Məhkəmə qərarları › İş №3(004)-4847/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4847/2024

10.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4847/2024 10.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 27-ci PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Rahil Alıyevin 06 iyul 2024-cü il tarixli qərarı ilə toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə məhsuliyyətə cəlb olunması üçün qərarın icrasının 27-ci PB-nə həvalə edilməsi qərara alınmışdır. Həmin qərar əsasında Şəxs barəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X6 tərəfindən MN seriyalı ******* nömrəli 10 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 19 aprel 2024-cü il tarixdə X2 döyərək dərəcəsi təyin olunmayan bədən xəsarətləri yetirmişdir. İnzibati xəta haqqında protokolda Şəxs İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qeyd olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin polis sahə inspektoru X6 bildirdi ki, 19 aprel 2024-cü il tarixdə X4 ərizə ilə polis bölməsinə müraciət edərək Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin məlumata əsasən araşdırma aparılmış, nəticədə toplanmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Bakı şəhər Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə göndərilmişdir. Həmin qərar əsasında Şəxs barəsində onun tərəfindən MN seriyalı ******* nömrəli 10 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, o özünü müdəfiə etmək məqsədi ilə X1 əllərindən tutmuş, lakin bu onu döymə kimi giymətləndirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, o, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. Himayəsində autizm spektrı pozuntusu olan azyaşlı oğlu var, ona daim qulluq və qayğı lazımdır. xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində azyaşlı övladını götürüb yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospektində yerləşən “Melissa Park” yaşayış kompleksinə gələn zaman övladı ilə birlikdə piyada yaşayış kompleksinin giriş hissəsinə yaxın məsafədə piyada hərəkətdə olan zaman sonradan adını bildiyi Şəxs idarə etdiyi “Toyota” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilinin gəldiyini görüb yolun dar olduğu üçün ona yol vermişdir. Bundan sonra kompleksin aşağı tərəfində giriş hissəsinə yaxınlaşan zaman şlaqbaumun yanına Şəxs idarə etdiyi “Toyota” markalı avtomobili onun üzərinə sürətlə sürdüyü üçün o, övladını əlindən tutub kənara çəkilmişdir. Öz həyatını və övladının həyatı üçün çox qorxmuş, çünki avtomobil onlara çox yaxın məsafədə olmuşdur. Bundan sonra həmin avtomobilin arxası ilə sürücünün ünvanına “korsan, görmürsən?” sözlərini demişdir. Emil də avtomobili saxlamadan hərəkətinə davam etmişdir. Bundan sonra o, yaşadığı mənzilə getmək məqsədi ilə zirzəmiyə tərəf getmişdir. Zirzəmiyə daxil olan və evə doğru gedən zaman Emilin idarə etdiyi avtomobili park edərək avtomobildə bir nəfər xanımla söhbət etdiklərini görmüşdür. O, sadəcə iradını bildirmək və təhlükəli sürdüyünü qeyd etmək üçün Emilə yaxınlaşmışdır. Emil avtomobilin sükan arxasında əyləşmişdir. O, avtomobilə sükan tərəfdən yaxınlaşıb Emilə “siz kimsiz ki, mənim üzərimə maşın sürürsüz?” dedikdə, Emilin yanında olan xanım ona “biz sizi görməmişik” deyə cavab vermişdir. Bundan sonra Emil maşından yerə düşmüşdür. O həmin vaxt əsəbi oldluğum üçün yüksək səslə Emilin ünvanına söyüş deyil, sadəcə xoşagəlməz sözlər demişdir. Mübahisə zamanı Emil onun qollarımdan tutmuşdur. Emilin yanında olan xanım Emili ondan ayırmağa çalışmışdır. Emil onu hədələyərək polisə aparacağını bildirmiş və onu iradəsinə zidd zorla avtomobilə əyləşdirməyə çalışmışdır. Autizm spektr pozuntusu olan oğlu bütün bunları görüb stressə düşərək ağlamağa başlamışdır. Yekun olaraq o Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Hazırda Şəxsla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik hüquqi şəxsinin 20 aprel 2024-cü il tarixli 410 nömrəli ”sağlamlığa zərər vurulması” ilə əlaqədar ekspert rəyinə əsasən vətəndaş X1 məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ bazunun, sol əlin 2-ci barmağının və sağ baldırın qançırları, sağ saidin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi Rahil Alıyev tərəfindən qəbul edilmiş 06 iyul 2024-cü il tarixli cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi qərarından müəyyən edilir ki, zərərçəkmiş şəxs Şəxs təqdim etdiyi və tərəfimdən götürülmüş xx.xx.2024-cü il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Zərdabi prospekti 192 ünvanda yerləşən “Melissa Park” yaşayış kompleksinin zirzəmisində X4 ilə aralarında baş vermiş dalaşma hadisəsi ilə əlaqədar həmin vaxt idarə etdiyi avtomobildə quraşdırılmış videomüşahidə cihazı vasitəsi ilə qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd disk iş üçün sübut əhəmiyyətli olduğundan maddi sübut kimi tanınsın və cinayət işinin materiallarına əlavə edilmişdir. İXM-in: 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur; 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır; 105.1-ci maddəsinə əsasən məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışması səbəbindən Şəxs barəsində başlanmış İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Qeyd olunanlara göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli 10 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar