Məhkəmə qərarları › İş №3(004)-4902/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4902/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4902/2025 30.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN BDYPİ-nin 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki, 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli inzibati tənbeh vermə haqqında qərarla AR İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrinə əsasən məsuliyyətə cəlb edilərək 400 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən qərar ona rəsmi qaydada təqdim edilməyib. Bununla bağlı yalnız yazılı müraciəti əsasında 05 iyul 2025-ci il tarixdə məlumatlı (rəsmi qaydada pdf formatda inzibati tənbeh vermə haqqında qərarlar təqdim edilib) olmuşdur. Aşağıdakılara əsasən EQ 27189716 saylı 07 aprel 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməli və elektron sistemdən silinməlidir. 1. Onun sürücülük hüququ xx.xx.2024-cü il tarixdən məhdudlaşdırılıb. Həmin vaxtdan etibarən heç bir nəqliyyat vasitəsi idarə etmir. 2. Mülkiyyətində olan **-MY-*** qeydiyyat nişanlı avtomobildən istifadə edilməsinə dair səlahiyyətləri xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək X4 notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında ötürmüşdür. 3. Lakin ona avtomobili idarə edən Mirilyas Mövsümov bildirdi ki, 2025-ci ilin yanvar ayından iyun ayınadək avtombillə bağlı ona cərimə yazılıb. Bu halın qeyri-mümkün olduğunu bildirsə də, həqiqətən müəyyən etdi ki, xx.xx.2025-ci il tarixli EQ25729697 saylı qərara görə 640 (altı yüz qırx) manat, xx.xx.2025-ci il tarixli EQ26363592 saylı qərara görə 576 (beş yüz yetmiş altı) manat, xx.xx.2025-ci il tarixli EQ26908977 saylı qərara görə 480 (dörd yüz səksən) manat, xx.xx.2025-ci il tarixli EQ27189716 saylı qərara görə 432 (dörd yüz otuz iki) manat, xx.xx.2025-ci il tarixli EQ27370208 saylı qərara görə 400 (dörd yüz) manat, xx.xx.2025-ci il tarixli EQ27738521 saylı qərara görə 400 (dörd yüz) manat, xx.xx.2025-ci il tarixli EQ27780130 saylı qərara görə 400 (dörd yüz) manat, xx.xx.2025-ci il tarixli EQ27853951 saylı qərara görə 360 (üç yuz altmış) manat, xx.xx.2025-ci il tarixli EQ28202904 saylı qərara görə 360 (üç yüz altmış) manat və xx.xx.2025-ci il tarixli EQ28318005 saylı qərara görə 360 (üç yüz altmış) manat cərimə edilmişdir. Lakin həmin inzibati tənbeh vermə haqqında qərarlar rəsmi qaydada ona təqdim edilməyib. 4. Halbuki həmin vaxtlarda o ümumiyyətlə avtomobilin sükan arxasında belə əyləşməmişdir. Avtomobili idarə etmədən söhbət gedə bilməz. 5 Tərtib edilmiş inzibati xəta haqqında protokol və qərarlarda onun fotoşəkili ola bilməz Qeyd olunan hallara görə hazırda qanunsuz şəkildə üzərində cəmi 4408 (dörd min dord yüz səkkiz) manat cərimə vardır və mütləq şəkildə silinməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası DİN BDYPİ-nin 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası DİN BDYPİ-nin tərtib etdiyi 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilmiş orqana qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, orqan məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qərarından şikayət verilmiş orqanın səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİninə göndərilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası DİN BDYPİ-nin 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X6 “Hyundai Genesis G80 MİNİK” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə 07 aprel 2025-ci il tarixdə, saat 13:03-də dayanma və ya durma qaydalarını pozmağa və nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1 və 332.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat miqdarında cərimə edilmişdir. ƏN-Vİİ №822926 nömrəli etibarnamədən görünür ki, X6 “Hyundai Genesis G80 MİNİK” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü il tarixdən xx.xx.2028-ci il tarixədək idarə edilməsi üçün X5 etibar etmişdir. X7 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, şəxs **-MY-*** dövlət qeydiyyat nişanlı “Hyundai Genesis G80 MİNİK” markalı nəqliyyat vasitəsinə yazılmış protokolların ona məxsus olduğunu, lakin cərimələrin X3 hesabına yazıldığını qeyd etmişdir. Həmin Məcəllənin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın (Nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə- dörd yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən bu Məcəllənin 346.2–346.9-cu maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dayanma və ya durma qaydalarını pozmağa görə şəxslər iyirmi manat məbləğində cərimə edilir. Qeyd edilən İdarənin 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli inzibati tənbeh vermə haqqında qərar məhkəmə iclasında tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin sənədlərdə X6 tərəfindən törədilməsi iddia edilən Azərbaycan Respublikası İXM-nin 332.3 və 346.1-ci maddələrinin dispozitiv şərtlərini sübut edən hallar tam əks olunmamış, protokolu tərtib etmiş AZƏRBAYCAN RESPUBLİKASİ DİN BDYPİ məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq təkzibedici sübutları, hadisəni əks etdirən foto və video materialları məhkəməyə təqdim etməmişdir. Beləliklə də həmin hadisənin baş vermə şəraiti qeyri-müəyyən olduğundan şikayət üçün əsas olmuş halların məhkəmə prosesində araşdırılması mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə görə Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. İş materiallarından müəyyən edilmişdir ki, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakı olmadan baxılaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X9 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İXM-nin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ninə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 şikayəti qismən təmin olunsun. Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən qəbul edilmiş 07 aprel 2025-ci il tarixli EQ seriyalı 27189716 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası DİN BDYPİ-ninə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar