Məhkəmə qərarları › İş №3(004)-4866/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4866/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4866/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X2, Zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxx 1999-cu ildə Saatlı rayonu, Mircəlalkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Saatlı rayonu, Soltanabad ərazi dairəsi, Soltanabad kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 26-cı PB-dən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 11 sentyabr 2024-cü il tarixdə daxil olmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Yasamal RPİ-nin 26-cı polis bölməsinin 11 sentyabr 2024-cü il tarixli qərarına və rədd materialına əsasən tərtib edilmiş 11 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 10 sentyabr 2024-cü il tarixdə X3 məxsus altı top mis naqili oğurlamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhəri Yasamal RPİ-nin 26-cı polis bölməsinin sahə inspektoru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X5 xx.xx.2024-cü il tarixdə Yasamal RPİ-nin 26-cı PB-nə ərizə ilə müraciət edərək, təxminən 3 ay bundan əvvəl Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən binanın zirzəmisində təmir işlərinə başlayan Taleh adlı şəxs tərəfindən həmin binanın zirzəmisində olan ümumi dəyəri 486 manat təşkil edən altı top mis naqilin oğurlanmasını aşkar etdiyini bildirmişdir. Daxil olmuş məlumat əsasında hadisə yeri müayinə olunmuş, hadisə yerindən fotoşəkillər çəkilərək tərtib olunmuş baxış protokoluna əlavə olunmuşdur. Həmçinin hadisəni törətmiş şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər görülməsindən ötrü tapşırıq və əməliyyat tapşırığı verilmişdir. Təhqiqat araşdırılması müddətində keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs olaraq Şəxs müəyyən edilmişdir. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, təxminən 3 ay bundan əvvəl Pərvin adlı şəxslə Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən binanın qarşısında görüşmüşdür. Həmin ünvanda yerləşən binanın zirzəmi hissəsində təmir işlərinə başlamış sonradan ehtiyacı olduğu üçün 2024-cü ilin avqust ayının sonlarında obyekt sahibinə məlumat vermədən obyekdə olan 4 top mis elektrik naqilini götürmüş və həmin naqilləri dəmir satışı məntəqəsinə 125 manat müqabilində satmışdır. Etdiyi əməlindən peşmandır. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 bildirmişdir ki, təxminən 3 ay bundan əvvəl Taleh adlı şəxslə Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən binanın zirzəmisində təmir işləri aparmaq üçün razılaşmışdır. Həmin şəxsin təmirə başladığını, təxminən 1 həftədir Taleh adlı şəxslə əlaqə saxlaya bilmədiyini, bundan sonra qeyd olunan ünvana getdiyini və həmin ünvana gedən zaman təmir işlərinin dayanmasını, anbarın qapısının bağlanmasını, açarın Taleh adlı şəxs tərəfindən aparılmasını görmüşdür. Bundan sonra qeyd olunan zirzəmiyə daxil olan zaman içəridə olan 6 top mis naqilin yerində olmamasını aşkar etmiş və qeyd olunan əmlakının Taleh adlı şəxs tərəfindən oğurlanmasını göstərmişdir. Yekun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı Akif Nəsirov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 11 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs 2024-cü ilin avqust ayının sonlarında Yasamal rayonu, H.Cavid prospekti, 528-ci məhəllədə yerləşən binanın zirzəmisindən vətəndaş Şəxs məxsus 6 top mis naqili gizli yolla talayaraq oğurlamışdır. Azərbaycan Respublikası CM-nin 177.1 maddəsinin qeyd hissəsinə görə Azərbaycan Respublikası CM-nin 177.1, 178.1 və 179.1 maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə 500 manatdan yuxarı lakin 5000 manatdan artıq olmayan məbləğdə maddi ziyan vurduğu hallarda yaranır. Toplanmış materialda qeyd olunan bu ziyan az əhəmiyyətli olduğundan oğurluq, yəni, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin tərkib əlamətlərini yaratmır. Odur ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməli və hadisəni törətmiş naməlum şəxs (şəxslər) tapılaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati qaydada tutma haqqında 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən görünür ki, Şəxs himayəsində üç azyaşlı uşağı vardır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs özgənin əmlakını talayaraq İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və himayəsində üç azyaşlı uşağının olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 10 sentyabr 2024-cü il tarixdən saat 17:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 10 sentyabr 2024-cü il tarixdən saat 17:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar