Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4862/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, Barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, həmin qərarın ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 şikayət ərizəsini onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu, Ə.Əhmədov küçəsində Bravo marketin qarşısından üzü Şərifzadəyə qalxan zaman Ford markalı yük maşını yoxuşu qalxa bilməyib geri-irəli hərəkətlər etdiyindən həmin cərgədə maşınların hərəkətində sıxlıq yaranmışdır. Qəza şəraiti yarandığından maşını kənara çəkib avtomobili tərk etmədən gözləmişdir. Hərəkət normallaşandan sonra maşını sürüb yoxuşa doğru hərəkət edən zaman Ford markalı avtomobil yenidən hərəkət edərək onun qarşısını kəsmiş və o, yalnız əks istiqamətə çıxaraq qəzadan yayına bilmişdir. Ertəsi gün ona sms bildiriş gələrək 80 manat məbləğində cərimə olunduğu qeyd olunmuşdur. Hesab edir ki, qərar əsassızdır və buna görə də ləğv edilməlidir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X2 şikayəti müdafiə edərək Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin üzürlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİnin xx.xx.2025-ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X2 tərəfindən idarə etdiyi “Hyundai” markalı **-SY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə xx.xx.2025-ci il tarixdə, saat 22:06-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ərazisində yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4 maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərə məhkəmə iclasında baxış keçirilən zaman “Hyundai” markalı **-SY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrində dayanmasını və ya durmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən, Yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materialları araşdırılarkən qərar qəbul etmiş orqan tərəfindən bir sıra halların şikayət etmiş şəxsin iştirakı ilə yenidən araşdırılaraq müvafiq qərar qəbul edilməsi zərurəti yaranmışdır. Belə ki, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X2 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 346.4cü maddəsinin dispotozitiv şərtlərini sübut edən hallar tam əks etdirilməmiş, protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də, həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Odur ki, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş yenidən araşdırılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda göstərilməklə, X1 iştirakı ilə yenidən əsaslı qərar qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125.2.3.-cü maddəsinin tələblərinə görə inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi, işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü, inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd, iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi, qərardan şikayət verilməsi müddəti və qaydası göstərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, X1 şikayət ərizəsi qismən təmin edilməli, Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 125, 128-130-cu və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində İXM-nin 346.4-cü maddəsi ilə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nə göndərilsin. Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-nin xx.xx.2025-ci il tarixli, EQ 27424936 saylı inzibati tənbeh vermə haqqında qərar əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X1 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Həmin inzibati xəta haqqında işə Azərbaycan Respublikası DİN Bakı şəhər BPİ DYPİ-də yenidən baxılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4862/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4862/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver