Məhkəmə qərarları › İş №3(004)-4826/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4826/2024

07.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4826/2024 07.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X6” MMC-nin rəhbəri Şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə iştiraki ilə Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2222/2022 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X2 bildirmişdir ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 2222/2022 saylı icra vərəqəsinə əsasən “X6” MMC-dən 27999 (iyirmi yeddi min doqquz yüz doxsan doqquz) manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs QSC-nə ödənilməlidir. Lakin “X6” MMC-nin rəhbəri Şəxs icra vərəqəsinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Hazırda qeyd olunan qətnamədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X6” MMC-nin rəhbəri Şəxs tərəfindən apellyasiya şikayət verilmişdir və iş Bakı Apellyasiya Məhkəməsində icraatdadır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyətinin ona, “X6” MMC-nə qarşı 27160 manat əsas borcun, gecikdirilmiş dövr üçün 339 manat, ilkin mediasiya sessiyası üzrə xərc 200 manat və vəkilin göstərdiyi yardıma görə 300 manat, cəmi 27999 (İyirmi yeddi min doqquz yüz doxsan doqquz) manat pul məbləğinin tutularaq iddiaçıya ödənilməsini tələb etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-cü il tarixli e-2-2(113)-2222/2022 saylı qətnaməsi ilə iddiaçının iddiası təmin edilmiş və icraya yönəlmişdir, lakin onu İcra və Probasiya şöbəsinə dəvət etdikdən sonra o, qətnamənin mövcudluğu barədə məlumat almamışdır. Belə ki, iddiaçı Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etdikdən sonra məhkəmədən ona bildiriş gəlməmiş, lazımi surətdə xəbər olunmamış və məhkəmə prosesindən xəbərsiz olmuşdur. Onun iştirakı təmin olunmadan məhkəmənin məlum qətnaməsi çıxarılmışdır. Məlumat üçün bildirir ki, şəxsən o heç vaxt Zərərçəkmiş şəxs Qapalı Səhmdar Cəmiyyəti ilə müqavilə bağlamamış və heç bir sənədə imza atmamışdır. Müqavilə varsa, müqavilənin şərtlərinə əsasən, icraçı malları sifarişçiyə təhvil verməyi, sifarişçi isə satın aldığı malların əvəzində, tərəflər arasında razılaşdırılmış məbləği icraçıya ödəməyi öhdəsinə götürür. Ona təhvil verilmiş qaimələrin, təhvil-təslim aktında onun imzası olmamışdır. Malları sifariş verən şəxs Azərbaycan Respublikası CM-nin 178-ci maddəsi ilə Bakı Baş Polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. 2 il öncə onun məsuliyyətə cəlb edilməsi üçün hüquq-mühafizə və prokurorluq orqanlarına müraciətlər etmişdir. Hazırda iş Abşeron rayon prokurorluğundadır və onun barəsində də cinayət işi başlanmışdır. Məhkəmə qətnaməsini rəsmi qaydada 11 sentyabr 2024-cü il tarixdə məhkəmənin inzibati binasında aldığından Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinin tələblərinə əsasən nəzərdə tutulmuş 1 ay müddətində Bakı Apellyasiya Məhkəmsinə şikayət vermişdir. Buna görə də barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X6” MMC-nin rəhbəri Şəxs və onun nümayəndəsi və vəkili Nümayəndə müvəkkilinin verdiyi ifadənin məzmununa uyğun ifadə verərək təqdimatın təmin edilməməsini və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Məhkəmə qətnaməsini rəsmi qaydada 11 sentyabr 2024-cü il tarixdə aldıqlarından xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti vermişlər və iş hazırda icraatdadır. İş üzrə tələbkar Zərərçəkmiş şəxs QSC-nin direktoru X3 tərəfindən məhkəməyə elektron qaydada ərizdə ünvanlanaraq onun iştirakı olmadan baxış iclasının keçirilməsinə etiraz etmədiyi bildirmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2222/2022 saylı icra vərəqəsinə əsasən “X6” MMC-dən 27160 manat əsas borcun, gecikdirilmiş dövr üçün 339 manat, ilkin mediasiya sessiyası üzrə xərc 200 manat və vəkilin göstərdiyi yardıma görə 300 manat, cəmi 27999 (İyirmi yeddi min doqquz yüz doxsan doqquz) manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs QSC-nə ödənilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəhruz Bayramov tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, hazırda icra sənədinin tərtib edilməsi üçün əsas olan qətnamədən apellyasiya şikayəti verilmiş və iş hazırda Bakı Apellyasiya Məhkəməsində icraatdadır.Eyni zamanda məhkəmə iclasında müəyyən edilmişdir ki, qəbul edilmş sözügedən qətnamədən borclu hüquqi şəxsin məlumatı olmamışdır. Belə olan halda, sözügedən məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə tələbin yerinə yetirilməməsi ilə bağlı hüquqi şəxsin rəhbəri inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0 və 53.0.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, “X6” MMC-nin rəhbəri Şəxs tələbkar Zərərçəkmiş şəxs QSC-nə qarşı qərəzli şəkildə qərarın icrasından boyun qaçırmadığını, yəni icra sənədinin icrasından əsassız yerə yayınmaq faktı aşkar edilmədiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, “X6” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X6” MMC-nin rəhbəri Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar