Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4826/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, məhkəmə iclas katibi Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-nin nümayəndəsi X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 339.1 və 347-ci maddələri ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi tərəfindən toplanmış inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 21 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı Şəhəri Yasamal Rayon Polis İdarəsinin X6 Şöbəsinin 21 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir) mülkiyyətində olan “Audi Q7 MİNİK” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobili icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verdikdən sonra onu təkrar dövlət qeydiyyatından keçirməmişdir. Bundan başqa “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir) mülkiyyətində olan nəqliyyat vasitəsini idarə etmiş fiziki şəxs haqqında məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verməmişdir. Bununla da, “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1 və 347-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-nin nümayəndəsi X2 inzibati xəta haqqında protokola etiraz edərək bildirdi ki, “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC ləğv prossesindədir və ona məxsus avtomobili hər hansı üçüncü şəxsə verməmişdir. Cəmiyyətə hər hansı sorğu verilməmişdir ki, cavablandırılmamasına görə də, inzibati xəta tərkibi yaranmış olsun. “Azərkontrakt ASC-nin balansında olan “AUDİ Q7” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin başqa şəxsə icarə müqaviləsi əsasında verilməsi iş materiallarından görünmür. "xxxx" ASC tərəfindən həmin nəqliyyat vasitəsinin digər əşya hüquqlarına dair müqavilə əsasında da başqa şəxsə verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir. Protokolun tərtib edildiyi dövrdə “AUDİ Q7” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qanuni əsaslarla verilmiş yol vərəqəsi əsasında hüquqi şəxsin işçisi X3 tərəfindən idarə edilmişdir. Hansı ki, mülki qanunvericiliyin tələbləri baxımından nəqliyyat vasitəsinin yol vərəqəsi əsasında və ya bununla bağlı verilmiş etibarnamə əsasında idarə edilməsi qanuna uyğundur və bu cür sənədlər əşya hüququna dair müqavilə deyil, bir tərəfli əqd hesab olunur. Hazırkı halda iş materiallarından "xxxx" ASC-nin İXM-in 339.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi, yəni balansında olan “AUDİ Q7” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarə müqaviləsi əsasında və ya digər əşya hüququna dair müqavilə əsasında başqa şəxsə verməsi müəyyən edilmir. Yəni, mövcud material üzrə "xxxx" ASC-nin İXM-in 339.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraatın başlanmasına əsas verən inzibati xəta haqqında protokolun tərtib edildiyi vaxt "xxxx" ASCnin əməlində inzibati xəta tərkibinin olması sübuta yetirilmir. Yekun olaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini göndərməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilmişdir. Bakı şəhəri Yasamal RPİ-nin “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-yə ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan “Audi Q7 MİNİK” markalı **-AT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 07 may 2025-ci il tarixdə, saat 14:39-da Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Yasamal RPİ-nə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. DYP portalından çıxarışdan görünür ki, “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir) tərəfindən yol vərəqəsi xx.xx.2025-ci il tarixdə sistemə daxil edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə - fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-nin Azərbaycan Respublikasının İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkibini yaradır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-nin mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatların təqdim edilməsi barədə səlahiyyətli orqanın ASC (Ləğv prosesindədir)-ə ünvanladığı müvafiq sorğusu iş materiallarına əlavə edilsə də, həmin sorğunun “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-yə təqdim edilməsini (çatdırılmasını) təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş xəbərnamənin üzərində “Köçüb” xanasına işarə qoymaqla təsdiq edilmişdir. Beləliklə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir) Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 347-ci maddəsi ilə inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 339 və 347-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş 21 may 2025-ci il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir) Azərbaycan Respublikası İXM-nin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. “Azərbaycan Respublikası Dövlət Kontrakt Korporasiyası "xxxx"” ASC (Ləğv prosesindədir)-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4826/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4826/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver