Məhkəmə qərarları › İş №3(004)-4983/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4983/2022

22.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4983/2022 22.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis X1 bölməsi xidmət üzrə baş inspektor X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə Göyçay rayonu, Potu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis X1 bölməsi xidmət üzrə baş inspektor X8 tərəfindən tərtib edilmiş 22 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis şöbəsi tərəfindən tərtib edilmiş 22 sentyabr 2022-ci il tarixli, MN seriyalı, ******* inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 17:00-da metronun “Sahil” stansiyasından polis şöbəsinə gətirilib üzərinə baxış keçirilən zaman 0.532 qram çəkidə kannabis bitkisi marixuana aşkar edilmişdir. Bundan başqa o, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində tibbi müayinədən keçərkən onun narkotik vasitə istehlakçısı olması müəyyən edilmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı (qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən Bakı Şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı Metropolitenində polis X1 bölməsi xidmət üzrə baş inspektor X8 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs barəsində müvafiq maddənin sanksiyası həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirdi ki, Şəxs barəsində olan inzibati icraatın dayandırması barədə qərardad qəbul edilməmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 13 mart 2022-ci il tarixdə saat 17 radələrində metronun “Sahil” stansiyasında olarkən polis əməkdaşları ona yaxınlaşaraq onu polis bölməsinə dəvət etmiş və burada üzərinə baxış keçirilərkən ondan 0.532 qram marixuana aşkar edilmişdir. Hazırda əməlindən səmimi peşmandır və barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Bundan əlavə Şəxs verilmiş suala cavab olaraq bildirdi ki, barəsində tərtib edilmiş protokol və iş materialları ilə tanış olmuş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsinə əsasən şəxsin inziabti məsuliyyətə cəlb edilməsi üçün müdddət ötürüldüyündən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika X6 X9 X7 yoxlamanın 05 aprel 2022-ci il tarixli 1612 nömrəli rəyindən görünür ki, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Yusifov X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzininin 14 mart 2022-ci il tarixli 7/249 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Şəxs üzərindən aşkar edilmiş maddə.” Yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi – 0.532 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” 11 aprel 2022-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayətin tərkib əlamətləri yaranmadığından barəsində cinayət təqibinin başlaması rədd edilmiş, lakin Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkib əlamətləri olduğundan həmin maddə ilə barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Bakı Metropolitenində Polis X1 Şöbəsinə göndərilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs üzərindən aşkar olunmuş 0.532 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana saxlanılması üçün Bakı şəhər BPİ-nin Təchizat İdarəsinə təhvil verilmişdir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi inzibati xəta kimi müəyyən edilmişdir. X3 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar, həmin qərarda istinad edilmiş ekspertiza rəyi, özünün məhkəməyə verdiyi etirafedici izahatı ilə tam sübuta yetirilir. Lakin məhkəmə qeyd edir ki, inzibati icraatın başlanılmasına əsas olan cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar 11 aprel 2022-ci il tarixdə qəbul edilmişdir. Həmin vaxtdan hesablanmaqla hazırkı vaxtda inzibati məsuliyyətə cəlb edilmə müddəti olan 3 aylıq müddət bitmişdir. İXM-in 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İXM-nin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Lakin hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXM-in 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Hazırkı iş üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti 03 ay müəyyən edilmişdir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Bakı şəhər BPİ-nin Təchizat İdarəsinin saxlancına təhvil verilmiş qalıq çəkisi 0.512 qram qurudulmuş marixuana məhv edilməli, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat İXM-in 55.2-ci maddəsinin tələblərinə əsasən dövlət hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Maddi sübut kimi tanınaraq Bakı şəhər BPİ-nin Təchizat İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.512 qram olan narkotik vasitə olan marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar