avtomobili səkidə saxlamaq qanunla qadağandır, bu səbəbdən şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. X2 ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, X5 barəsində qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, EQ seriyalı 23267231 nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş BDYPİ tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, EQ seriyalı 23267231 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X7 29 avqust 2024-cü il tarixdə saat 11:46-da “Hyundai Grandeur” markalı **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Zivərbəy Əhmədbəyov 25 ünvanında nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və durmasına görə barəsində Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin 16-cı bəndinə əsasən səki - yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 10-cu maddəsinin İ hissəsinin 2-ci bəndinə əsasən avtomobil yollarının saxlanılması və abadlaşdırılması yol hərəkəti iştirakçılarının tələbatlarının maksimum ödənilməsinə və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasına xidmət etməlidir. Bu məqsədilə avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri (o cümlədən təhlükəli və çətin keçilən sahələri əks etdirən marşrut xəritələri və sxemləri), svetoforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır; 52-ci maddəsinin: İ hissəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir; İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə qeyd edir ki, inzibati orqan X5 idarə etdiyi nəqliyyat vasitəsinin səkidə dayanması qənaətinə gəlmiş və bununla da sonuncu barəsində İXM-in 346.9-cu maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Lakin, qeyd olunmalıdır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən təqdim edilmiş hadisə yerinin fotoşəkillərinə və videogörüntüyə məhkəmə iclasında baxılan zaman bu hal istisna olunur. Belə ki, həmin materiallardan aydın olduğu kimi X5 idarə etdiyi nəqliyyat vasitəsi dayandığı yer (sahə) piyadaların hərəkəti üçün nəzərdə tutulan səki anlayışını özündə ehtiva etmir. Yəni, sözügedən ərazidə bu məqsədilə yol nişanları və göstəriciləri quraşdırılmamışdır. Videogörüntüdən aydın olur ki, X5 idarə etdiyi nəqliyyat vasitəsi saxlanıldığı sahədən əvvəl və sonra piyadaların hərəkəti üçün hissə mövcud deyildir. Belə olduğu təqdirdə piyadaların təhlükəsiz hərəkət etməsi qeyri-mümkündür və bu hal özlüyündə şəxsin İXM-in 346.9-cu maddəsi ilə məsuliyyətini istisna edir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən olunmuşdur. Həmin maddədən göründüyü kimi yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi icraat zamanı İXM-in 6-cı maddəsinin (Qanunçuluq prinsipi) də tələbləri pozulmuşdur. Belə ki, həmin maddəyə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarına əsasən cinayətprosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Beləliklə, məhkəmə, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 əməlində İXM-in 346.9-cu maddəsinin əsaslarının mövcud olmaması qənaətinə gəlir. İXM-in: 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 134.1 və 134.1.3-cü maddələrinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul olunur; 135.1 və 135.1.5-1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 şikayəti təmin olunsun. X7 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, EQ seriyalı 23267231 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən qəbul edilmiş 29 avqust 2024-cü il tarixli, EQ seriyalı 23267231 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X5 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar