Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4989/2023 26.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclas katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndələri 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları X3 və X4, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X6, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1 və əmək gigiyenası bölməsinin müdiri X2 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 233.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxılaraq, məhkəmə müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 233.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Yasamal rayonu, Z.Xəlilov küçəsi 65A və M.Şəhriyar küçəsinin kəsişməsində Şəxs MMC tərəfindən quraşdırılmış mobil rabitə üzrə şəbəkə stansiyasından ətrafa yayılan elektromaqnit dalğalarının səviyyəsi enerji selinin sıxlığı 14,99-48,41 mkVt/sm2 təşkil etməklə (norma - 10 mkVt/sm2) normadan artıq olması faktı aşkar edilmişdir. Bununla da, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 233.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin üzrə nümayəndələri X7 və X8 izahatlarında göstərmişlər ki, Regional idarənin xx.xx.2023-cü il tarixli 262 saylı sərəncamına əsasən “Avalon” restoranının sahibi N.Quliyevin şikayət ərizəsi əsasında Yasamal rayonu, Z.Xəlilov küçəsi 65A və M.Şəhriyar küçəsinin kəsişməsində yerləşən Şəxs MMC tərəfindən quraşdırılmış mobil rabitə üzrə şəbəkə stansiyasından ətrafa yayılan elektromaqnit dalğalarının səviyyəsi - enerji selinin sıxlığı araşdırılmışdır. Enerji selinin sıxlığının təyin edilməsi üçün “Aktakom”ATT-2592 cihazı vasitəsi ilə ölçmə işləri aparılmış və nəticəyə əsasən enerji selinin sıxlığı 14,99 mkr VT/sm2, 31,40 mkr VT/sm2, 42,75 və 48,41 mkVt/sm2 təşkil etdiyi müəyyən edilmişdir. Halbuki, mövcud normativ texniki sənədlərə əsasən ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən son hədlərinin NORMASİ - 10 mkVt/sm2 təkil edir. Belə olan halda araşdırma aparılmış yerdə şualanma selinin sıxlığı ətraf mühit üçün yol verilən hədd norma daxilindən artıq olduğu müəyyən edilmişdir. İnzibati xəta hadisəsinin baş verməsi öz təsdiqini tapdığı üçün, tərtib edilmiş inzibati protokol qanuni və əsaslı olduğu üçün Şəxs MMC-ni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə təqsirli bilib barəsində inzibati tənbeh olunması ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. Eyni zamanda araşdırma zaman hansı normativlərdən istifadə etmələri və tətbiq edərək rəhbər tutduqları normativ hüquqi aktlarla əlaqədar verilmiş suala cavab olaraq bildirmişlər ki, tərəflərindən aparılan araşdırma zamanı “ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən son hədlərinin normativləri”nin müəyyən edilməsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixdə kollegiya qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” ilə müəyən edilmiş normativlər rəhbər tutulmuşdur və ondan istifadə etməklə araşdırma zamanı uyğunsuzluq müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X9 inzibati xəta haqqında protokola etiraz edərək, bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol əsassızdır, həqiqəti əks etdirmir. Belə ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin 20 iyun 2023-cü il tarixli məktubundan da görünür ki, mərkəzin laborataoriyası tərəfindən restoranın ikinci mərtəbəsində yerləşən terrasda elektromaqnit dalğalarının səviyyəsi ölçülmüşdür və ölçmələrin nəticəsinə görə terrasda 900, 1800 və 2100 MHz tezlik diapazonlarında elektronaqnit dalğaların səviyyələri (enerji selinin sıxlığı) 0,4-9,1mkVt/sm2 aralığında olaraq, yol verilən hədd (10 mkVt/sm2) daxilində olmuşdur. Lakin restoranın terrasında elektronaqnit dalğaların səviyyələri (enerji selinin sıxlığı) 9,1mkVt/sm2 olaraq maksimal yol verilən həddə yaxın olması narahatçılığa səbəb olması baxımından sağlamlaşdırıcı profilaktika məqsədilə stansiyanın fəaliyyəti zamanı yaranan elektromaqnit dalğalarının səviyyələrinin aşağı salınması məqsədi ilə müvafiq tədbirlərin görülməsini məqsədəuyğun hesab edilmişdir. Şəxs MMC qeyd edilən məktubda olan tövsiyyələri nəzərə alaraq sözügedən ünvanda quraşdırılmış mobil rabitə avadanlığının resatoranın terrasına istiqamətlənmiş antena sektoru məktub daxil olduqdan dərhal sonra şəbəkədən ayrılmış, yəni deaktiv vəziyyətə gətirilərək səkkiz gün sonra bu barədə məlumat verilmişdir. Belə olan halda inzibati protokola əlavə edilmiş 82016 saylı Aktda qeyd edildiyi kimi xx.xx.2023cü ildə aparılmış yoxlama zamanı elektronaqnit dalğaların səviyyələri (enerji selinin sıxlığı) normadan artıq olması mümkün deyildir və bu onu göstərir ki, tərtib edilmiş inzibati akt və onun əsasında tərtib edilmiş inzibati protokol əsassız və qanunsuzdur. Hazırkı iş üzrə təsvir olunan hadisədə İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsində nəzərdə tutulan əməlin törədilməsi öz təsdiqini tapmır, ən azından ona görə ki, “ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən son hədlərini müəyyən edən normativlər mövcud deyildir və yaxud da mövcud olasa da aparılan ölçmələr “Sanitar norma və qaydalar”da nzərədə tutulmuş normativlərə əsaslanmışdır.Bu isə birbaşa qanun pozuntusudur. Göstərilənlərə əsasən Şəxs MMC barəsində tərtib olunmuş protokol üzrə başlanmış inzibati işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və X1 və əmək gigiyenası bölməsinin müdiri X5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, qanunveriiliyə əsasən İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi üzrə protokol trətib etmək səlahiyyəti Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumunda olmasına baxmayaraq onlar tərəfindən “ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən son hədləri müəyyən edilərkən xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiya qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları”na istinad edərək ordakı normalara istinad edə bilməzlər. Belə ki, birincisi həmin qaydalar sanitariya normaları və qaydalarıdır, ikincisi isə həmin qaydaların 1.4-cü bəndində birbaşa qeyd edilmişdir ki, bu qaydalar “Dövlət sanitariya nəzarəti”ni həyata keçirən orqanlar və idarələr üçün nəzərdə tutulur. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 233.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsi halı, onun təqsiri sübuta yetirilmədiyindən onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi X11 Monitorinq İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 24 avqust 2023-cü il tarixli, 000985 saylı Aktdan görünür ki, vətəndaş Nadir Quliyev tərəfindən Nazirliyin qaynar xəttinə ünvanlanmış şıkayəti araşdırılmış və həmin ünvanda enerji selinin sıxlığının təyin edilməsi üçün “Aktakom”ATT-2592 səyyar cihazı vasitəsi ilə ölçmə işləri aparılmış və nəticələ əsasən enerji selinin sıxlığı 13,39 mkr VT/sm2, 14,18 mkr VT/sm2, 15,70 və 20,65 mkVt/sm2 təşkil etmişdir .Qeyd edilən müvafiq göstəricilər şualanma selinin sılığı “ƏTRAF MÜHİT ÜÇÜN YOL VERİLƏN HƏDD NORMASİNDAN ARTİQDİR”. Belə ki, mövcud NORMA - 10 mkVt/sm2 təkil edir. İş materiallarına əlavə edilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 14 sentuabr 2023-cü il tarixli, 82016 saylı Aktdan görünür ki, monitorinq zamanı “Avalon” adlı ictimai iaişə obyektinin terasında Şəxs MMC-yə məxsus ötürücü antenanın 3,5 metr məsafəsində şualanma selinin sıxlığını təyin etmək üçün “Aktakom”ATT-2592 səyyar cihazı vasitəsi ilə ölçmə işləri aparılmış və nəticəyə əsasən enerji selinin sıxlığı 14,99 mkr VT/sm2, 31,40 mkr VT/sm2, 42,75 və 48,41 mkVt/sm2 təşkil etmişdir. Qeyd edilən müvafiq göstəricilər şualanma selinin sıxlığı “ƏTRAF MÜHİT ÜÇÜN YOL VERİLƏN HƏDD NORMA DAXİLİNDƏN ARTİQ” olduğu müəyyən edilmişdir. Bununla da Şəxs MMC tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunvericiliyin tələblərini pozmuşdur. İş materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin 20 iyun 2023-cü il tarixli məktubundan da görünür ki, mərkəzin laborataoriyası tərəfindən restoranın ikinci mərtəbəsində yerləşən terrasda elektromaqnit dalğalarının səviyyəsi ölçülmüşdür və ölçmələrin nəticəsinə görə terrasda 900, 1800 və 2100 MHz tezlik diapazonlarında elektronaqnit dalğaların səviyyələri (enerji selinin sıxlığı) 0,4- 9,1mkVt/sm2 aralığında olaraq, yol verilən hədd (10 mkVt/sm2) daxilində olmuşdur. Məlum olduğu kimi İnzibati xətalar məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Məhkəmə yuxarıda qeyd edilən normaların tələbləri baxımından hesab edir ki, məhkəmə ilk növbədə səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Başqa sözlə desək Şəxs MMC-nin əməlində (onun tərəfindən) İXM-nin 233.2-ci maddəsində qeyd edilmiş inzibati xətanın dispozitiv şərtləri kimi nəzərdə tutulmuş “ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən son hədlərinin normativləri”nin pozulması halı mötəbər sübutlarla təsdiq edilməlidir. Yalnız bu halda Şəxs MMC inzibati məsuliyyətə cəlb edilə və barəsində inzibati tənbeh edilməsi ilə bağlı qərar qəbul edilə bilər. İşin mübahisəsiz halı ondan ibarətdir ki, qaynar xəttə edilmiş şikayət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri Yasamal rayonu, Z.Xəlilov küçəsi 65A və M.Şəhriyar küçəsinin kəsişməsində yerləşən Şəxs MMC tərəfindən quraşdırılmış mobil rabitə üzrə şəbəkə stansiyasından ətrafa yayılan elektromaqnit dalğalarının səviyyəsi enerji selinin sıxlığı araşdırılmışdır. Enerji selinin sıxlığının təyin edilməsi üçün “Aktakom”ATT-2592 cihazı vasitəsi ilə ölçmə işləri aparılmış və belə nəticəyə gəlinmişdir ki, NORMA - 10 mkVt/sm2 təşkil etdiyi halda yoxlanılan ərazidə enerji selinin sıxlığı 14,99 mkr VT/sm2, 31,40 mkr VT/sm2, 42,75 və 48,41 mkVt/sm2 təşkil etməklə “ƏTRAF MÜHİT ÜÇÜN YOL VERİLƏN HƏDD NORMASİNDAN ARTİQ” olmuşdur. Araşdırma aparan 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən “SON HƏDLƏRİNİN NORMATİVLƏR”i kimi əsaslandıqları normativlər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2015-ci il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Ötürücü radiotexniki obyektlərin yerləşdirilməsinə və istismarına dair sanitariya normaları və qaydaları” olmuşdur. Yəni yoxlama aparan orqan həmin normativ hüquqi akta əsaslanaraq, həmin sənəddə müəyyən olunan normativlər əsasında Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsi qənaətinə gəlinmişdir. Məhkəmə qeyd edir ki, birincisi “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmış və elektromaqnit sahələrinin insan sağlamlığına göstərdiyi mənfi təsirinin qarşısının alınmasına yönəlmiş yuxarıda qeyd edilən “Sanitariya normaları və qaydaları”nda əks olunmuş normativlər (norma hədləri) hec bir halda ətraf mühitin mühafizəsi məqsədləri üçün tətbiq edilə və elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən “SON HƏDLƏRİNİN NORMATİVLƏR”i kimi qəbul edilə və istifadə edilə bilməz. Belə ki, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanundan irəli gələn məsəslərin həlli ilə əlaqədar hazıranmış normativ xarakterli aktla müəyyən edilmiş normativlər “Ətraf mühitin mühafizəsi haqqında” və “Atmosfer havasının mühafizəsi haqqında” qanunvericiliyin tələblərininin pozulubpozulmamasının müəyyən edilməsində istifadə edilə bilməz. Belə ki, Sanitariyaepidemioloji salamatlıq haqqında” və “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının qanunlarının tətbiqi dairəsi və tənzimlədikləri ictimai münasibətlər fərqlidirlər. İkincisi məhkəmə qeyd edir ki, nə qədər ki, yoxlama (araşdırma) aparmış orqan tərtib etdiyi sənədlərdə ətraf mühitin mühafizəsi məqsədi ilə təsdiq edilmiş (müəyyən edilmiş) elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən “SON HƏDLƏRİNİ” müəyyən edən normativ hüquqi akta, norma və qaydalara istinad etməmişdir, Ekologiya və təbii sərvətlər nazirliyinin fəaliyyət istiqamətinə aid olmayan səhəni tənzimlənməsi üçün nəzərdə tutulmuş normativlərə istinad etmişdir deməli inzibati xətanın baş verməsini təsdiq edən sübutlar (tərtib edilmiş sənədlər) mötəbər hesab edilə bilməz. Başqa sözlə desək dövlət orqanı tərəfindən araşdırma aparılması zamanı yol verilən son hədd olaraq normativ kimi əsas götürülmüş “10 mkVt/sm2” ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilən son həddini müəyyən edən normativ kimi qanunvericilikdə müəyyən edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sözügedən araşdırmanın nəticələri inzibati tənbeh tədbirinin əsasını təşkil edən sübutlar kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edilənləri ümümiləşdiriərək məhkəmə bildirir ki, protokol tərtib etmiş dövlət orqanı tərəfindən aparılmış araşdırma zamanı əsas götürülmüş tətbiqi sahəsinin ətraf mühitin mühafizəsi ilə ələqadar olmayan, özündə “GİGİYENİK TƏLƏBLƏRİ” müəyyən edən həmin normativlərin tətbiq edilməsi ilə əldə edilmiş yoxlama nəticəsinin sübutun Şəxs MMC-nin İXM-nin 233.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində sübut kimi çıxış edə və məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Digər tərəfdən məhkəmə bildirir ki, “Dövlət sanitariya nəzarəti”ni həyata keçirən orqanlar və idarələr üçün nəzərdə tutulmuş, özündə “GİGİYENİK TƏLƏBLƏRİ” müəyyən edən sözügedən qaydaların və həmin qaydalarda əks olunan normativlərin ətraf mühitin mühafizəsi yəni ətraf mühitdə təbii mövcud olan maddi varlıqların ilkin kəmiyyət və keyfiyyətcə dəyişmələrə yol verilməməsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin ölçülməsində istifadə edilməsi yolverilməzdi. Çünki elektromaqnit sahələrinin ətraf müfitin mühafizəsinə göstərdiyi mənfi təsirinin qarşısının alınmasına yönələn məsələlər Azərbaycan Respublikasının “Ətraf mühitin mühafizəsi haqqında” qanunla və həmin qanundan irəli gələrək hazırlanmış qanunvericilik aktları ilə, elektromaqnit sahələrinin insan sağlamlığına göstərdiyi mənfi təsirinin qarşısının alınmasına yönələn məsələlər isə “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunla və həmin qanundan irəli gələrək hazırlanmış qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən “ətraf mühitin mühafizəsi məqsədi ilə elektromaqnit sahələrinin səviyyəsinin yol verilə bilən son hədlərinin normativlərinin pozulması” halı mötəbər sübutlarla öz təsdiqini tapmır ona görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 105.1, 114.2.1 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 14 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-4989/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4989/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver