Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4950/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 16 iyul 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən Şəxs MMC tərəfindən 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro məbləğində xarici valyutada olan vəsait köçürmə ərizəsinə əsasən "xxxx" ASC-də olan bank hesabından 05 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Lakin, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsi və ya vəsait hesabına xidmətlərin göstərilməsini, işlərin görülməsini təsdiq edən sənəd banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, hüquqlarını təmsil etdiyi cəmiyyət barəsində tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, İnzibati xəta barədə icraat aparılan tranzaksiya ilə əlaqədar ətraflı araşdırmanın aparılması və mübahisəyə düzgün qiymət verilməsi üçün bu tranzaksiyanın detalları qeyd edilməlidir. Cəmiyyət ilə "BP Exploration (Shah Deniz) Limited" arasında xx.xx.2022-ci il tarixli, BP- SEZZZZ-PQ- SOR-0005 Revision P01 nömrəli satınalma sifarişi və standart satınalma şərtlərinə əlavə razılaşdırılmışdır. Qeyd edilən sənədə əsasən, Cəmiyyət icraçı, “BP Exploration (Shah Deniz) Limited" sifarişçi olaraq xx.xx.2022-ci il tarixli, AGTX-SDAP-P-5S-TS-EL91A-F68-A nömrəli satınalma sifarişini tərtib etmişdirlər. “BP Exploration (Caspian Sea) Limited” şirkəti ilə həyata keçirilən bu beynəlxalq miqyaslı enerji layihəsi çərçivəsində FCA, İNCOTERMS şərtləri altında 1,041,866 GBP (ingilis funt sterlinqi) dəyərində, 12MVA 33/6.6 KV və 12MVA 11/33 KV növündə transformerlərin təchizi, istehsalı, yoxlanışı, qablaşdırılması və çatdırılması razılaşdırılmışdır. xx.xx.2022-ci il tarixli, AGTX-SDAP-P- 5S-TS-EL91A-F68-A nömrəli satınalma sifarişi əsasında 1,041,866 GBP (ingilis funt sterlinqi) ödəniş Cəmiyyətin bank hesabına köçürülmüşdür. Şirkətin həyata keçirdiyi təchizat üzrə bütün əməliyyatlar tərəfimizdən təqdim edilmiş sənədlərlə rəsmiləşdirilmiş, gömrük və vergi qanunvericiliyinə uyğun şəkildə icra olunmuşdur. Qeyd edək ki, bu tranzaksiya, təkcə layihə üzrə tərəfdaşlıq öhdəliklərinin yerinə yetirilməsinə deyil, Azərbaycan Respublikasının enerji təhlükəsizliyi və beynəlxalq enerji bazarlarında möhkəmləndirilməsinə də birbaşa töhfə vermişdir. Cəmiyyət “BP Exploration (Caspian Sea) Limited” şirkəti qarşısında öhdəliyinin icrası üçün Fransada fəaliyyət göstərən “SAS CELDUC TRANSFO” adlı şirkət ilə əməkdaşlıq etmişdir. Belə ki, Cəmiyyət ilə “SAS CELDUC TRANSFO” şirkəti arasında xx.xx.2022-ci il tarixində “X4 Power SDAP” Layihəsi ilə əlaqədar 036 nömrəli anlaşma imzalanmış, satınalma sifarişi və standart satınalma şərtlərinə əlavə razılaşdırılmışdır. Həmin sifarişə əsasən, ümumi dəyəri 825705 avro olan malların ödənişinin 183490 avro həcmində hissəsinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, 00001125 nömrəli ödəniş invoysu tərtib edilmiş və sifarişçi olaraq Cəmiyyətə təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında Cəmiyyət tərəfindən 183490 avro məbləğində xarici valyutada olan pul vəsaiti xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından benefisiar “SAS CELDUC TRANSFO” şirkətinə köçürülmüşdür. "xxxx" ASC-yə təqdim edilmiş xx.xx.2023-cü il tarixli köçürmə haqqında ərizədəki bütün detallar təqdim edilmiş gömrük bəyannamələri əsasında ölkəyə idxal edilmiş malların ödənişi olduğunu təsdiq edir. Həmin bəyannamələrdə benefisiarın adı “SAS CELDUC TRANSFO”, benefisiarın bankı “CREDİT AGRİCOLE”, xx.xx.2023-cü il tarixli 00001125 nömrəli ödəniş invoysu, PO 036 nömrəli “X4 Power SDAP” Layihəsi üzrə Sifariş qeyd edilmişdir. İnzibati orqan məhkəməyə təqdim etdiyi sənədlərdə qeyd edilir ki, “YGB-də çatdırılma şərti 140 ilə olduğuna görə bağlanmamışdır”. Bəyannamədə texniki yanlışlığa yol verilmişdir. Belə ki, malların çatdırılma şərti FCA, İNCOTERMS olduğundan mallar istehsalçının anbarından “BP Exploration (Caspian Sea) Limited” tərəfindən təhvil alınmış və idxalın rəsmiləşdirilməsi prosesi də sonuncu tərəfindən həyata keçirilmişdir. Təhvil alınmış mallar - 2 ədəd transformer, **********0173 sorğu nömrəli, xx.xx.2023- cü il tarixli və **********1057 sorğu nömrəli, xx.xx.2024-cü il tarixli bəyannamələr ilə rəsmiləşdirilərkən “BP Exploration (Caspian Sea) Limited” bəyannamədə texniki səhvə yol vermiş, 100 əvəzinə, 140 kodunu qeyd etmişdir. Aydın olur ki, bu texniki səhvə Cəmiyyət tərəfindən yol verilməmiş, bəyannamələrin tərtib edilməsi Cəmiyyətin nəzarətində olmamışdır. Buna görə də, Cəmiyyət tərəfindən törədilməmiş, onun tənzimləmə imkanı olmayan hissədə Cəmiyyətə inzibati xəta üzrə cərimə tətbiq edilməsi qanunvericiliyə uyğun deyildir. Hər bir halda, texniki yanlışlığın olması sahibkarlıq subyekti üçün xeyli miqdarda cərimənin tətbiq edilməsi ilə nəticələnməməlidir. Əks yanaşma ilə bu, ölkədəki biznes subyektlərinin inkişafı üçün mütənasib olmayan və əsassız maddi yük yaradar. İş üzrə sübutlar birgə araşdırıldıqda aydın olur ki, malların çatdırılmasını təsdiq edən gömrük bəyannamələrində (GB) də qeyd edilən detallar ödənişin ediliyi mallar ilə eynilik təşkil edir və eyni köçürmə əməliyyatına məxsusdur. GB, 8-ci xana: Malı qəbul edən "BP Exploration (Shah Deniz) Limited" Şirkətinin Azərbaycan Nümayəndəliyidir. GB, 20-ci xana: çatdırılma şərti FCA-dir. GB, 31-ci xana: Ödəniş invoysunda olduğu kimi idxal edilən mal, gücü 10 000 kVA-dan çox olan elektrik transformatordur; Aydın olur ki, Cəmiyyət tərəfindən köçürülmüş vəsait hesabına 183490 avro məbləğində mallar xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində ölkəyə daxil olmuşdur. Bu fakt məhkəməyə təqdim edilmiş gömrük bəyannamələri ilə öz təsdiqini tapır. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankına məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İş materiallarından görünür ki, Cəmiyyət ilə "BP Exploration (Shah Deniz) Limited" arasında xx.xx.2022-ci il tarixli, BP- SEZZZZ-PQ-SOR-0005 Revision P01 nömrəli satınalma müqaviləsi bağlanmış və standart satınalma şərtlərinə əlavə razılaşdırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, BP-SEZZZZ-PQ-SOR-0005 Revision P01 nömrəli müqaviləyə əsasən Cəmiyyət icraçı, “BP Exploration (Shah Deniz) Limited" sifarişçi olaraq xx.xx.2022-ci il tarixli, AGTX-SDAP-P-5S-TS-EL91A-F68-A nömrəli satınalma sifarişi tərtib edilmişdir. İş materiallarından görünür ki, “BP Exploration (Shah Deniz) Limited” şirkəti ilə bağlanmış müqavilə əsasında FCA, İNCOTERMS şərtləri altında 1041866.00 (bir milyon qırx bir min səkkiz yüz altmış altı) İngilis funt-sterlinqi dəyərində, 12MVA 33/6.6 KV və 12MVA 11/33 KV növündə transformerlərin təchizi, istehsalı, yoxlanışı, qablaşdırılması və çatdırılması razılaşdırılmışdır. İş materiallarından görünür ki, xx.xx.2022-ci il tarixli, AGTX-SDAP-P-5S-TS-EL91A- F68-A nömrəli satınalma sifarişi əsasında 1041866.00 (bir milyon qırx bir min səkkiz yüz altmış altı) İngilis funt-sterlinqi ödəniş Cəmiyyətin bank hesabına köçürülmüşdür. İş materiallarından görünür ki, Cəmiyyət ilə “SAS CELDUC TRANSFO” şirkəti arasında xx.xx.2022-ci il tarixində “X4 Power SDAP” Layihəsi ilə əlaqədar 036 nömrəli müqavilə imzalanmış, satınalma sifarişi və standart satınalma şərtlərinə əlavə razılaşdırılmışdır. İş materiallarından görünür ki, Cəmiyyət ilə “SAS CELDUC TRANSFO” şirkəti arasında ümumi dəyəri 825705.00 (səkkiz yüz iyirmi beş mon yeddi yüz beş) Avro olan malların ödənişinin 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro həcmində hissəsinin ödənilməsinə dair xx.xx.2023-cü il tarixli, 00001125 nömrəli ödəniş invoysu tərtib edilmiş və sifarişçi olaraq Cəmiyyətə təqdim edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı əsasında Cəmiyyət tərəfindən 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro məbləğində xarici valyutada olan pul vəsaiti xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-də olan hesabından benefisiar “SAS CELDUC TRANSFO” şirkətinə köçürülmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********0173 nömrəli və xx.xx.2024-cü il tarixli **********1057 nömrəli gömrük bəyannamələrindən və ona əlavələrdən görünür ki, qeyd olunan tarixdə 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro məbləğdə mallar “BP Exploration (Shah Deniz) Limited” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına tam şəkildə idxal edilmişdir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilmişdir. Həmin maddənin dispozisiyasında qeyd edilmiş əməlin formal cəhətdən mövcudluğu, yəni avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması özü-özlüyündə heç də şəxsin əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcudluğunu ehtiva etmir. Belə ki, həmin əməlin mövcudluğunda MMC-nin təqsiri müəyyən edilməlidir. Əgər təqsir vardırsa, onda inzibati məsuliyyət mövcud olur. Əgər təqsir yoxdursa, onda inzibati xəta mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində MMC-nin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Formal cəhətdən mövcud olan əməldə şəxsin təqsirinin mütləq müəyyən edilməli olması Konstitusiya Məhkəməsinin də qərarlarında öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” xx.xx.2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Həmin qərarda həmçinin qeyd edilmişdir ki, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Göründüyü kimi Konstitusiya Məhkəməsinin qərarındada göstərilmişdir ki, valyuta məbləğinin xaricdən ölkəyə gətirilməsi ilə bağlı müəyyən edilmiş müddətlərə əməl edilməməsi özü-özlüyündə inzibati xəta tərkibi yaranması üçün kifayət etmir. Valyutanın geri qaytarılmaması səbəbi araşdırılmalı, şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirin əhəmiyyəti vardır. Təqsir yoxdursa, inzibati məsuliyyət yarana bilməz. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X2 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti X2 Məcəlləsinin aşağıdakı normaları ilə də təsdiq edilir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinin dispozisiyasından və qeyd olunan Qaydaların tələbindən aydın olduğu kimi, həmin maddə ilə nəzərdə tutulan inzibati məsuliyyət avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində 2 ildən artıq müddət ərzində həmin vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etmədikdə deyil, ümumiyyətlə mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması zamanı yaranır. Həmin Məcəllənin 6.3-cü maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. Bununla yanaşı “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində məsuliyyətə cəlb olunma hallarında hüququn analogiyasından və ya qanunun analogiyasında istifadə oluna bilməz”. Göründüyü kimi, əsasən preventiv xarakterli olduğu üçün inzibati xəta qanunvericiliyində analogiyadan, yəni genişləndirici təfsirdən istifadəni qadağan edir. Buradan da göründüyü kimi qanunverici maddələrin mətnlərində nəzərdə tutulmayan vəzifələrin, məhdudiyyətlərin qoyulmasını qadağan edir. Məhkəmə belə hesab edir ki, əgər avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müvafiq malların idxal edilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi və qalıq məbləğin geri qaytarılmasını təsdiq edən sənədlərin mövcud olması ilə əlaqədar İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb ola bilməz. Hazırki işdə isə müəyyən edilir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə “BP Exploration (Shah Deniz) Limited” şirkətinin hesabına bağlanmış müqavilə əsasında 13 iyun 2023-cü il tarixdə 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro məbləğində pul vəsaiti sifariş verilmiş malların dəyəri olaraq avans şəkildə “Celduc Transfo” şirkətinə köçürülmüşdür. Şəxs MMC ilə “BP Exploration (Shah Deniz) Limited” MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, BP-SEZZZZ-PQ-SOR-0005 Revision P01 nömrəli müqaviləyə əsasən 1041866.00 (bir milyon qırx bir min səkkiz yüz altmış altı) İngilis funt-sterlinqi dəyərində mallar Şəxs MMC tərəfindən sifariş verilmiş mallar istehsalçı “Celduc Transfo” şirkəti tərəfindən Fransa Respublikasında “BP Exploration (Shah Deniz) Limited” MMC-yə təhvil verilməli olmuşdur. Bu səbəbdən Şəxs MMC tərəfindən “BP Exploration (Shah Deniz) Limited” MMC-nin sifariş verdiyi malların istehsalı “Celduc Transfo” şirkətinə tapşırılmışdır. “Celduc Transfo” şirkəti tərəfindən qeyd edilən mallar istehsal edilərək müqavilə şərtlərinə uyğun olaraq “BP Exploration (Shah Deniz) Limited” MMC-yə təhvil verilmişdir. “BP Exploration (Shah Deniz) Limited” şirkəti tərəfindən Şəxs MMC-nin sifariş verdiyi mallar “BP Exploration (Shah Deniz) Limited” Şirkətinin Azərbaycan Nümayəndəliyinə tam şəkildə idxal edilmişdir. Şəxs MMC tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro dəyərində mallar “BP Exploration (Shah Deniz) Limited” şirkəti ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan Respublikasına tam şəkildə idxal edilmişdir. xx.xx.2023-cü il tarixli **********0173 nömrəli və xx.xx.2024-cü il tarixli **********1057 nömrəli gömrük bəyannamələrinə əsasən 183490.00 (bir yüz səksən üç min dörd yüz doxsan) Avro məbləğdə mallar ölkəyə idxal edilmişdir. Həmin gömrük bəyannamələri yoxlanılarkən müəyyən edilmişdir ki, Şəxs MMC ilə “BP Exploration (Shah Deniz) Limited” şirkəti arasında bağlanmış müqavilə əsasında alınması razılaşdırılmış, Şəxs MMC ilə “Celduc Transfo” şirkəti arasında bağlanmış müqavilə əsasında sifariş verilmiş, həmçinin “BP Exploration (Shah Deniz) Limited” şirkəti tərəfindən “BP Exploration (Shah Deniz) Limited” Şirkətinin Azərbaycan Nümayəndəliyinə idxal edilmiş mallar tam şəkildə eynilik təşkil edir. Bununlada Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləinin 430.4-cü maddəsinin tərkib əlamətlərinin olmadığı sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 16 iyul 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş 16 iyul 2025-ci il tarixli EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4950/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4950/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver