Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4891/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1992-ci il tarixdə Hacıqabul rayonu, Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Yasamal Polis İdarəsinin 27-ci Polis Şöbəsindən daxil olmuş 13 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:58 radələrində Yasamal rayonu, Qələbə dairəsində YPX əməkdaşı tərəfindən saxlanılaraq avtomaşının duracağa yerləşdirilməsi zamanı polisin qanuni tələblərini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin sahə inspektoru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində Yasamal rayonu, Qələbə dairəsində Şəxs YPX əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. YPX əməkdaşlarının raportu əsasında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixdə YPX əməkdaşı ona saxla əmri vermiş, o da öz növbəsində əmrə tabe olaraq idarə etdiyi avtomobili saxlamışdır. Daha sonra polis əməkdaşı avtomobilin arxa dövlət qeydiyyat nişanının görsənmədiyini və arxa şüşənin silgəci olmadığını və avtomobilin duracağa getməli olduğunu bildirmiş, o da qarşılıq olaraq öz etirazını bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs avtomobilin qeydiyyat şəhadətnaməsinin üzərində olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsi yol-patrul xidməti inspektoru X3 göstərmişdir ki, xx.xx.2024-cü il tarixində, Yasamal rayonu, Qələbə dairəsində xidmətdə olan zaman “Fiat Doblo” markalı avtomobil tərəflərindən saxlanılmış, sürücüyə yaxınlaşıb özlərini təqdim edib, qayda pozuntusu törətdiyini izah edərək sənədləri tədim etməsini tələb etmişlər. Lakin sürücünün üzərində avtomobilin qeydiyyat şəhadətnaməsinin olmaması, həmçinin avtomobilin arxa dövlət qeydiyyat nişanının görünməməsi və arxa şüşəsinin silgəcinin olmamasına görə protokol yazılaraq duracağa yerləşdiriləcəyini bildirdikdə sürücü onlarla aqressiv danışmağa başlamışdır. Sürücünü nizam intizama dəvət etsələr də polisin qanuni tələblərinə məhəl qoymamış, daha sonra sürücünü polis bölməsinə dəvət etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 13 sentyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:58 radələrində Yasamal rayonu, Qələbə dairəsində YPX əməkdaşı tərəfindən saxlanılaraq avtomaşının duracağa yerləşdirilməsi zamanı polisin qanuni tələblərini pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “İnzibati qaydada tutma haqqında” 13 sentyabr 2024-cü il tarixli, AZA 00461 saylı protokoldan görünür ki, Şəxs 13 sentyabr 2024-cü il tarixdə, saat 11:30-da tutulmuşdur. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 50 manat məbləğində cərimə edilmişdir. Portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2014-cü il təvəllüdlü X7 və xx.xx.2018-ci il təvəllüdlü X8 adında övladları vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi məhkəmə iclasında verilmiş izahatlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi iki azyaşlı övladının olmasını, məhkəmə qaydasında inzibati məsuliyyətə cəlb edilmədiyini, məsuliyyətini ağırlaşdıran halın olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində, AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək AR İXM-nin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4891/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4891/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver