Məhkəmə qərarları › İş №3(004)-4867/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4867/2024

17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4867/2024 17.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Şəxs iştirakları ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Şəxs barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-201/2023 saylı icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X9 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 201/2023 saylı icra sənədinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-362 №-li əmri ləğv edilməli, iddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində əvvəlki vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı X7 cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X9 bildirmişdir ki, tərtib etmiş olduğu, hazırda baxılan inzibati protokolla bağlı məhkəmə araşdırması dövründə icra sənədinin icrası ilə əlaqədar borclu tərəfindən icra vərəqəsinin tam icrası istiqamətində işlər görülmüşdür.Belə ki, DƏDKR-in xx.xx.2022-ci il tarixli, K-362 №-li əmri ləğv edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək məcburi iş buraxma dövrü üçün 19845.23 manat əmək haqqı, 27 dekabr 2023-cü il tarixdən 10 oktyabr 2024-cü il tarixədək məcburi iş buraxma dövrü üçün 11095,71 manat əmək haqqı iddiaçı X7 ödənilmiş, bundan əlavə X7 müxtəlif vəzifələr təklif olunmuş, tələbkarın diqqətinə çatdırılmışdır ki, onun razılığı ilə yeni əmr tərtib olunacaq və işə bərpa olunacaqdır. Eyni zamanda icra vərəqi ilə əlaqədar tələbkarla birlikdə xx.xx.2024-cü il tarixində cavabdeh dövlət orqanının inzibati binasında aidiyyəti səlahiyyətli şəxslərlə görüş keçirilmiş və orada bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli əmrdə olan nöqsanlar aradan qaldırılmışdır və bu barədə əmrin surəti Z.Ələkbərova təqdim olunmuşdur. Bundan əlavə bildirlmişdir ki, xx.xx.2024-cü il tarixdə tələbkar ilə inzibati binada görüş keçirilərkən məhkəmə qərarının icrası ilə əlaqədar “özünün” istədiyi vəzifələr ona təklif olunmuşdur. Struktur dəyişikliyi aparıldığından Z.Ələkbərovun işlədiyi əvvəlki adda vəzifə hazırda mövcud deyildir, lakin şəxs məhz həmin adda olan vəzifəyə bərpa olunmasını israr edir.Bu səbəbdən ona analoji vəzifələr təklif olunmuşdur. Z.Ələkbərov işə bərpa olunmaq ilə bağlı əsassız tələblər irəli sürərək işəgötürənlə təşkil olunmuş görüşdən çıxıb getmişdir. Tələbkarla əlaqə saxladıqda o səhhəti ilə bağlı borclu quruma yaxınlaşa bilməyəciyini və nə vaxt sağalacağını bilmədiyini, xəstəliyin 2-3 ay davam edəcəyini bildirmişdir. Qeyd olunanları nəzərə alaraq çıxarılacaq müvafiq qərarının məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta üzrə özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, DƏDKR-in xx.xx.2022-ci il tarixli, K-362 №-li əmri ləğv edilmiş, X6 barəsində verilmiş DƏDKR-in 25 dekabr 2023-cü il tarixli, K-306 nömrəli əmrdəki texniki səhvin aradan qaldırılması və müddətsiz əmək müqaviləsi ilə 1 saylı Bakı Ərazi İdarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə bərpa edilməsi barədə əmr təqdim edilmişdir. Eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq elektron əmək müqaviləsi 30 sentyabr 2024-cü il tarixində əmək və məşğulluq altsistemi vasitəsilə Z.Ələkbərovun şəxsi kabinetinə göndərilmişdir bu barədə onun özünə məlumat verilmişdir. Eyni zamanda bildirmişdir ki, qətnamənin icrası olaraq Z.Ələkbərova 10 oktyabr 2024-cü il tarixədək məcburi iş buraxma dövrü üçün bütün əmək haqqının məbləği 19845.23 manat tam ödənilmişdir. İnzibati protokola baxılması ilə əlaqədar keçirilmiş əvvəlki məhkəmə iclasında Z.Ələkbərovun ona hazırkı dövrədək olan müddətə qədər məcburi iş buraxma dövrü üçün bütün əmək haqqının məbləği tam ödənilməsini və yalnız bundan sonra təklif olunan vəzifələrdən birini seçəcəyini bildirdiyi üçün onlar həmin tələbə uyğun olaraq hazırkı vaxtadək olan müddətə uyğun əmək haqqı hesablayaraq onun bank hesabına ödəmişlər, lakin tələbkar öz verdiyi vədinə əməl etməyərək ona təklif olunmuş vəzifələrdən birini seçməkdən müxtəlif bəhanələrlə yayınır. Hətta bu məqsədlə təşkil olunmuş, məhkəmə qətnaməsinin icrasını həyata keçirən şəxsin iştirak etdiyi görüşü əsassız yerə tərk etmişdir, ona edilən təklifləri dəyərləndirməkdən imtina etmişdir, bunula da borclu tərəfindən məhkəmə qətnaməsinin “işə bərpa olunması” hissəsinin icra edilməsinə maneə olmaqla yayınmışdır.Belə olan təqdirdə onun əməlində inzibati xəta tərkibi yaranmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında tələbkar X11 bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2996/2023 saylı, xx.xx.2023cii il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2445/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2445/2023 saylı iş üzrə qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023 – saylı xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və icra edilməsi üçün xx.xx.2023-cü ildə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesti publik hüquqi şəxsə göndərilmişdir. Lakin, tələb nöqsanlı və bir tərəfli qaydada icra edilmişdir. Belə ki, işəgötürən tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli K-306 nömrəli əmr həm nöqsanla, həm də onun razılığı olmadan 1 ay müddətinə başqa işə keçirilməklə verilmişdir. Bu da mövcud qanunlara və Yasamal Rayon Məhkəməsinin 2(104)-201-2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə ziddiyyət təşkil edir. Verilmiş suala cavab olaraq bildirmişdir ki, məhkəmənin qətmanəsinə uyğun olaraq cavabdeh qurum üzərinə düşən öhdəlikləri tam icra etməmişdir, onun iştirakı və razılığı olmadan işə qəbul edilməsi ilə əlaqədar əmr verilmişdir.O bu əmrə razı deyildir ona görə də işə çıxmamışdır.Tələbkar dövlət orqanı tərəfindən qətnamənin icrası olaraq ona hazıradək ödənilməmiş qalan məcburi işburaxma dövrü üçün bütün əmək haqqının məbləği tam ödənildiyi təqdirdə ona təqdim olunun vəzifələrdən birini seçəcəkdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadr şöbəsinin rəisi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 201/2023 saylı icra sənədinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, K-362 №-li əmri ləğv edilməli, iddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində əvvəlki vəzifəsinə bərpa olunmalı, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı X7 cavabdeh tərəfindən ödənilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokola əsasən, vəzifəli şəxs Şəxs tərəfindən icra sənədi üzrə tələbin tam şəkildə təmin edilməməsi ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayev tərəfindən icra sənədi üzrə icraata başlanılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddiaçı X6 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” (bundan sonra - DƏDKR) publik hüquqi şəxsində əvvəlki vəzifəsinə bərpa olunması, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının iddiaçıya ödənilməsi barədə xx.xx.2023- cü il tarixli, 2(004)-201/2023 nömrəli qətnamə qəbul etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 oktyabr 2024-cü il tarixli 3-21-3-02/2-12100/2024 nömrəi məhkəmə qətnaməsinin icrası ilə bağlı məktubundan görünür ki, məhkəmə qətnaməsinin icrası ilə əlaqədar X11 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı DƏDKR publik hüquqi şəxsinin müvafiq əmri ləğv edilmiş və X11 25 dekabr 2023-cü il tarixindən DƏDKR publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi idarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə bərpa edilmişdir. Z.Ələkbərova məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqı ödənilmişdir. Əvvəlki vəzifəsinə bərpa edilməsi və əmək funksiyalarının icrasına başlaması ilə əlaqədar Z.Ələkbərova bir neçə dəfə şifahi məlumat verilmiş və rəsmi qaydada məktub ünvanlanmışdır. Lakin nəzərinizə çatdırmaq istəyirik ki, X11 hazırki dövrə qədər işə çıxmaqdan imtina edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin yuxarıda adıçəkilən qətnaməsinin icrasını təmin etmək məqsədilə X11 30 sentyabr 2024-cü il tarixində DƏDKR publik hüquqi şəxsinin inzibati binasına dəvət edilərək onunla görüş keçirilmişdir. Görüş zamanı X1 qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektorunun hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsi ilə razılaşmamış və səhhəti ilə bağlı başqa vəzifədə işləmək istədiyini qeyd etmişdir. Bu səbəbdən Z.Ələkbərova istəyinə uyğun olaraq 1 saylı Bakı Ərazi idarəsinin strukturunda mövcud olan digər vakant vəzifələr təklif olunmuşdur. Lakin bütün bunlara baxmayaraq, Z.Ələkbərov həll olunmamış maliyyə məsələlərini bəhanə gətirərək müxtəlif iddialar irəli sürmüş və yalnız digər tələblərinin yerinə yetiriləcəyi təqdirdə əmək müqaviləsini imzalayacağını bildirmişdir. DƏDKR əməkdaşları tərəfindən Z.Ələkbərova dəfələrlə əmək müqaviləsini imzalayaraq əmək fəaliyyətinə başlaması təklif olunsa da sonuncu bundan imtina etmişdir. Eyni zamanda bildirilmişdir ki, 3 oktyabr 2024cü il tarixində Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin səlahiyyətli əməkdaşının və X6 iştirakı ilə DƏDKR-in Aparatının inzibati binasında yenidən görüş təşkil edilmişdir. Görüş zamanı X7 onun barəsində verilmiş 25 dekabr 2023- cü il tarixili, K-306 nömrəli əmrdəki texniki səhvin aradan qaldırılması və müddətsiz əmək müqaviləsi ilə 1 saylı Bakı Ərazi idarəsinin Qeydiyyat sənədlərinin qəbulu və vətəndaşlara xidmət şöbəsinin Sənədlərin qəbulu və verilməsi sektoruna hüquqların dövlət qeydiyyatı üzrə baş qeydiyyatçı vəzifəsinə bərpa edilməsi barədə əmr təqdim edilmişdir. Eyni zamanda qanunvericiliyin tələbinə uyğun olaraq elektron əmək müqaviləsi 30 sentyabr 2024-cü il tarixində əmək və məşğulluq altsistemi vasitəsi ilə X6 şəxsi kabinetinə göndərilməsi ilə bağlı ona məlumat verilmişdir. Bütün bunlara baxmayaraq, həmçinin əmək funksiyalarının icrasına başlaması və elektron əmək müqaviləsini imzalaması barədə DƏDKR əməkdaşlarının və Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin səlahiyyətli nümayəndəsinin təkliflərinə məhəl qoymayan Z.Ələkbərov yenidən əsassız tələblər irəli sürərək görüş yerini yarımçıq tərk etmişdir. Həmçinin, X7 20 iyul 2022-ci il tarixindən 25 dekabr 2023-cü il tarixinədək məcburi iş buraxma dövrü üçün ödənilmiş əmək haqqı və digər ödənişlər barədə ətraflı məlumatları məktuba əlavə olunmuş qoşmada təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 855 nömrəli ödəniş tapşırığından görünür ki, DƏDKR PHŞ 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən **********44109 nömrəli hesaba ( VÖEN: **********) 11095.71 (on bir min doxsan beş manat yetmiş bir qəpik) manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmurları X9, X15, iş üzrə borclu "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Şəxs hal şahidləri X8, X5 bu aktı tərtib edirik ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-201/2023 saylı 11.01,2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı iş üzrə tələbkar X11 ilə telefon rabitəsi yaradıldı, icra məmuru B.Babayev icra sənədinin icrası ilə bağlı iş üzrə tələbkara məlumat verdi. Bildirildi ki, Z.Ələkbərova xx.xx.2024-cü il tarixədək məcburi iş buraxma dövrü üçün əlavə ödəniş olunub. Həmçinin tələbkarın nəzərinə çatdırıldı ki, onunla həm icra məmuru eyni zamanda borclu qurumun əməkdaşları əlaqə saxlamış və təklif olunan üç vəzifə ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin yerləşdiyi inzibati binaya yaxınlaşmaq təklif olunmuşdur. Z.Ələkbərovun diqqətinə çatdırıldı ki, onun razılığı ilə yeni əmr tərtib olunacaq və işə bərpa olunacaq. Qeyd olundu ki, SİMA imza vasitəsi ilə ona ünvanlanan elektron əmək müqaviləsini imzalamaq təklif olundu (izah olundu ki mobil telefon ilə evdən imzalamaq mümkündür) Z.Ələkbərov öz növbəsində səhhəti ilə bağlı borclu quruma yaxınlaşa bilməyəcəyini və nə vaxt sağalacağını bilmədiyini, xəstəliyinin 2- 3 ay davam etdiyini bildirdi. Məlumat üçün qeyd olunur ki, Z.Ələkbərova yenidən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.5-ci maddəsinin tələbləri izah olundu və nəzərinə çatdırıldı ki, təklif olunan vəzifələrə münasibət bildirməsə icra sənədi icra olunmadan məhkəməyə qaytarılacaqdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadarstı və Reyestri publik hüquqi şəxsin vəzifəli şəxsi olan Rauf Abbasovun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar yoxdur. Belə ki, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)- 201/2023 saylı icra sənədindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi birincisi xx.xx.2022-ci il tarixli, K-362 №-li əmri ləğv etməli, ikincisi iddiaçı X11 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində əvvəlki vəzifəsinə bərpa etməli və üçüncüsü məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqını X7 ödəməlidir. İş materiallarında olan və məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş sənədlərdən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi qətnamənin icrası ilə əlaqədar olaraq xx.xx.2022-ci il tarixli, K-362 №-li əmri ləğv etmişdir, X7 hal hazıradək yəni 10 oktyabr 2024-cü il tarixədək olan məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqını tam şəkildə ödənilmişdir. İcra vərəqinin digər tələblə bağlı olan hissəsinin yəni şəxsin işə bərpa olunması ilə əlaqədar hissəsinin icrası ilə əlaqədar borclu dövlət orqanı (cavabdeh) tərəfindən bütün zəruri hərəkətlər edilməsinə baxmayaraq tələbkarın təqsirli hərəkətləri nəticəsində icra oluna bilinmir (icra edilməsi mümkünsüz olmuşdur). Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan gürünür ki, tələbkar Z.Ələkbərov məhkəmə icraçısı ilə birlikdə borclu dövlət orqanında məhkəmə qətnaməsinin icrası ilə əlaqədar təşkil olunmuş görüşdə iştirak etmişlər, həmin görüşdə ona və icra məmuruna məcburi işburaxmaya görə ödənilmiş məbləğ barədə məlumat verilmişdir, həmçinin Z.Ələkbərova təklif olunan vəzifəyə bərpa olunmağa razı olmaması halında digər vəzifələrə münasibət bildirilməsi təklif edilmişdir. Z.Ələkbərov işlədiyi əvvəlki vəzifəyə bərpa olunmağını israrla tələb etdiyi üçün ona məlumat verilmişdir ki, əvvəl işlədiyi vəzifə hazırda həyata keçirilmiş struktur dəyişikliyi nəticəsində mövcud deyildir, ona görə də ona analoji vəzifələr təklif olunurvə istədiyi vəzifəni seçə bilər. Bundan sonra Z.Ələkbərov əsassız tələblər irəli sürərək məhz məhkəmə qətnaməsinin icrası məqsədi ilə təşkil edilmiş görüşü tərk etməklə qətnamənin icrasına şərait yaratmamışıdr. Başqa sözlə desək tələbkar öz hərəkətləri ilə icra sənədinin icrasına mane olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs icra sənədindəki işə bərpa olunması ilə bağlı tələbin yerinə yetirilməməsinə görə məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud deyildir, yəni sözügedən məhkəmə qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə tələbin yerinə yetirilməməsi ilə bağlı hüquqi şəxsin rəhbəri inzibati məsuliyyətə cəlb edilə bilməz. Digər tərəfdən məhkəmə qeyd edir ki, iş materiallarında borclu hüquqi şəxs tərəfindən tələbkara dəfələrlə işə ona təklif olunan üç vəzifəyə təyin olunması ilə bağlı münasibət bildirməsi və bu məqsədlə publik hüquqi şəxsin ünvanına yaxınlaşması təklif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.1-ci maddələrinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin vəzifəli şəxsi Şəxs qərəzli şəkildə icra vərəqəsinin icrasından boyun qaçırmadığını, yəni icra sənədinin icrasından əsassız yerə yayınmaq faktı aşkar edilmədiyindən inzibati xəta hadisəsi yaranmamışdır. Buna görə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin vəzifəli şəxsi Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Daşınmaz Əmlakın Dövlət Kadastrı Kadastrı və Reyestri publik hüquqi şəxsinin İnsan resurslarının idarə edilməsi departamentinin direktoru barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar