Məhkəmə qərarları › İş №3(004)-4960/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4960/2024

03.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4960/2024 03.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs "xxxx" MMC-nin direktoru X8 vəkili X7, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib olunmuş MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin direktoru X8 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan "xxxx" MMC-nin direktoru X8 şikayəti Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o, RT MARBLES MMC-nin təsisçisi və direktorudur. Şirkət işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur zonasında, konkret olaraq Xocalı rayonu Ballıca kəndi ərazisində yerləşən Şirkətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "X3 və Koordinasiya Mərkəzi" PHŞ ilə bağlanılmış BFM 04/24/007 birgə fəaliyyat müqaviləsi ilə fəaliyyət göstərdiyi istehsal zavodunda mərmər daşlarının istehsalı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətindən ünvanıma daxil olan məktubdan məlum olmuşdur ki, İnzibati Xətalar Məcəlləsinin (İXM] 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min] manat cərimə olunmuşdur. Tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı tarixli inzibati tənbeh vermə haqqında qərarda göstərilmişdir ki, "X4 xx.xx.2024- cü il tarixdən hazırki dövrədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin] yerinə yetirilməsinə cəlb edilmişdir". Burada "hazırkı dövr" dedikdə hansı müddətin əhatə olunduğu məlum deyildir. Hesab edir ki, bu qərar qanunsuzdur və ləğv olunmalıdır. X4 ilə xx.xx.2024-cü il tarixdə müddətli əmək müqaviləsi bağlanaraq işə qəbul olunmuş və bu barədə elektron əmək müqaviləsi bildirişi ƏƏSMN portalına yüklənmişdir. xx.xx.2024-cü il tarixdə yəni müqaviləsinin müddətinin bitməsinə 12 gün qalmış işdə yol verdiyi kobud nöqsanlar nəzərə alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2a bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü - bu halda işəgötürənin təşəbbüsü ilə] onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmin müddətdən sonra İ.A.Bayramov işdən azad olunmuş, iş yerində olmamış, heç bir iş [xidmət] yerinə yetirməmiş, onunla heç bir əmək münasibətləri olmamışdır və son haqq hesabı ödənilmişdir. Əmək Müfəttişliyi onun işlərin [xidmətlərin] yerinə yetirilməsi cəlb edilməsi barədə gəldiyi nəticənin hansı sübüta, şahid ifadələrinə, foto və ya video çəkilişlərə, hansı protokola əsaslandığı və necə bu qənaətə gəldiyi məlum deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olaraq İXM-nin 61-ci maddəsində sadalanan heç bir hüquqlarından: materiallarla tanış olmaq, izahat vermək, sübütlar təqdim etmək, müdafiəçinin yardımından istifadə etmək və s. kimi hüquqlarımdan istifadə edə bilməmişdir. Ən nəhayət, elektron kabinetinə yerləşdirilmiş Yasamal rayon Məhkəməsinin 3(004]-4041/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərardadından məlum olmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti inzibati xəta haqqında MN ******* saylı protokol tərtib edərək (həmin protokol haqqında məlumatım yoxdur, surəti mənə göndərilməyib] baxılması üçün məhkəməyə müraciət etmiş, məhkəmə onun iştirakı olmadan işə baxmışdır. Məhkəmə bu qənaətə gəlmişdir ki, təqdim edilmiş protokol, materiallar və digər sənədlər düzgün tərtib olunmamış, təqdim edilmiş materiallar natamam olmuşdur, kifayət qədər sübüt toplanmamış və bu əsasla protokol və əlavə edilmiş materiallar geri qaytarlmışdır. Göründüyü kimi Yasamal rayon məhkəməsi də ciddi maddi və prosessual qanun pozuntuları aşkar etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq İXM-nin 135.1.1, 135.1.2, 135.1.3 və 135.1.6-cı maddələrinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş inzibati xəta barədə MN №1613403 saylı qərarın ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şikayət vermiş "xxxx" MMC-nin direktoru X8 vəkili X11 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və müvafiq inzibati qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilmiş orqanın nümayəndəsi X2 bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı qanunidir. Belə ki, X4 ilə xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Göstərilənlərə əsasən, məhkəmədən şikayətin təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin direktoru R.N.Əhəmədov tərəfindən tərtib olunmuş aktdan görünür ki, şirkətin əməkdaşı (fəhlə) X5 rayonu Ballıca kəndi ərazisində yerləşən Şirkətin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ''X3 və Koordinasiya Mərkəzi” PHŞ ilə bağlanılmış BFM 04/24/007 birgə fəaliyyat müqaviləsi ilə fəaliyyət göstərdiyi istehsal zavodunun daxili qaydalarına riayət etmir, işə məsuliyyətsiz yanaşır, avadanlıq və qurğuların istifadəsində, həmçinin mərmər kəsimi üçün istifadə olunan dəzgahların elektrik naqillərinin kəsilməsi kimi nöqsanlara yol verərək işin gedişatını ləngitmişdir. Həmçinin, bəzi az qiymətli inventarların mənimsənilməsini həyata keçirdiyi aşkarlanmış, sözügedən əşyalar ondan geri alınmışdır. İş materiallarında olan “əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, "xxxx" MMC bölməsində “Fəhlə” vəzifəsində işləyən X12 əmək müqaviləsinə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-4041/2024 saylı qərardadından görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində “Qarabağ və X16 rayonuna giriş” informasiya sistemindən əldə edilməş məlumatlar əsasında tərtib olunmuş inzibati xəta haqqında protokol natamam tərtib olunduğu üçün səlahiyyətli orqana geri qaytarılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin nümayəndəsini və qərarından şikayət verilmiş orqanı dinləyərək hesab edir ki, şikayət qismən təmin edilməli, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən araşdırılaraq baxılması üçün AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə göndərilməlidir. Belə ki, iş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin rəis müavini X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 ilə xx.xx.2024-cü il tarixindən hal-hazırki tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X15 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında qərar qəbul edilmiş, X4nun izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla "xxxx" MMC-nin arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X14 Xidməti Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Belə olan vəziyyətdə, X13 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Bundan əlavə, Bakı şəhər Yasamal rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-4041/2024 saylı qərardadından görünür ki, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti tərəfindən hüquqi şəxs "xxxx" MMC barəsində AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinə geri qaytarılması qərara alınmışdır. Belə ki, eyni inzibati pozuntuya görə həm hüquqi şəxs, həm də vəzifəli şəxs məsuliyyət daşıya bilər. Buna görə də, Bakı şəhər Yasamal rayon məhkəməsinin qərarının hüquqi şəxsə qarşı verilməsi və hal-hazırda xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın vəzifəli şəxslə bağlı qəbul edilməsi qanun çərçivəsində müstəqil şəkildə mümkündür. Hüquqi şəxsin məsuliyyəti təşkilatın fəaliyyətindən doğan pozuntulardır, vəzifəli şəxsin isə öz hərəkətləri və qərarlarına görə cavabdehdir. Baxmayaraq ki, hər iki iş eyni inzibati pozuntu ilə əlaqədardır, hüquqi şəxs və vəzifəli şəxs fərqli hüquqi statuslara malikdirlər və buna görə də fərqli qərarlarla məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar