Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4991/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin böyük icra məmuru X5, Tələbkarın nümayəndəsi: X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2342/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 30 aprel 2018-ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixində anadan olmuş X6 və xx.xx.2012-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə, hər ay sabit pul məbləğində 235 manat aliment (hər ay cəmi 470 manat) tutularaq X3 ödənilməlidir. Lakin Şəxs tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2342/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi icra edilməmişdir. Bununla da Şəxs tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin böyük icra məmuru X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2342/2024 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 30 aprel 2018ci il tarixdən başlayaraq xx.xx.2009-cu il tarixində anadan olmuş X6 və xx.xx.2012-ci il tarixində anadan olmuş X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə, hər ay sabit pul məbləğində 235 manat aliment (hər ay cəmi 470 manat) tutularaq X3 verilməlidir. İcra sənədi üzrə icraata 09 iyul 2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərarla başlanılmışdır. Lakin indiyədək icranı könüllü təmin etməmiş və icranı təmin edilməməsi barədə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməmişdir. Bundan başqa, borclunun mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlakının, banklarda hesablarının olub-olmaması, sığorta olunan kimi qeydiyyata alınıb-alınmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş və hər hansı əmlakı və digər növ gəlirləri aşkar edilməmişdir. Hazırda cavabdeh icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır və onun icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Bununla da cavabdeh Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, hazırda Şəxs icra sənədi üzrə borcdan bugünədək heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2342/2024 saylı, xx.xx.2024-cı il tarixli icra vərəqəsindən xəbərdardır. Tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilmişdir. İcra sənədi üzrə çoxsaylı ödənişlər etmişdir. Qalıq borc üzrə ödəniş etməkdən boyun qaçırmır, ödəmək niyyətindədir. İcra məmurunun tələblərinin yerinə yetirilməməsində hər hansı qərəz yoxdur. Göstərilənlərin nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının tələbkar X7 izahatında bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2342/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə qalıq borcu tam şəkildə tələb edir. Ən son halda 01 ay ərzində qalıq borcun yarı hissəsinin ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq tələbi həyata keçirilməyəcəyi təqdirdə məhkəmədən Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə prosses iştirakçlarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, həmçinin icra işi materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2342/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər uşağa görə, hər ay sabit pul məbləğində 235 manat aliment (hər ay cəmi 470 manat) tutularaq X3 ödənilməlidir. xx.xx.2024-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmışdır xx.xx.2024-cü il tarixli “Tələbin dərhal icrası haqqında” bildirişdən görünür ki, bildiriş borclu Şəxs təqdim edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2342/2024 saylı, xx.xx.2024-cı il tarixli icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün xəbardarlıq edilmişdir. Həmçinin icra sənədinin qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə olunmuş çoxsaylı ödəniş qəbzlərindən görünür ki, X9 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2342/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsi üzrə hər ay olmaqla çoxsaylı ödənişlər həyata keçirmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində İXM-nin 528.1-ci maddəsinin tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar; 28.2 və 29.2-ci maddələrinə müvafiq olaraq icraatda tərəflər tələbkar və borcludur. İcra hərəkətlərinin həyata keçirilməsi zamanı tərəflər icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar; 84.1-ci maddəsinə əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə iclasında müəyyən edilmişdir ki, icra məmuru tərəfindən 09 iyul 2024-cü il tarixdə icraata başlanılmış və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tələbin könüllü icrası haqqında bildirişi qəbul etmişdir. X1 icra sənədi üzrə çoxsaylı ödənişlər həyata keçirmişdir. Bununla da, məhkəmə iclasında borclunun icra sənədi üzrə borcu ödəməkdən qərəzli olaraq boyun qaçırması müəyyən olunmamışdır. Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət edilməsi öz təsdiqini tapmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə, hazırki halda borclu Şəxs hərəkətlərində icra sənədini üzrsüz səbəbdən icra etməmə və ya icra məmurunun qanuni tələblərini yerinə yetirməmə kimi halların mövcud olmadığı qənaətinə gəlir və buna görə də borclu barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2342/2024 saylı, xx.xx.2024-cı il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata, hərəkətlərində inzibati xəta tərkibi olmadığından, xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 84, 114.1.4, 115, 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4991/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4991/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver