Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4887/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx xxxx 1987-ci il tarixdə Daşkəsən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 iyul 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, təxminən beş ildir "xxxx" MMC-də ayıq sürücü işləyir. 02 may 2025-ci il tarixdə təxminən saat 23:30 radələrində şirkətə ayıq sürücü lazım olunması barədə sifariş gəlmiş və sifarişi qəbul edərək “28 Mall” ticarət mərkəzinə getmişdir. Orada adını, bilmədiyi müştəriylə əlaqə saxlayıb görüşdükdə müştəri içkili olduğunu bildirərək avtomobilini idarə etmək lazım olduğunu bildirmişdir. Müştəriyə məxsus qara rəngli “Hyundai Sonata MİNİK” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarını götürüb sükan arxasına oturmuş və sonra müştəri qabaq sərnişin oturacağına, daha iki nəfər isə arxa oturacaqa əyləşmiş və hərəkətə başlamışdır. İlkin olaraq Tbilisi prospektində yerləşən “Grand Həyat” yaşayış massivinə getməli idi. Z.Əhmədbəyov küçəsi ilə sol zolağla hərəkət edən zaman “Caspian Plaza” ticarət mərkəzinin arxasına çatmamış yuxuladığı üçün idarə etdiyi avtomobil yolun sağında dayanmış avtomobillərə zərbə ilə dəyəndə ayılmışdır. Ayıldıqda görmüşdür ki, idarə etdiyi avtomobil yolun solunda dayanmış gümüşü rəngli “Mercedes Benz MİNİK” markalı avtomobilə dəymiş, sonra isə həmin avtomobil zərbədən qarşısında dayanan ağ rəngli “BMW” markalı avtomobilə dəymişdir. Yekun olaraq zərəçəkmiş şəxslə barışdığı üçün məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin təbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahatında bildirmişdir ki, 03 aprel 2025-ci il tarixdə axşam radələrində dostları Orxan və Muradla görüşüb “28 May” metro stansiyasının yaxınlığında yerləşən restoranda yeyib içmişlər. Nahar yemək zamanı içki qəbul etdiklərinə görə Orxan avtomobili idarə etməmək üçün *5959 nömrəsinə zəng edərək ayıq sürücü sifariş etmişdir. 04 aprel 2025-ci il tarixdə saat 00:05 radələrində ayıq sürücü ilə görüşüb Orxan avtomobili ona təhvil verdi. Sonra o ve dostları avtomobilə əyləşdikdən sonra sürücü hərəkətə başlamışdır. O ve dostları avtomobildə aralarında söhbət edib gülüb danışan zaman birdən avtomobil zərbə ilə nəyəsə dəymişdir. Avtomobildən endikdə görmüşdür ki, ayıq sürücü məlum olmayan səbəbdən surətlə sürərək yolun solunda dayanmış avtomobillərə dəymişdir. Hadisə zamanı o, Orxan və Taryel xəsarət aldığı üçün Travmatologiya İnstitutuna müraciət etmişlər. Yekun olaraq bildirmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onun, Şəxs qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdirlər. Məhkəmə işə Bakı şəhəri Yasamal RPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarına olan və məhkəmə iclasında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, X1 yol-nəqliyyat hadisəsi zamanı xəsarət almasına dair toplanmış materialda Yol-nəqliyyat hadisəsi törədərək zərərçəkmiş şəxsin sağlamlığına YÜNGÜL dərəcəli bədən xəsarəti yetirməsinə görə “Hyundai Sonata MİNİK” markalı **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilmişdir. 01 iyul 2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 may 2025-ci il tarixdə saat 00:22 radələrində “Hyundai Sonata MİNİK” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 01 iyul 2025-ci il tarixli qərardan görünür ki, məhkəmə-tibbi ekspertizasının rəyində göstərilmişdir ki, vətəndaş X1 bədən səthində aşkar edilmiş xəsarətlər-sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. X3 tərəfindən yazılmış 29 iyul 2025-ci il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Şəxs ilə barışmışdır. Onun Şəxs qarşı şikayət və tələbi yoxdur. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs “Hyundai Sonata minik” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla 04 may 2025-ci il tarixdə saat 00:22 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Əhmədbəyov küçəsi ərazisində X2 yüngül bədən xəsarətinin yetirilməsinə səbəb olan yol-nəqliyyat hadisəsini törətmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs təqsirini etiraf etməsini və zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini xarakretizə edən halları, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, hadisədən sonra zərərçəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4887/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4887/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver