Məhkəmə qərarları › İş №3(004)-4976/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4976/2023

20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4976/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki ünvan 2l 96-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 20 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən, Şəxs - Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatı zamanı “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü bəndinin terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatların yayılmaması barədə tələbini pozub “Twitter” və “Facebook” adlı sosial şəbəkələrdə özünə məxsus “X3” adlı səhifələrdə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif etmiş, ölkə ərazisində terror fəaliyyəti ilə məşğul olan qüvvələr barəsində bəraət qazandırıcı kəlimələr istifadə edərək hər hansı terror aktının törədilməsinin sübutu olmadığını yazmış, həmçinin əməliyyatların kənar qüvvələrin tapşırığı ilə həyata keçirildiyini qeyd edərək “Maşa” əməliyyatları adlandırıb paylaşımlar etməklə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.1-ci bəndinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, həmin məlumatı informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Facebook” və Twitter” sosial şəbəkələrində yerləşdirərək yaymış, bununla da, Azərbaycan Respublikası İXM-in 388- 1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 tərtib olunmuş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək, Azərbaycan Respublikası ərazisində hərbi əməliyyatların aparıldığı müddətdə bu cür fikirlərin bildirilməsinin qanuna zidd olduğunu bilmədiyini, bu barədə qanunla tanış olmadığını, qanunun tələblərini pozduğunu düşünmədiyini və söz azadlığı hüququndan istifadə etdiyini bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, əməlindən və etmiş olduğu paylaşımlara görə peşiman deyildir. Bundan əlavə verilmiş suala cavab olaraq, o, saxlanılarkən ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hüquqlarının izah olunduğunu, iş materialları ilə tanış olduğunu, tutulan zaman və polis şöbəsində olduğu dövrdə heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmadığını, azadlıq hüququnun 20 sentyabr 2023-cü il tarixdə saat 12:00 dan məhdudlaşdırıldığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarında olan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatından görünür ki, o, sosial şəbəkə istifadəçisidir. “Facebook” və “Twitter” sosial şəbəkələrində şəxsən özü qeydiyyatdan keçmişdir, həmin səhifələri şəxsən özü istifadə edir, orada özünə aid şəkillər, statuslar, yazılar və s. paylaşır. “Facebook” sosial şəbəkəsində “Şəxs” adı ilə qeydiyyatdan keçmiş, profil adı “X3”-dur. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində antiterror əməliyyatlarının başlaması barədə mətbuatda verilmiş açıqlamalardan bilmişdir, xəbərdar olmuşdur, bu barədə xəbərləri həmin vaxtdan izləyir. xx.xx.2023-cü il tarixində antiterror əməliyyatı başladıqdan sonra öz səhifəsində paylaşımlar etmişdir. xx.xx.2023-cü il tarixində antiterror əməliyyatı başladıqdan sonra “Facebook” və “Twitter” adlı sosial şəbəkələrdə “X3” adlı səhifələrdə paylaşımlar etmiş, paylaşımlarında aparılan antiterror əməliyyatını “Maşa” əməliyyatı adlandırmış, bu əməliyyatın ölkədənkənar qüvvələrin maraqlarına xidmət etdiyini, terror əməliyyatının həqiqətən kimin tərəfindən törədilməsinin sübut olunmadığını bildirmişdir. İş materiallarında olan 20 sentyabr 2023-cü il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məxsus “iPhone” markalı, 12 modelli və “Samsung” marakalı, “A037F“ modelli mobil telefonlar, “HP” markalı, “14-dq2013dx” modelli kompüter və bir ədəd “Gaiyan” markalı görüntü qeydi aparatı İş üzrə maddi sübut kimi məhkəməyə təqdim etmək üçün götürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-4-cü maddəsində göstərilir ki, internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə əlaqədar müddəalarının pozulmasına görə internet informasiya ehtiyatının sahibi, domen adının sahibi, host və internet provayderlər, həmçinin informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin qanunun 13-cü maddəsində İnternet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılması qadağan edilən informasiyanın dairəsi müəyyən olunmuşdur. Belə ki, həmin qanunun 13-2.3.1-cü maddəsinə əsasən terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar İnternet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyaya aiddir. Eyni zamanda “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində göstərilir ki, Terror əleyhinə aparılan əməliyyatlar zamanı terror aktları barəsində ictimaiyyətə məlumatlar əməliyyat qərargahının rəhbərinin və ya əməliyyat qərargahının ictimaiyyətlə əlaqələr üzrə məsul nümayəndəsinin müəyyən etdiyi formada və həcmdə verilir. Həmin Məcəllənin 11-ci maddəsinin 3-cü bəndinə əsasən terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatların yayılmasına yol verilmir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən tərtib edilmiş 20 sentyabr 2023-cü il tarixli, 237-İX-23 saylı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı nəzərdən keçirib, məhkəmədə iştirak edən şəxsləri dinləyib, iş materiallarına araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi onun verdiyini izahatlar və toplanmış digər sübutlarla təsdiqini tapır və bu səbəbdən də inzibati məsuliyyətə cəlb edilməlidir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Həmin Məcəllənin 33-cü maddələrinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, şəxsiyyətini xarakterizə edən halları və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli, inzibati xəta törətmiş şəxsin azadlığı faktiki məhdudlaşdırılan vaxtdan, yəni 20 sentyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış – “İphone” markalı 12 modelli və “Samsung” markalı A037F modelli mobil telefonlar, “HP” markalı 14-dq2013dx modelli komputer və bir ədəd “Gaiyan” markalı görüntü qeydi aparatının sahibinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 48-51, 114-117, 128-130 və 388-1.1.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 20 sentyabr 2023-cü il tarixdən, saat 12:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – “İphone” markalı 12 modelli və “Samsung” markalı A037F modelli mobil telefonlar, “HP” markalı 14-dq2013dx modelli komputer və bir ədəd “Gaiyan” markalı görüntü qeydi aparatının sahibinə qaytarılması Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar