Məhkəmə qərarları › İş №3(004)-4923/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4923/2022

21.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4923/2022 21.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X4 iclas katibliyi ilə, Müdafiəçi: X5 iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, müəllimə işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal rayonu İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru Bəxtiyar Babayev) tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-676/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs “X8 Limited” Şirkətinin xeyrinə 300.000 manat məbləğində pul ödənilməlidir. Borclu icra vərəqəsində göstərilən tələbi tam icra etməmişdir və hazırkı vaxtadək yalnız 10.000 manat ödəniş etmişdir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Borclu Şəxs bildirdi ki, qətnamənin icrasından yayınmır. əslində həmin borc onun ərinin işlədiyi xarici şirkətlə bağlı əri ilə şirkət ayasında yaranmış məsələdir və həmin borc həmin şirkətə digər bir xarici şirkət tərəfindən tam ödənilmişdir. Lakin sonradan yaranmış mübahisə nəticəsində xarici şirkət pulu yenidən qətnamədə göstərildiyi üçün ondan tələb edir. İcra vərəqəsi əvvəllər də icraya yönəlib, lakin sonradan şikayət verildiyi üçün icraat dayanıb. Sonradan 2-ci dəfə də icraata yönəlib, lakin icra məmuru onu xəbərdar etməmişdir. Yalnız xx.xx.2022-ci ildə icra məmuru onu icra sənədi barədə xəbərdar etmişdir. O müəllimə işləyir, azyaşlı uşaqları vardır, 900 manat maaş alır. Bununla belə icradan yayınmır, icra məmuru onu xəəbərdar etdikdən sonra qohumlarından borc götürüb 10.000 manat ödəniş etmişdir. Həmçinin icra məmurundan xahiş etmişdir ki, tutmanı onun maaşına yönəltsin və bundan əlavə də imkanı olduqca əlavə də pullar ödəyəcəkdir. Borclu Şəxs İskəndərovnın müdafiəçisi X11 bildirdi Şəxs barəsində tərtib edilmiş protokol əsassızdır. Çünki əslində borc ödənilmişdir, xarici şirkət tərəfindən pul həmin Türkiyə şirkətinə tam ödənilmişdir. Lakin bu barədə sübutları icra məmuru sorğu verib götürməmişdir. Bundan əlavə icra məmuru bildirir ki, qətnamə çıxarılandan sonra Şəxs 2019-cu ildə 800.000 manata ev satıb, lakin borcunu ödəmədiyi üçün icra məmuru hesab edir ki, icradan yayınır. Lakin heç də elə olmamışdır, satılan ev məhz qətnamədə göstərilən evdir. Həmin ev satılarkən icraat dayandırılmışdır, bu səbəbdən də evin satılması qətnaməni icra etməməklə bağlı əlaqələndirilə bilməz. Həmçinin əslində tərəflər öz aralarında mübahisəni həll etmişlər. Bu barədə razılaşmalarının olması məhkəmə məhkəmə qərardadında da öz əksini tapmışdır. Lakin sonradan qarşı tərəf qətnamənin icrasını tələb etmiş, buna görə də icra vərəqəsi yenidən xx.xx.2020-ci il tarixdə icraya yönəlmiş və borcluya könüllü icra barədə bildiriş verilmişdir. Həmin bildiriş Şəxs verilməmişdir, bildirişdəki imza ona məxsus deyildir. Həmin icra sənədi barədə Şəxs yalnız xx.xx.2022-ci il tarixdə məlumatlandırılmış və bu barədə onun izahatı alınmışdır. Şəxs müəllimə işləyir, 900 manat maaş alır. Tutmanın onun maaşına yönəldilməsinəə etirazı olmamışdır. İcra məmurunun təqdimatı ilə Şəxs ərinə məxsus evin və avtomobilin üzərinə həbs qoyulması tələb edilsə də, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Bununla belə borclu xx.xx.2022-ci il tarixdə icra sənədi barədə xəbərdar edildikdən sonra, qohumlarından topladığı 10.000 manat pulu ödəniş etmişdir. Digər məbləği də borc xərc də olsa tapıb ödəyəcəkdir. Həmçinin icra məmuru tələbi onun maaşına da yönəltməsinə etirazı yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu uzun müddətdir ki, pulu ödəmir. Tələbkar xarici şirkətdir. Məhz həmin şirkətə satılmış evi icra sənədi icraya yönələndən sonra borclu 800.000 manata satmış, lakin tələbkara ödəməli olduğu 300.000 manatı ödəməmişdir. Bu halın özü də göstərir ki, borclu icradan yayınır. Həmçinin 2019-cu ildən artıq 3 ilə yaxın vaxt keçir. Bu müddət ərzində icra sənədi icra edilməmişdir. Göstərilənləri nəzərə alarq ən ciddi tənbeh tətbiq edilməsiin məhkəmədən xahiş etdi. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Bəxtiyar Babayev məhkəməyə verdiyi izahatında bildirdi ki, icra sənədi ilk əvvəl 2019-cu ildə icraya yönəldilmişdir. Bundan sonra borclu özünə məxsus evi 800.000 manata satmışdır, lakin ödəniş etməmişdir. Sonradan tərəflər apellyasiya şikayəti vermiş, bundan sonra şikaytlərindən imtina etdikdən sonra, apellyasiya icraatına xitam verilmişdir, bu səbəbdən də icra sənədi yenidən xx.xx.2020-ci il tarixdə icraya yönəldilmişdir. İcra tədbirləri ilə bağlı əmlak üzərinə həəbs qoyulması, ölkədən getmə hüququnun məhdudlaşdırılması və digər Həmçinin göstərdi ki, borclunun əmlakı, gəlirləri barədə sorğular verilmiş, adına hər hansı bir əmlak və pul olması, banklarda hesabında pul olması aşkar edilməmişdir, yalnız müəlllimə işləməklə 898 manat əmək haqqı alması müəyyən edilmişdir. məsələlərlə bağlı məhkəməyə təqdimatlar verilmiş. İcra sənədinin icrasına hələki nail olunmamışdır. xx.xx.2022-ci il tarixdə borclunun izahatı alınmış, bundan sonra borclu 10.000 manat ödəniş etmişdir. Lakin həmin məbləğ də az olduğu üçün, protokol tərtib edilib məhkəməyə təqdim edilmişdir. Buna görə də borclu barəsində tədbir görülməsini xahiş etdi. İcra məmuru icra işini məhkəməyə təqdim etmişdir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sonrğulara cavab olaraq, borclunun adına tutmanın yönəldilə biləcək əmlakı, gəliri və bankda pul olması müəyyən edilməmişdir. Yalnız icra işindəki elektron məhkəmə sistemi məlumatlarına əsasən Şəxs Bakı şəhər üzrə Təhsil İdarəsində müəllimə işləyir və 898,67 manat maaş alır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirdərək, aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. İşin mübahisəsiz halı kimi müəyyən edilir ki, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-676/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs “X8 Limited” Şirkətinin xeyrinə 300.000 manat məbləğində pul ödənilməlidir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası barədə bildirişə əsasən borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu xx.xx.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 24 may 2019-cu il tarixli cavab məktubuna əsasən borclu Şəxs adına heç bir əmlak mövcud deyil. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 12 may 2019-cu il tarixli cavab məktubuna əsasən borclu Şəxs məxsus qazan və ya qaldırıcı qurğu Agentlikdə Dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 03 may 2019-cu il tarixli cavab məktubuna əsasən borclu Şəxs adına "xxxx" ASC-də hər hansı bank hesabı mövcud deyil. İş materiallarında olan AR Kənd Təsərrüfatı Nazirliyi yanında Baş Dövlət Texniki Nəzarət Xidmətinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 14may 2019-cu il tarixli cavab məktubuna əsasən borclu Şəxs adına heç bir nəqliyyat vasitəsi qeydiyyata alınmamışdır. İş materiallarında olan AR Milli Depozit Mərkəzinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 16 may 2019-cu il tarixli cavab məktubuna əsasən AR Milli Depozit Mərkəzinin uçot sistemində borclu Şəxs barədə heç bir məlumat mövcud deyil. İş materiallarında olan "xxxx" ASC-nin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 21 may 2019-cu il tarixli cavab məktubuna əsasən borclu Şəxs adına "xxxx" ASC-də heç bir əmanət və hesablaşma hesabları yoxdur. İş materiallarında olan "xxxx" QSC-nin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 23 may 2019-cu il tarixli cavab məktubuna əsasən borclu Şəxs “Orca Offshore FZC” şirkətinin "xxxx" QSC-də olan cari AZN hesabının xx.xx.2019cu il tarixinə qalığı 68062,40 AZN, cari ABŞ dolları hesabının xx.xx.2019-cu il tarixinə qalığı 0,49 ABŞ dolları, cari avro və Böyük Britaniya funt sterlinqi hesablarının xx.xx.2019cu il tarixinə qalıqları isə 0 təşkil edir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 22 may 2019-cu il tarixli cavab məktubuna əsasən borclu Şəxs İdarə tərəfindən pensiya ödənilmir. İş materiallarında olan borclu Şəxs Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı 02 dekabr 2019-cu il tarixli ərizəsində göstərilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-676/2019 saylı 12 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən X2 “X8 Limited” Şirkətinin xeyrinə xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 53 saylı notariat kontorunda bağlanmış və 4Ə-1093 reyestrdə təsdiq edilmiş alqı-satqı müqaviləsi üzrə ödənilmiş 300.000 (üç yüz min) manat məbləğində pul tutulması qət edilmişdir. Həmin qətnamə icra edilməsi üçün Yasamal Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra işi ilə bağlı olaraq bildirmişdir ki, həmin qətnamədən cavabdeh tərəf apelyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsində işin baxılması 12 dekabr 2019-cu il tarixə təyin edilmişdir. Məhkəmə bildirişini və apellyasiya şikayətinin surətini təqdim etmişdir. İcra sənədi üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almadığı üçün icra işinin dayandırılması zərurəti vardır. Qeyd olunanları nəzərə alıb, o, icra işinin icraatının dayandırılmasının təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan tələbkarın nümayəndəsi, vəkil X13 tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli apelyasiya şikayətinə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-676/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmiş və qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan tələbkarın nümayəndəsi, vəkil X13 tərəfindən verilmiş 19 sentyabr 2019-cu il tarixli apelyasiya qərardadının icra edilməsi barədə ərizəyə əsasən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-676/2019 saylı, 12 fevral 2019-cu il tarixli qətnaməsinin icra edilməsini, Şəxs “X8 Limited” Şirkətinin bank hesabına 300000 manat pulun keçirilməsinin təmin olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-13047/2019 saylı, 12 dekabr 2019-cu il tarixli qərardadına əsasən tələbkarın nümayəndəsi tərəfindən verilmiş apelyasiya şikayətindən onun imtinası qəbul edilmiş və tələbkara münasibətdə apelyasiya icraatına xitam verilmişdir. Bundan sonra iş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin borclu Şəxs ünvanladığı tələbin könüllü icrası barədə bildirişə əsasən borcluya 10 günlük müddət verilmişdir, bu barədə borclu xx.xx.2020-ci il tarixdə rəsmi qaydada məlumatlandırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin 20 iyul 2020-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına əsasən Abdulla X1 mülkiyyətində olan Bakı şəhəri, Mehman Bünyadzadə küçəsi, ev 253, 35 saylı mənzilin və “X20 H6” minik markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borclu X3 payı həcmində həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. İş materiallarında olan Yasamal Rayon Qeydiyyat Şöbəsinin Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubuna əsasən Şəxs ilə Abdulla X7 24 fevral 2001-ci il tarixdə 252 saylı aktla Səadət Sarayında nikaha daxil olmuşdur, nikahın pozulması aşkar edilməmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin 23 oktyabr 2020-ci il tarixli borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına əsasən Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-791/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qərardadına əsasən təqdimat təmin edilmiş, borclu Şəxs ölkədən getmək hüququ icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin 18 yanvar 2021-ci il tarixli borclunun əmlakı üzərinə həbs qoyulması barədə təqdimatına əsasən Abdulla X1 mülkiyyətində olan Bakı şəhəri, Mehman Bünyadzadə küçəsi, ev 253, 35 saylı mənzilin və “X20 H6” minik markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə borclu X3 payı həcmində həbs qoyulması məsələsinə baxılmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-72/2021 saylı, 23 fevral 2021-ci il tarixli qərardadına əsasən təqdimat rədd edilmişdir. İş materiallarında olan Şəxs İskəndərovnın Yasamal Rayon İcra Şöbəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli izahatında göstərmişdir ki, iş üzrə tələbkar olan şirkətin təsisçisinin məhkəmə qərarına əsasən onlara 357.000 manat borcu vardır. Həmin iş Səbail rayon icra şöbəsinin icraatındadır. Həmçinin izahatında da bildirmişdir ki, bu borcu əslində həyat yoldaşı tam şəkildə ödəmişdir, lakin sübutları yoxdur. Həmçinin icra sənədi ilə bağlı onları son bir ildə heç kim axtarmamış. İş materiallarında olan "xxxx" ASC Badamdar Filialı tərəfindən verilmiş xx.xx.2022ci il tarixli qəbzə əsasən Şəxs tərəfindən Yasamal aryon İcra Şöbəsinin depozit hesabına 10.000 manat pul ödənilmişdir. Bununla da toplanılmış materiallardan, icra işi materiallarından, izahatlardan görünür ki, borclu icra sənədini icra etməkdən yayınmır, icra sənədində göstərilən borcdan 10.000 manat ödənilmişdir. Həmçinin qətnamə icraya yönəldikdən sonra borclunun 800.000 manata ev atması lakin borcunu ödəməməsinin qətnamənin icrasından yayınma kimi qiymətləndirilməsi ilə bağlı barədə xüsusata xiymət verilərək, məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən Şəxs tərəfindən Badamdar şossesi ev 143 saylı fərdi yaşayış evi X6 800.000 manata satılmışdır. Lakin iş materiallarına əsasən müəyyən edilir ki, həmin icra sənədinin verilməsinə əsas olmuş məhkəmə qətnaməsindən hazırkı icra işində tələbkar olan tərəf apellyasiya şikayəti vermiş, lakin sonradan şikayətindən imtina etdiyi üçün Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə apellyasiya icraatına xitam verilmişdir. Belə olan halda Mülki Prosessual Məcəllənin 233.1-ci maddəsinə əsasən həmin Məcəllənin 355-7.4-cü, 355-13.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Həmçinin “İcra haqqında” Qanunun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göstərilənlərə əsasən ilk olaraq icra məmuru tərəfindən icraata başlama qərarı xx.xx.2019-cu il tarixdə qəbul edildiyindən, lakin sonradan həmin qətnamədən apelylasiya şikayəti verildiyindən, apellyasiya icraatına xx.xx.2019-cu il tarixdə xitam verildiyindən, bundan sonra tələbin icrası barədə öhdəlik yenidən yaranmış və xx.xx.2020-ci il tarixdə tələbin icrası barədə borcluya yenidən bildiriş göndərilmişdir. Bu səbəbdən də xx.xx.2019-cu il tarixli daşınmaz əmlak satıldığından, bu əməliyyat apellasiya icraatına xitam verilməsi barədə xx.xx.2019-cu il tarixdə qərardad çıxarılanadək, həmçinin xx.xx.2020-ci tarixdə tələbin icrası barədə bildiriş verilənədək əmlak satıldığı üçün həmin icra sənədinin icrası ilə bağlı borclunun hərəkət və ya hərəkətsizliyi onun əməlində İXM-nin 528.1-ci maddəsindəki əməlin törədilməsində təqsiri kimi əlehinə istifadə edilə bilməz. Beləliklə hazırkı icra sənədinin xx.xx.2020-ci il tarixdə yenidən icraya yönəldildikdən sonra iş materiallarında onun həmin bildiriş barədə rəsmi qaydada məlumatlandırılmasına dair sənəd olmadığından, yalnız xx.xx.2022-ci il tarixdə izahatı alındığından, və b zaman tələbi icra edmək ondan tələb edildikdə, bundan sonra xx.xx.2022-ci il tarixdə ümumi borcdan 10.000 manatın ödənilməsi, borclunun müəllimə işləyərək 898 manat əmək haqqı alması, onun 300.000 manatı birdəfəlik ödənilməsi üçün pul vəsatinin, əmlakının, gəlirinin olmasına dair icra məmurunun sübutlarının olmaması, həmçinin ümumiyyətlə icra məmurunun topladığı sübutlara əsasən borclunun 300.000 manatın birdəfəlik ödəmək iqtidarında olmadığının müəyyən edilməsi, belə bir şəraitdə icra sənədinin tam icra edilməməsi, borcunun icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. İcra məmuru həm özü qeyd edir, həm də məhkəməyə təqdim edilmiş icra işindəki məlumatlardan da görünür ki, icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, lakin həmin sorğulara cavablarda əmlak və gəlirin olmadığı qeyd edilmişdir. Belə olduğu təqdirdə borclunun icra sənədini icra etməməkdəki təqsiri, yəni onun borcu ödəmək iqtidarında olması, lakin ödəməməsi, yayınması müəyyən edilə bilinmir. İcra işi məhkəmə tərəfindən öyrənilərkən müəyyən edildi ki, icra işi materiallarına əsasən icra məmuru borclunun əmlakı və gəliri barədə sorğular vermiş, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, borclunun adına pul, əmək haqqı, gəlir, bankda pulu, daşınar və ya daşınmaz əmlak yoxdur. İcra məmuru borclunun adına tutmanın yönəldilə biləcək əmlakını müəyyən edə bilməmişdir. Beləliklə məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclunun maddi imkanının olması, daimi iş yerinin olması, gəlirinin olması, tələbi ödəmək iqtidarında olması lakin ödəməməsi, tələbin yönəldilə biləcək borcluya məxsus dəyərli əmlakın olması lakin tələbin yönəldilməsinə borclunun hər hansı bir maneçilik törətməsi, nəhayət tələbin ödənilməməsinin borclunun hər hansı konkret təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin konkret üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Həmçinin borclunun məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun hər hansı konkret qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsinin hər hansı üzürsüz səbəblərdən olması məhkəmədə müəyyən edilmədi. Bununla da barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə kifayət qədər sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən kifayət qədər sübut toplanılmamışdır. İcra sənədinin icra olunmamasında borclunun qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru ümumiyyətlə hər hansı bir sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə icra məmuru öz subyektiv mülahizəsinə əsasən şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə bir vəziyyətdə şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar