Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5/2023 13.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X2 iclas katibliyi ilə Hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, ev 65, mənzil 1 ünvanında yerləşən Şəxs MMC (VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Şəxs MMC barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44-cü maddəsinin tələblərinə əməl edilmədən yazılı əmək müqaviləsi X8 ilə bağlanmamış və o, müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqanın (vəzifəli şəxs) nümayəndəsi Nümayəndə Əlayif oğlu bildirdi ki, Şəxs MMC tərəfindən protokolda göstərilən əmələ görə İXM-nin 192.1-ci maddəsində göstərilən inzibati xəta törədilmişdir. Ona görə də MMC-nin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi, vəkili X5 bildirdi ki, ümumiyyətlə protokolla razı deyildir. Şəxs MMC tərəfindən hər hansı bir şəxs əmək müqaviləsi olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Şəxs MMC kompüter-dizayner işləri ilə bağlı işçi axtarmaqla bağlı elan vermiş, buna görə də X8 adlı şəxs işə düzəlmək üçün 2022-ci ilin sentyabr ayının əvvəllərində müraciət etmiş, onun dizayner biliklərinin yoxlanılması üçün ondan gördüyü şəxsi dizeyner işi ilə bağlı “portfay” istənilmiş, o da bir neçə günə portfay hazırlayıb gətirib göstərməsini bildirmişdir. Bir neçə gündən sonra həmin şəxs kimpüter-dizayn işi ilə bağlı portfayl hazırlayıb gətirib, Şəxs MMC-yə nümayiş etdirmiş, lakin həmin “portfayl” və T.Qasımovun dizayner bilikləri Şəxs MMC-ni qane etmədiyi üçün onu işə götürməmişlər. T.Qasımov da bununla bağlı əmək müfəttişliyindən maraqlanmaq istəmiş, lakin müfəttişlik tərəfindən düzgün yönləndirilməyərək, şikayət yazması tövsiyyə edilmiş, o da xx.xx.2022-ci il tarixdə elektron qaydada yazılı müraciət formada Əmək Müfəttişliyinə müraciət etmişdir. Əmək Müfəttişliyində də Şəxs MMC-yə məlumat vermədən, məsələni araşdırmadan, Şəxs MMC-nin nümayəndəsinin iştirpakı təmin eddilməmiş, izahat alınmamış protokol tərtib edib məhkəməyə göndərilmişdir. Buna görə də Şəxs MMC-nin əməlində hər hansı bir inzibati xəta mövcud deyildir. həm də xx.xx.2022-ci il tarixdən 3 aydan da çox müddət keçmişdir. Bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid kimi dindirilmiş X8 bildirmişdir ki, o, 2022-ci ilin avqust ayında Şəxs MMC şirkətində 05 namizədin biri olaraq “dizayner” vakansiyasında iştirak etmişdir. Görüş zamanı aidiyyatı şəxslər ondan dizayner biliklərinin ölçülməsi üçün şəxsi portfolionun hazırlanmasını və onlarla bölüşməsini istədilər. Görüşdən 10 gün sonra hazırladığı şəxsi portfolionu onlara təkrar görüş zamanı nümayiş etdirdi. Hazırladığı portfolio şirkətin tələblərinə uyğun olmadığı üçün “dizayner” vakansiyası üzrə işə qəbul olunmadı. Oktyabr ayında X3 web səhifəsinə ona maraqlı olan sualları ünvanladı. Operatorla yazışma zamanl onu yanlış yönləndirərək (bəlkədə fikrini dəqiq izah etmədiyi üçün) şikayət etmək hüququnun olmasını hiss elətdirdi. Beləliklə, o, xx.xx.2022-ci il tarixdə adı keçən şirkətdən qərəzli yanaşma ilə şikayət ünvanladı. Şikayət ünvanladıqdan sonra şəxsi üçün hüquq və tələblərini araşdırdı. Araşdırma zamanı o, müəyyən etdi ki, ona qarşı vəzifə və iş tapşırığı tələb etməyən və “dizayner” vəzifəsi ilə bağlı iş gördürməyən şirkətə qarşı etdiyi şikayət haqqsızdır. Təkrar olaraq qurumun elektron saytı üzərindən əlaqə saxladı, operatordan şikayətinin geri götürülməsini istədi. Operator ona bildirdi ki, qeyd olunan maila müraciət unvanlasın. Müraciətin tez qəbul olunması üçün o, öz fikirlərinə uyğun şirkət nümayəndələrinin onunla görüşdüyünü və üzr istəməsini bildirmişdir. Əslində şirkət nümayəndələri ilə heç bir görüş olmayıb və şikayətinin geri götürülməsi ilə bağlı tələb və təklifləri olmayıb. Məhkəmə izahatları dinləyib, iş materiallarını nəzərdən keçirərək, işin bütün hallarının məcmusunu hərtərəfli, tam və obyektiv surətdə baxıb, sübutları qiymətləndirərək, hesab edir ki, aşağıdakı əsaslara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. 2 əsasa görə iş üzrə icraata xitam verilməlidir. 1) MMC tərəfindən inzibati xətanın törədilməsi sübut olunmur. 2) inzibati məsuliyyətə cəlbetmə müddəti keçmişdir. Hər iki əsasın özü digər əsas olmadan da, iş üzrə icraata xitam verilməsi üçün müstəqil əsas kimi çıxış edir. 1-ci əsas. Belə ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqqında protoolk və protokola əlavədə yalnız T.Qasımovun X3 Bakı Şəhər İdarəsinə elektron qaydada xx.xx.2022-ci il tarixdə ünvanladığı 70387772 saylı Müraciət Vərəqəsi əsas götürülməklə Şəxs MMC barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 70387772 saylı, xx.xx.2022-ci il tarixli müraciət vərəqəsinə əsasən X1 Əmək Müfəttişliyinin web səhifəsinə onlayn müraciət ünvanlamışdır. Həmin müraciətdə T.Qasımov bildirmişdir ki, o, Şəxs MMC-də “qrafik dizayner” vakansiyası üzrə müraciət edib işə qəbul olunmuşdur. 04 həftə orada çalışıb (xx.xx.2022-ci il), lakin, onunla heç bir müqavilə inmzalanmadı və o, xx.xx.2022-ci il tarixində işdən uzaqlaşmışdır. İş materiallarında olan Şəxs MMC-nin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı 24 oktyabr 2022-ci il tarixli məktubuna əsasən 2022-ci ilin avqust ayından etibarən Şəxs MMC-nin Marketinq şöbəsi üçün Motion dizayner vakansiyası aktiv edilib. Bu müddət ərzində vakansiyaya uyğun olan namizədlərlə müsahibələr keçirilib. İşə cəlb olunacaq namizədlərlə qabaqcadan iş haqqında və vəzifə öhdəlikləri haqqında ətraflı görüşlər keçirilib. Vəzifə öhdəliklərinə uyğun olan işçinin seçimi üçün bu namizədlərdən özlərinə məxsus portfolio tələb edilib və müəyyən göstərişlər təyin edilərək, dizayn tapşırıqları verilib. Müraciət edən namizədlə avqust ayının sonlarında ilk görüş keçirildikdən sonra eyni proses tətbiq olunub. Bir neçə tapşırığın icrası həvalə edilmiş və həmin şəxs tərəfindən dizaynlar hazırlanıb təhvil verilmişdir. Təəssüf ki, namizədin iş bacarıqları işin tələblərinə uyğun olmadığı üçün işə qəbul edilməyib. Namizədlə hər hansı bir əmək müqaviləsi bağlanmayıb və əmək prosesinə cəlb olunmayıb. Qeyd etmişdir ki, vakansiya hal-hazırda davam etməkdədir. Məhkəmə qeyd edir ki, T.Qasımovun X3 Bakı Şəhər İdarəsinə elektron qaydada xx.xx.2022-ci il tarixdə ünvanladığı 70387772 saylı Müraciət Vərəqəsi özü özlüyündə sübut hesab edilə bilməz və yalnız həmin sənədə əsasən şəxs inzibati xətanın törədilməsində təqsirli bilinə bilməz. Sübutların nədən ibarət olması İXM-nin 76.1-ci maddəsində sadalanmışdır. Həmin maddəyə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə də şikayət özü-özlüyündə bu iş üzrə sübut hesab edilə bilməz. Əgər şəxs şikayət edib bildirirsə ki, o işlərin yerinə yetirilməsinə qanunsuz cəlb edilib, bu zaman ən azından həmin şəxs çağırılıb İXM-nin müəyyən etdiyi qaydada izahatı alınmalıdır, bu zaman ondan bilə-bilə yalan izahat verməyə görə inzibati məsuliyyət haqqında xəbərdarlıq edilməli və ondan bu barədə iltizam alınmalıdır. Bu tələblərə əməl edilmədən verilmiş şikayət, müraciət, həmin şikayətin və ya müraciətin mətnindəki məlumat sübut kimi inzibati xətanın törədilməsində şəxsin əlehinə istifadə edilə bilməz. Belə olduğu təqdirdə X4 məhkəməyə verdiyi və İXM-nin tələblərinə uyğun olan izahatında göstərmişdir ki, o həmin MMC-də işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir.Düzgün məlumatlandırılmadığı üçün Əmək Müfəttişliyinə səhv müraciət etmişdir. Müraciətin mətnindəki məlumatların yalnış olduğunu bildirmişdir. Belə olduğu təqdirdə MMC-nin əməlində inzibati xəta tərkibinin mövcudluğunu, MMC-nin inzibati xəta törətməsində təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud olmur. Tərtib edilmiş inzibati xəta haqqında protokolun özü isə yeganı sübut kimi çıxış edə bilməz. Bununla da barəsində protokol tərtib edilmiş şəxsin, həmin inzibati xətanı törətməsi ilə bağlı təqsirliliyi sübuta yetirilmir. Təqdim edilmiş sübutlar hüquqi şəxsin inzibati xəta törətməsinin təsdiqi üçün kifayət etmir, yaranmış zidiyyətli məqamlar onun xeyrinə həll edilməlidir. Yuxarıda qeyd edilmiş vəziyyətdə hüquqi şəxsin inzibati xəta törətməsi sübut olunmur. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 2-ci əsas. Hesab etsək də ki, şəxs işlərin yerinə yetirilməsinə cəlb edilib, onda işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərə cəlb edildiyi sonuncu müddət Əmək Müfəttişliyinə ünvanladığı Elektron Müraciətində göstərilən xx.xx.2022-ci il tarixədək olmuşdur. Bununla da inzibati xəta uzanan inzibati xəta olmaqla həmin tarixədək uzanmış və həmin tarixdə bitmişdir. Belə olduğu təqdirdə həm işçi T.Qasımovun bildirdiyi xx.xx.2022-ci il tarixdən, həm müraciətin göndərildiyi, yəni “müraciət edildiyi üçün aşkar edildiyi” xx.xx.2022-ci il tarixdən hesablanmaqla artıq hazırkı vaxtda 03 aydan çox müddət keçmişdir. Bu qəbildən olan işlərə baxılarkən cəlb etmə müddətinin keçib-keçməməsi ilə bağlı məsələlərə hüquqi qiymət verilməklə əsaslandırılmalı, baş vermiş inzibati xətanın hansı tarixdə baş verməsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, hüquq nəzəriyyəsində "davam edən hüquqpozuntuları” dedikdə, zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni qanunsuz əməllər başa düşülür. "Davam edən hüquqpozuntuları” üçün aşağıdakı əlamətlər xasdır: bu hüquqpozuntuları bir-birindən zaman etibarilə ayrılan bir sıra eyni növdən olan müstəqil əməllərdir; bütün qanunsuz əməllər vahid niyyətlə bağlıdır; qanunsuz əməllərə görə qanunvericilikdə müvafiq hüquqi məsuliyyət nəzərdə tutulur. “Uzanan hüquqpozuntuları” isə (cinayət, inzibati xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında - subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. Hazırkı iş üzrə inzibati xəta uzanan inzibati xətalara aiddir. Lakin həmin inzibati xəta hansı vaxta qədər uzanması da hazırkı iş üçün inzibati məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsi üçün əhəmiyyət kəsb edir. Belə ki, əgər inzibati xəta işə məhkəmədə baxıldığı hazırkı vaxtda da uzanmaqda davam etsəydi, onda həmin inzibati xəta üzrə inzibati məsuliyyətə cəlb etmə müddəti İXM-nin 38.2-ci addəsinə uyğun həll edilməliydi. Lakin hazırkı iş üzrə inzibati xəta mövcud olsaydı, xx.xx.2022-ci il tarixədək baş verdiyindən, xəta həmin tarixədək uzanmışdır. Həmin tarixdən bu yana artıq şəxsin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən MMC tərəfindən işlərin yerinə yetirilməsinə cəlb edilməsi mövcud olmamışdır. İXM-nin 38.2-ci maddəsinə əsasən həmin Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Bu səbəbdən də İXM-nin 38.2-ci maddəsindəki “uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gün” müddəası hazırkı iş üzrə xx.xx.2022, həmçinin xx.xx.2022-ci il tarixdən sonrakı vaxt üçün inzibati məsuliyyətə cəlb etmə müddətinin müəyyən edilməsində əhəmiyyəti yoxdur. Əgər inzibati xəta hazırkı vaxtda da uzanmaqda davam etsəydi, onda həmin inzibati xəta üzrə məsuliyyətə cəlb etmə müddəti, xətanın aşkara çıxarıldığı gündən hesablanardı. Çünki səlahiyyətli orqan işi araşdırıb, müəyyən araşdırmadan sonra 1 ay, 3 ay, 1 il və yaxud 2 ildən sonra da həmin xətanı aşkara çıxara bilər. Bu zaman bu hal heç də həmin inzibati xətanın araşdırmasının bitdiyi qeyd edilən 1 ay, 6 ay, 1 il və yaxud 2 ildən sorakı həmin aşkarlanma tarixində “aşkarlanmış” hesab edilməsini göstərmir. Belə olduğu təqdirdə inzibati məsuliyyətə cəlb etmə müddətini tənzimləyən İXM-nin 38-ci maddəsinin və həmin cəlb etmə müddətinin bitməsi zamanı qəbul edilməli olan qərara dair İXM-nin 53.1.6-cı maddəsinin mənasını əhəmiyyətsiz edər. Oxşar münasibətlər üzrə yuxarı instansiya məhkəməsinin oxşar təcrübəsi də formalaşmışdır. Həmçinin oxşar münasibətlər üzrə Konstitusiya Məhkəməsinin də qərarı mövcuddur. Yəni uzanan inzibati xətalar üzrə, əgər artıq inzibati xəta dayanmışdırsa, bitmişdirsə və uzanmırsa, onda həmin inzibati xətaya görə inzibati məsuliyyətə cəlb etmə müddəti, uzanmanın bitdiyi tarixin növbəti günündən hesablanmalıdır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş əməlin törədildiyini müəyyən edərkən nəzərə almalıdırlar ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə müəyyən edilmiş müddət ərzində mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə, habelə ödənilmiş məbləğ geri qaytarılmadıqda, növbəti gün inzibati xətanın törədilməsi günü hesab edilir. Yəni bu cür inzibati xətalarda, xətanın səlahiyyətli orqanın aşkar edildiyi vaxtdan deyil, inzibati xətanın törədilməsinin axımının, yəni uzanmanın bitdiyi vaxtın növbəti günündən hesablanmaqla, inzibati məsuliyyətə cəlb etmə müddəti hesablanır. Beləliklə, hazırkı inzibati xəta haqqında protokolda şəxsin təqsirli bilindiyi inzibati xəta İXMin 38.1-ci maddəsindəki xüsusi qeyd edilmiş - inzibati tənbehin törədildiyi gündən ən geci 01 il keçənədək verilə bilən inzibati xətalardan deyildir. Ona görə də hazırkı iş üzrə artıq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 53.1.6-cı maddəsinə əsasən həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver