Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4892/2024 13.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri X8 İdarəsinin Yol patrul xidməti baş inspektoru polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx xxxxxxx 2000-ci ildə Naxçıvan MR, Babək rayonu, Nehrəm kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1, 332.3, 342.1.3, 511.1.1 və 511.1.2-ci maddələri ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər X8 İdarəsinin Yol patrul xidməti baş inspektoru polis mayoru X3 tərəfindən tərtib edilərək məhkəməyə təqdim edilmiş 13 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 02:35-də «Chevrolet Onix Premier1 minik» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1, 332.3, 342.1.3, 511.1.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri DYPİ Yol patrul xidməti baş inspektoru X3 tərtib etdikləri inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində “Təhlükəsiz şəhər” videokameraları vasitəsilə müəyyən edilmişdir ki, X4 “Chevrolet Onix Premier1” markalı **- AG-*** dövlət qeydiyyat nişanlı avtomobillə davamlı olaraq yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq əməlini törətmişdir. Göstərilənləri nəzərə alaraq X4 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclasında özünü təqsirli bilərək əməlindən səmimi peşman olduğunu, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 narkotik vasitə istifadə etdiyi üçün reabilitasiya mərkəzində müalicə aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 13 sentyabr 2024-cü il tarixli, İXP seriyalı ******* saylı protokoldan görünür ki, X4 xx.xx.2024-cü il tarixdə, saat 02:35-də «Chevrolet Onix Premier1 minik» markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1, 332.3, 342.1.3, 511.1.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İnzibati xəta haqqında protokolun barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı qrafasında olan yazıdan görünür ki, X4 protokolun surətini almış, inzibati xəta haqqında protokolu imzalamış, həmçinin bir daha avtomobili sürücülük vəsiqəsi olmadan idarə etməyəciyini bildirərək avtoxuliqanlıq hərəkətlərindən çox peşman olduğunu qeyd etmişdir. İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 332.2 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. X2 Bakı şəhər BPİ DYPİ-də verdiyi izahatdan görünür ki, o, törətdiyi əməldən peşman olaraq bir daha belə hallara yol verməyəciyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş videogörüntüdən görünür ki, X4 tərəfindən dəfələrlə avtoxuliqanlıq hərəkətlərinə yol verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 511.1.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; 511.1.2-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın X4 tərəfindən törədilməsi protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatları ilə yanaşı, videogörüntü və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.4, 332.1, 332.3 və 342.1.3-cü maddələri ilə məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.4, 332.1, 332.3 və 342.1.3-cü maddələri nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan məhkəmə hesab edir ki, X2 AR İXM-nin 327.4, 332.1, 332.3 və 342.1.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Bakı şəhəri Baş Polis İdarəsi X8 İdarəsinə göndərilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi X2 törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını, gənc olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 511.1.1 və 511.1.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən onun barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs tətbiq edilsin. X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.4, 332.1, 332.3 və 342.1.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə münasibət bildirilməsi üçün qərarın surəti Bakı şəhəri DYPİ-nə göndərilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 13 sentyabr 2024-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X5 Saxlanılma Mərkəzinə tapşırılsın və X2 Saxlanılma Mərkəzinə təhvil verilməsi Yasamal RPİnin 28-ci Polis Şöbəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-4892/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4892/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver