Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4805/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, 23 dekabr 1998-cu il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07 iyul 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, “Saipa TİBA SX minik” markalı **-HG-*** dövlət nömrə nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili etibarnamə əsasında idarə edir. 29 aprel 2025-ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi ərazisində körpünün üstü ilə Qələbə dairəsi istiqamətinə yolun sol zolağyla hərəkət edən zaman körpünü endikdən sonra sağa dönmə işarəsini yandırıb sola dönmə manevri etməyə başlamışdır. A.Salamzadə küçəsi 25 saylı ünvanın qarşısında evlərin arasına dönən zaman avtomobilin arxa hissəsinə zərbə dəydiyini hiss edib avtomobili saxlayıb enmişdir. Endikdə görmüşdür ki, sağ zolağla hərəkət edən motosiklet avtomobilin arxa sağ qanadına dəydiyi üçün sürücü yerə yıxılıb. Yekun olaraq zərəçəkmiş şəxslə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, “Tvs Raider” markalı 99-X-570 dövlət nömrə nişanlı motosiklet ona məxsusdur. Həmin motosikleti etibarnamə əsasında idarə edir. 29 aprel 2025-ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi ərazisində köməkçi yolu ilə Qələbə dairəsi istiqamətində saatda 50 km sürətlə hərəkət edən zaman A.Salamzadə küçəsi 25 saylı ünvanın qarşısına çatan zaman körpü ilə hərəkət edən tünd rəngli “Lada Priora MİNİK” markalı avtomobil dayanmadan sol zolağdan sağ zolağa keçərək qarşısına çıxmış və məsafə az olduğu üçün motosikleti saxlaya bilməmiş və motosikletin qabaq hissəsi ilə avtomobilin sağ arxa və yan hissəsinə dəyib yıxılmışdır. Hadisə zamanı sol dizi və çənəsi əzilmişdir. Yekun olaraq bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onun, Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasına dair toplanmış materialda Yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsinə görə Saipa TİBA SX minik markalı **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. 07 iyul 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29 aprel 2025-ci il tarixdə saat 17:15 radələrində “Saipa TİBA SX minik” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 may 2025-ci il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, vətəndaş Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs tərəfindən yazılmış 24 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Şəxs ilə barışmışdır. Onun Şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Saipa TİBA SX minik” markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 29 aprel 2025-ci il tarixdə saat 17:15 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Salamzadə küçəsi ərazisində Zərərçəkmiş şəxs yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini və zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4805/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4805/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver