Məhkəmə qərarları › İş №3(004)-4871/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4871/2024

11.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4871/2024 11.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Bakı şəhəri Yasamal RPİ-nin 29-cu PŞ-nin polis sahə inspektoru Abdul Zeynalovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonu, Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Suqovuşan kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol (tərtib edən sahə inspektoru Abdul Zeynalov) tərtib edilmişdir. Protokolda göstərilmişdir ki, Şəxs ünvan 1 ünvanında avtomobilin 2 ədəd təkərini oğurlamışdır. Bununla da, xırda talama əməli törətmişdir. Lakin məhkəmə baxışının nəticəsində şəxsin həmin inzibati xətanın törədilməsində təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmədi. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin sahə inspektoru Abdul Zeynalov məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Buna görə də onun barəsində qeyd edilən protokol tərtib edilmiş və məhkəməyə təqdim edilmişdir. Həmçinin bu iş əvvəl təhqiqatçının icraatında olmuş və 29 iyul 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edilmişdir. Belə olduqda hər bir halda protokolla məhkəməyə müraciət etməlidirlər. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk olaraq oğurluq etdiyini bildirdi. Daha sonra hakimin hadisənin təfərrüatları ilə suallarına cavab verə bilməmişdir. Hadisənin törədildiyi zaman, şərait, avtomobil və s. barədə məlumatı olmadığı bildirdi. Həmçinin bildirdi ki, onu küçədə polis əməkdaşları şübhəli şəxs qismində saxlamışlar, nədə şübhəli olduğunu bildirmədən onu polis bölməsinə aparmışlar. Polis bölməsində bir gün qaldıqdan sonra isə məhkəməyə gətirilmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, protokol İXM-nin 227-ci maddəsi ilə tərtib edildiyindən, həmin maddənin dispozisiyasına əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. İş materiallarında olan 29 iyul 2024-cü il tarixli Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara əsasən Yeni ünvan 2 ünvanında yaşayan X1 müraciəti əsasında toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin şəxsin həmin əməli törətməsinə dair, yəni xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməlinə dair hər hansı bir sübut mövcud deyildir. Şəxs verdiyi izahata əsasən müəyyən edilir ki, o, hadisənin törədildiyi zaman, şərait, təkərlərin oğurlandığı avtomobil barədə məlumatlı deyil. Bununla da həmin maddədə göstərilən əməlin məhz Şəxs tərəifndən törədilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, İXM-in 227-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə, İXP ******* saylı inzibati xəta haqqında protokol Abdul Zeynalov tərəfindən qanunsuz olaraq tərtib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar