Məhkəmə qərarları › İş №3(004)-4874/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4874/2023

15.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4874/2023 15.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Salyan rayonu, Arbatan ərazi dairəsi, Arbatan kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsinin polis sahə inspektoru X4 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhər Yasamal RPİ-nin 26-cı polis bölməsində polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən şəxs X5 protokolu müdafiə edərək bildirmişdir ki, 14 sentyabr 2023-cü il tarixdə X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edərək həyat yoldaşı Şəxs ilə münaqişə yaşadıqlarını bildirmişdir. Bundan sonra polis əməkdaşları ünvan 1 ünvanına yaxınlaşmış və Şəxs 26-cı polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olarkən Şəxs səs-küy salaraq, masanın üzərində olan əşyaları dağıtmış, əli ilə vuraraq komputeri sındırmış, otağın divar örtüyünü çırmış, bununlada bölmənin normal iş fəaliyyətini pozmağa başlamışdır. Dəfələrlə nizam-intizama dəvət edilib polisin qanuni tələbinə tabe olması deyilsədə öz qanuna zidd hərəkətlərini davam etdirmişdir. Yekun olaraq o Şəxs Azərbaycan Respublikasının İXM 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilməyərək izahatında göstərdi ki, 14 sentyabr 2023-cü il tarixdə həyat yoldaşı X3 onun barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə şikayət etmişdir. Bundan sonra polis əməkdaşları yaşadığı ünvan 1 ünvanına gələrək onu 26-cı polis bölməsinə dəvət etmişlər. O isə buna etiraz etməyərək onların avtomobilinə əyləşərək həmin polis bölməsinə getmişdir. Orada əsəbi olduğu üçün əli ilə vuraraq masanın üzərində olan komputeri sındırmış, hazırda bununla bağlı polis bölməsinə dəyən zərəri ödəməyə hazırdi. Bundan başqa o polis əməkdaşlarının dediyi heç bir hal baş verməmişdir. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşı Orxan İsgəndərov tərəfindən həmin polis bölməsinin rəhbərliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 18.32-də DİN-nin z/x daxil olan məlumatla bağlı əməliyyat qrupu Ə.Hüseynzadə küçəsində vətəndaşın ev ünvanında olmuşlar və Şəxs izahatı alınması üçün PB-ə dəvət olunmuşdur. xx.xx.2023-cü il tarix saat 19:16-da PB-ə daxil olarkən səbəbsiz səs-küy yaradaraq qeyri etik hərəkətlərə yol verib NH-nin iş fəaliyyətini 8- 10 dəqiqə müddət ərzində kobud şəkildə pozmuşdur. Həmin vətəndaş nizam intizama dəvət olunsada eyni əməlini təkrarlamışdır. Eyni zamanda PB-də məlum olmuşdur ki, vətəndaş T.Şəxs barəsində 05.08.23-cü il tarixdə 1 HK-1587 saylı nömrə ilə qeydiyyata alınmış həyat yoldaşı X1 234-cü maddə ilə təhqiqatçı polis mayoru Natiq Abdullayevdə narkotik maddə qəbul edərək ünvana gəlib onu ölümlə hədələməsi barədə araşdırması olmuşdur. Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə xidməti növbədə olan zaman DİN-nin mərkəziləşdirilmiş 102 zəng mərkəzi sistemindən “Ailə münaqişəsi” başlığı ilə X1 əri Şəxs tərəfindən yaşadıqları ünvan 3 ünvanında münaqişə olması ilə bağlı daxil olmuş və “Hadisələrin qeydiyyatı” kitabında 2862 nömrəsi ilə qeydə alınmış məlumat əsasında əməliyyat qrupu qeyd olunan ünvana gedərək Şəxs PB-nə dəvət etmişdir. PB-nə daxil olarkən Şəxs özünü çox aqressiv və qeyri etik apararaq əməkdaşlara “jarqon” sözlərlə müraciət etmiş, etik qaydalara riayət etməyərək digər vətəndaşların olmasına baxmayaraq nalayiq küçə söyüşləri işlətmiş ona dəfələrlə sakitçiliyə və qanuna riayət etməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq daha da aqressivləşərək özünün guya əsəbi olduğunu göstərməklə qışqırıb xidməti otaqda inventar komputeri və stolüstü əşyaları dağıtmaqla eyni zamanda fiziki güc işlətməyə cəhd göstərmişdir. Onun bütün qanunsuz hərəkətlərinin qarşısı alınmışdır. Bundan əlavə Şəxs barəsində xx.xx.2023-cü il tarixdə həyat yoldaşı V.Z.Məlikova tərəfindən ərinin narkotik vasitə istifadəçisi olması və narkotikin təsiri altında evə gələrək onu öldürməklə hədələməsi barədə daxil olmuş və “Cinayət xarakterli məlumatların qeydiyyatı” kitabında 1587 sayı ilə qeydə alınmış məlumat əsasında sorğu-sual edilərkən yenidən iş rejimini pozmaqla aqressivlik göstərib küçə sözləri və qeyri etik ifadələrlə qışqırıb “onun necə yaşamasının, narkoman olmasının öz şəxsi işi olması və polisin burnunu soxmaması”nı qışqır-bağır salmaqla bildirmişdir. Şəxs ümumilikdə PB-nin iş rejimini davamlı ola 19:17-dən 19:37-dək olmaqla ümumilikdə 20 dəq müddətinə pozmaqla heç bir qanuni tələbə tabe olmamışdır. İnzibati qaydada tutma haqqında 14 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 19:10-da inzibati qaydada tutulmuşdur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu ərazisində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs 14 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri Yasamal RPİ-ni 26-cı polis bölməsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Bütün bunlar məhkəməyə Şəxs hərəkətlərində ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən qanuni tələb irəli sürən polis işçisinə tabe olmama kimi halların, yəni İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə nəticəyə gəlməyə əsas verir. İXM-in: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə, İXM-in 31.2-ci maddəsinə əsasən Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, xətanın xarakterini, onun şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Şəxs həbsetməsinin əvvəlinin hansı vaxtdan hesablanmasına dair məhkəmə qeyd edir ki, Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni 14 sentyabr 2023-cü il tarixdən saat 19:10-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli 14 sentyabr 2023-cü il saat 19:10-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar