Məhkəmə qərarları › İş №3(004)-486/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-486/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-486/2024 22.02.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Weldspec Glasgo W Limited” şirkətinin filialının nümayəndəsi X2 iştirakları ilə, Hüquqi ünvanı ünvan 1lan “Weldspec Glasgo W Limited” şirkətinin filialı (VÖEN: **********) “Weldspec Glasgo W Limited” şirkətinin filialının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “Weldspec Glasgo W Limited” şirkətinin filialının Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 10 yanvar 2024-cü il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən “Weldspec Glasgo W Limited” şirkətinin filialı tərəfindən 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" MMC-də olan bank hesabından 16 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə “Weldspec Glasgo W Limited” şirkətinin filialı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Weldspec Glasgo W Limited” şirkətinin filialının nümayəndəsi X3 izahatında bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, Cəmiyyət ilə Böyük Britaniya şirkəti olan “Johnson & Allen LTD” arasında bağlanmış 07 dekabr 2021-ci il tarixli müqaviləyə və 15 dekabr 2021-ci il tarixli 1762/WDS nömrəli invoysa əsasən 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi avans olaraq həqiqətən də Cəmiyyət tərəfindən “Johnson & Allen LTD” şirkətinin bank hesabına ödənilmişdir. Ümumilikdə 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi vəsait hesabına alınan malların Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olması faktı xx.xx.2022-ci il tarixli **********7114 nömrəli gömrük bəyannaməsi ilə öz təsdiqini tapır. Bundan əlavə bildirmişdir ki, 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində vəsaiti köçürən zaman texniki yanlışlığa yol verilərək müqavilə nömrəsi yanlış qeyd edilmişdir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “Weldspec Glasgo W Limited” şirkətinin filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan "xxxx" ASC-nin 16 dekabr 2021-ci il tarixli xarici valyutada köçürmə ərizəsindən görünür ki, “Weldspec Glasgo W Limited” şirkətinin filialının bank hesabından “Johnson & Allen LTD” şirkətinin bank hesabına 07 dekabr 2021-ci il tarixli müqaviləyə və 15 dekabr 2021-ci il tarixli 1762/WDS nömrəli invoysa əsasən 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində xarici valyutada pul vəsaiti köçürülmüşdür. İş materiallarından görünür ki, “Weldspec Glasgo W Limited” şirkətinin filialı ilə “Johnson & Allen LTD” şirkəti arasında 07 dekabr 2021-ci il tarixli müqavilə bağlanmışdır. 15 dekabr 2021-ci il tarixli 1762/WDS nömrəli invoysa əsasən malların ümumi dəyəri 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********7114 nömrəli gömrük bəyannaməsindən görünür ki, qeyd olunan tarixdə 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində mallar “Johnson & Allen LTD” şirkəti tərəfindən Azərbaycan Respublikasına ixrac edilmiş, idxalatçı isə "xxxx" MMC olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli **********7114 nömrəli gömrük bəyannaməsindən görünür ki, həmin bəyannamələr ilə idxal edilmiş mallar 16 dekabr 2021-ci il tarixli köçürmənin təyinatına uyğun deyildir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Hazırki işdə isə müəyyən edilir ki, “Weldspec Glasgo W Limited” şirkətinin filialı tərəfindən "xxxx" MMC vasitəsi ilə “Johnson & Allen LTD” şirkətinin hesabına bağlanmış müqavilə əsasında 16 dekabr 2021-ci il tarixdə 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq köçürülmüşdür. “Weldspec Glasgo W Limited” şirkətinin filialı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində vəsait dəyərində mallar “Johnson & Allen LTD” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına idxal edilməmişdir. Bununla da “Weldspec Glasgo W Limited” şirkətinin filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında “Weldspec Glasgo W Limited” şirkətinin filialının məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “Weldspec Glasgo W Limited” şirkətinin filialının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “Weldspec Glasgo W Limited” şirkətinin filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Weldspec Glasgo W Limited” şirkətinin filialı (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində inzibati xətanın obyekti olmuş 11580.00 (on bir min beş yüz səksən) İngilis funt sterlinqi məbləğində vəsaitin 20 (iyirmi) faizi həddində, yəni 2316.00 (iki min üç yüz on altı) İngilis funt sterlinqi məbləğində ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi manat məzənnəsinə uyğun olaraq inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar