Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4978/2023 21.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi, Müdafiəçi: Vəkil xx.xx.1997-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə “Facebook” adlı sosial şəbəkədə özünə məxsus “Nurlan Libre” adlı səhifədə ölkə ərazisində aparılan anti-terror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif edən, ölkənin ərazai bütövlüyünün əleyhinə olan paylaşımlar edərək, “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.1-ci bəndinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, həmin məlumatı informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Facebook” sosial şəbəkələrində yerləşdirərək yaymışdır. Bununla da Şəxs İXM-in 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, ali təhsili yoxdur, orta təhsillidir. O, “Facebook” sosial şəbəkədə şəxsən özü “Şəxs” adı ilə qeydiyyatdan keçmişdir, profil adı “Nurlan Libre”-dir. Həmin səhifəni şəxsən özü istifadə edir, orada özünə aid şəkillər, statuslar, yazılar və s. paylaşır. Onun təxminən 60000 izləyicisi var. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ərazisində antiterror əməliyyatlarının başlaması barədə mətbuatda verilmiş açıqlamalardan bilmişdir, xəbərdardır, bu barədə xəbərləri həmin vaxtdan izləyir. Aparılan antiterror əməliyyatı ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən müəyyən məlumatların paylaşılmaması ilə bağlı məlumatlardan xəbərdardır. Öz səhifəsində antiterror əməliyyatı başladıqdan sonra müxtəlif paylaşımlar etmişdir. Onun Azərbaycan Respublikasının Konstitusiya quruluşu ilə bağlı qərəzi olmayıb. Azərbaycan Respublikası ərazisində antiterror əməliyyatlarının aparıldığı müddətdə bu cür fikirlərin bildirilməsinin qanuna zidd olduğunu bilmirmiş və düşünür ki, o, qanunun tələblərini pozmamışdır. Əməlinə və etdiyi paylaşımlara görə peşman deyil. Silahlı münaqişəni dəstəkləmir. Aparılan əməliyyatın antiterror olmasını qəbul etmir. Çünki tanınmamış Artsax Respublikasının silahlı birləşmələri terrorçu olaraq qəbul edilmiş olsaydılar, bunu antiterror kimi qəbul edərdi. Antiterror əməliyyatı davam etdiyi müddətdə bu paylaşımı etmişdir. Onun paylaşımına 52 reaksiya verilmiş və 15 şərh yazılmışdır. Paylaşdığı postun mahiyyəti ironiya xarakteri daşıyır və zarafat etmişdir. Şərhlər də ironiya xarakteri daşıyır. “Bizimkilər” dedikdə hansısa tərəfi nəzərdə tutmur. Bu sadəcə söz oyunudur. Kimisə, hansısa qrupu hədəfə almamışdır. Bu ironiya xarakterli yazıdır. O, müharibənin əleyhinədir. Sülh danışıqları çərçivəsində məsələlərinin həllinin tərəfdarıdır. Bu ironiya xarakterli paylaşımdır. O, Ermənistan vətəndaşı deyil. O, Azərbaycan bayrağı kimi paylaşım etsəydi, bu ciddi qınağa səbəb olardı. Ona yazılan şərhlərdən görünür ki, heç kim bunu ciddi qəbul etmir. O, özü də şəhidlər Sumqayıt şəhərinə gəldikdə orada iştirak edib və ona orada pis münasibət göstərilməyib. Bildirir ki, təhqir, söyüş ifadə azadlığıdır. O, bu insanlara nəsə deyə bilməz. İctimaiyyətin mövqeyi bir tərəfli deyildir. Bəziləri onu dəstəkləyir, bəziləri onu dəstəkləmir. Onun postları hansısa vətəndaşın narazılığına səbəb olmuşdursa, ondan heç kəs şikayət etməyib və ondan narazı 3-cü şəxs yoxdur. Sözü gedən paylaşım ironiya xarakterlidir. Bu paylaşımla bağlı onu Dövlət Təhlükəsizlik Xidmətinə dəvət etmişdilər. Orada ona bunda cinayət əməlinin olmadığını bildiriblər və belə paylaşımlar etməməyi barədə xəbərdarlıq ediblər. O, bu xəritəni qəbul etmir. O, Azərbaycanın Konstitusion quruluşunu dəstəkləyir. Bu paylaşımın şərh hissəsində qeyd etmişdir ki, “Hər gecə yatmazdan əvvəl xəyalını qurduğum xəritə...” Bunu separatçılar paylaşmışdı. Kontekst bilinmədən paylaşdığı üçün paylaşımı səhv anlaşılıb. Zarafat kimi paylaşdığı bu paylaşımlara görə məsuliyyt daşıya bilməz. İnzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru vəzifəsini icra edən Bəxtiyar Mirzəyev məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə “Milli Təhlükəsizlik Haqqında” Azərbaycan Respublikası qanununun 20.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının informasiya sahəsində milli təhlükəsizliyinin təmin olunması, habelə informasiya sahəsində milli maraqların müdafiəsinə yönəlmiş tədbirlər kompleksinin həyata keçirilməsinin əleyhinə hərəkət etməklə, həmçinin Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatı zamanı “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 3-cü bəndinin terrorçuluğa bəraət qazandıran və ya onların təbliğinə xidmət edən məlumatların yayılmaması barədə tələbini pozub “Facebook” adlı sosial şəbəkədə özünə məxsus “Nurlan Libre” adlı səhifədə ölkə ərazisində aparılan antiterror əməliyyatını yanlış kontekstdə təqdim edərək əməliyyatın həqiqi təyinatını təhrif edən, ölkənin ərazai bütövlüyünün əleyhinə olan paylaşımlar edərək, “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.3.1-ci bəndinə əsasən internet informasiya ehtiyatında yerləşdirilməsi qadağan edildiyi halda, həmin məlumatı informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi “Facebook” sosial şəbəkələrində yerləşdirərək yaymışdır. Bu əməl İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratdığı üçün inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan sosial şəbəkələrdə paylaşdığı fotoşəkillərin görüntüləri ilə Şəxs hazırkı inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarı, özünün məhkəməyə verdiyi izahatı, iş materiallarında olan onun sosial şəbəkələrdə paylaşdığı fotoşəkillərin görüntüləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə təqsirli bilinərək, 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixindən, saat 12:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Yasamal Rayon Polis İdarəsinə həvalə edilsin. İş üzrə maddi sübut kimi tanınmış - “Redmi Note 10 Pro” markalı smartfonun sahibi Şəxs qaytarılması Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət təqibindən kənar icraatlar idarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-4978/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4978/2023
21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver