Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-4992/2025 24.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin polis sahə inspektoru, X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X7 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 24 iyul 2025ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsinin polis sahə inspektoru X7 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Ə.Ç.P.A-nın 6-cı PB-nin polis nəfərləri 23 iyul 2025-ci il tarixində saat təxminən 14:50 radələrində 30-cu piyada postun ərazisində xidmət apararkən “Kolorit” restoranın arxasında bina sakinlərinin məlumatına əsasən 02 ədəd “X11 MİNİK” markalı nəqliyyat vasitəsinin gediş-gəlişə mane olduğu bildirilmişdir. Onlar həmin nəqliyyat vasitələrinin yanına yaxınlaşmış və həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının olmadığını müşahidə etmişlər. Onlar bina komendantına həmin nəqliyyat vasitələrinin sahibini həmin yerə çağırmasını xahiş etmişlər. Komendantın məlumatından sonra həmin nəqliyyat vasitələrinin sahibi həmin yerə yaxınlaşmışdır. Onlar həmin şəxsə özünü təqdim etdikdən sonra vətəndaşa həmin nəqliyyat vasitələrinin gedişgəlişə mane olduğunu və avtomobillərin dövlət qeydiyyat nişanlarının nə üçün olmadığını soruşmuşlar. Şəxs isə onlara heç bir əsas bildirməmişdir. Bundan sonra həmin yerə DYP əməkdaşı dəvət olunmuşdur. DYP əməkdaşı avtomobilə baxış keçirdikdən sonra getmişdir. Bundan sonra onlar şəxsi 29-cu PŞ-nə dəvət etmişlər, lakin sonuncu onlara məhəl qoymamışdır. 2463 çağırış saylı avtopatrul vasitəsilə şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü 29-cu PŞ-nə təmin olunmuşdur. Sonuncu barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yekun olaraq Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilmədiyini bildirərək izahatında bildirmişdir ki, hazırda beynəlxalq İELTS (X1 Testing System) imtahanına hazırlaşdığını, 23 iyul 2025-ci il tarixində də imtahan hazırlığı ilə məşğul olduğu zaman mobil telefonuna yaşadığı binanın mühafizə xidmətindən zəng daxil olduğunu, zəng zamanı ona təhlükəsizlik məqsədilə binanın qarşısına yaxınlaşmasının xahiş edildiyini bildirmişlər. O, qeyd olunan ünvana yaxınlaşarkən iki nəfər polis əməkdaşının onu gözlədiyini görmüşdür. Polis əməkdaşları tərəfindən ona hər hansı əvvəlcədən məlumat verilmədən aşağıdakı suallar ünvanlanmışdır: – “Avtomobil sənindir?”, – “Niyə dövlət qeydiyyat nişanı yoxdur?” Sualların nədən irəli gəldiyini və bu yanaşmanın səbəbini əvvəlcədən bilməmişdir. Bununla belə, verilən suallara dərhal cavab vermiş, avtomobilin ona məxsus olduğunu, nəqliyyat vasitəsinin satışı ilə məşğul olduğu üçün üzərində dövlət qeydiyyat nişanının yerləşdirilmədiyini, və bu halda avtomobili idarə etmədiyini bildirmişdir. Bundan sonra həmin yerə DYP əməkdaşı dəvət olunmuş və onun sənədləri ilə tanış olmuş, avtomobilə baxış keçirtdikdən sonra heç bir problemin olmadığını bildirib getmişdir. Həmçinin qeyd edir ki, polis əməkdaşlarının qanuni tələbinə qarşı hər hansı müqavimət göstərmədən, şəxsiyyətini təsdiq edən sənədi – şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Bundan qısa müddət sonra əraziyə əlavə polis əməkdaşları cəlb olunmuş, hüquqi əsaslı xəbərdarlıq etmədən dərhal fiziki zor tətbiq etməklə onu patrul avtomobilinə əyləşdirməyə cəhd göstərdikləri bildirilmişdir. Məhkəmə iclasında müdafiəçi X4 izahatında bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlində İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud deyildir. Göstərilənləri nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ə.Ç.P.A-nın 6-cı PB-nin polis nəfəri X5 izahatında bildirmişdir ki, polis nəfəri S.Mustafayev ilə birlikdə 23 iyul 2025-ci il tarixində saat təxminən 14:50 radələrində 30-cu piyada postun ərazisində xidmət apararkən “Kolorit” restoranın arxasında bina sakinlərinin məlumatına əsasən 02 ədəd “X11 MİNİK” markalı nəqliyyat vasitəsinin gediş-gəlişə mane olduğu bildirilmişdir. Onlar həmin nəqliyyat vasitələrinin yanına yaxınlaşmış və həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının olmadığını müşahidə etmişlər. Onlar bina komendantına həmin nəqliyyat vasitələrinin sahibini həmin yerə çağırmasını xahiş etmişlər. Komendantın məlumatından sonra həmin nəqliyyat vasitələrinin sahibləri həmin yerə yaxınlaşmışlar. Onlar həmin şəxsə özünü təqdim etdikdən sonra vətəndaşa həmin nəqliyyat vasitələrinin gediş-gəlişə mane olduğunu və avtomobillərin dövlət qeydiyyat nişanlarının nə üçün olmadığını soruşmuşlar. Şəxs isə onlara heç bir əsas bildirməmişdir. Onlar şəxsi 29-cu PŞ-nə dəvət etmişlər, lakin sonuncu onlara məhəl qoymamışdır. Dəfələrlə 03-ə dəvət etdikdə əyləşməyəcəyini bildimiş və tabesizlik göstərmişdir. 2463 çağırış saylı avtopatrul vasitəsilə şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü 29-cu PŞ-nə təmin olunmuşdur. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sonuncudan şəxsiyyətini təsdiq edən sənədi istəmiş, lakin şəxs qərəzli olaraq təqdim etməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 24 iyul 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 23 iyul 2025-ci il tarixdə saat 14:50-də Şəxs ünvan 2 ünvanının qarşısında polisin qanuni tələbinə məhəl qoymayaraq polisə tabesizlik göstərmişdir. Nəticədə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bu fakt Ə.Ç.P.A-nın 6-cı PB-nin polis nəfəri Z.Mustafayev və S.Mustafayevin raportu ilə təsdiq edilir. 23 iyul 2025-ci il tarixli, AZA seriyalı 024436 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 15:20-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ə.Ç.P.A-nın 6-cı PB-nin polis nəfərləri Z.Mustafayev və S.Mustafayev tərəfindən 29-cu Polis Şöbəsinin rəhbərliyinə ünvanlanmış 23 iyul 2025-ci il tarixli raportdan görünür ki, 23 iyul 2025-ci il tarixində saat təxminən 14:50 radələrində 30-cu piyada postun ərazisində xidmət apararkən “Kolorit” restoranın arxasında bina sakinlərinin məlumatına əsasən 02 ədəd “X11 MİNİK” markalı nəqliyyat vasitəsinin gediş-gəlişə mane olduğu bildirilmişdir. Onlar həmin nəqliyyat vasitələrinin yanına yaxınlaşmış və həmin nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının olmadığını müşahidə etmişlər. Onlar bina komendantına həmin nəqliyyat vasitələrinin sahibini həmin yerə çağırmasını xahiş etmişlər. Komendantın məlumatından sonra həmin nəqliyyat vasitələrinin sahibləri həmin yerə yaxınlaşmışlar. Onlar həmin şəxsə özünü təqdim etdikdən sonra vətəndaşa həmin nəqliyyat vasitələrinin gediş-gəlişə mane olduğunu və avtomobillərin dövlət qeydiyyat nişanlarının nə üçün olmadığını soruşmuşlar. Şəxs isə onlara heç bir əsas bildirməmişdir. Onlar şəxsi 29-cu PŞ-nə dəvət etmişlər, lakin sonuncu onlara məhəl qoymamışdır. Dəfələrlə 03-ə dəvət etdikdə əyləşməyəcəyini bildimiş və tabesizlik göstərmişdir. 2463 çağırış saylı avtopatrul vasitəsilə şəxs əməlinə hüquqi qiymət verilməsindən ötrü 29-cu PŞ-nə təmin olunmuşdur. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması, yəni İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Məhkəmə Şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün sonuncu tərəfindən törədilməsi istinad edilən inzibati xətanı qiymətləndirmək qənaətinə gəlir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, İXM-nin 535.1-ci maddəsində polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Normanın dizposiyasından göründüyü kimi qeyd edilən norma ilə inzibati məsuliyyət yaranması üçün ilk növbədə şəxsə yönələn tələb qanuni olmalı və şəxs həmin qanuni tələbə tabe olmamalıdır. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan uzun müddət keçsə də polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Şəxs idarə etmədiyi nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının avtomobilin üzərində olmaması qanun pozuntusu deyildir. Şəxs tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, onun sadəcə olaraq nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının avtomobilin üzərində olmaması səbəbi ilə onun polis şöbəsinə aparılması polis əməkdaşının qanuni tələbi hesab edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur və fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh İXM-ə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.1.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-4992/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-4992/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver