Məhkəmə qərarları › İş №3(004)-50/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-50/2024

09.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-50/2024 09.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi ilə, Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X4, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbehvermə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbehvermə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4307/2023 nömrəli qərarı ilə xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında qərar ləğv olunmuşdur. Buna baxmayaraq Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsi yenə də əsassız şəkildə həmin qərarı qüvvədə saxlamış və İXP5563414 saylı inzibati xəta haqqında protokola əsasən ödədiyi cəriməni ona geri qaytarmamışdır. Polis əməkdaşı heç bir ölçü cihazı olmadan gözəyarı yaxın işıqların səpələnməsi, yan tərəfində olan ola ola qarşıdan gələn nəqliyyat vasitəsinin gözünün çıxarması (qıcıqlanması) iddiası ilə qərarı qüvvədə saxlamışdırlar. İşıqların saz olması ilə bağlı məhkəməyə ilkin müraciəti zamanı “Eurostyle” LTD-dən rəsmi sənəd təqdim etmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin şifahi məlumatına görə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(004)-4307/2023 nömrəli qərarında ləğv edilib yox, xitam verilib yazılsa idi ödədiyi cərimə məbləği ona geri qaytarılacaqdı. Buna görə də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbehvermə qərarının ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin 20 oktyabr 2023-cü il tarixli TP seriyalı, ******* nömrəli inzibati tənbehvermə qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona məxsus olan “Seat Leon” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin işıq cihazları əvvəlki sahibi tərəfindən dəyişdirilərək “led” işiqlar qoyulmuşdur. Həmin “led” işiqlar avtomobili istehsal edən şirkətə məxsus edildir. Hazırda həmin işiqları avtomobilin üzərindən çıxardaraq dəyişmiş və ona tədbiq edilən cəriməni ödəmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X6 şikayətin əsassız hesab edilərək təmin edilməməsini xahiş etdi. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin 15 avqust 2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 150 (bir yüz əlli) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsinə əsasən Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair tələblərin pozulmasına, yəni: normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi X10 İdarəsinin 15 avqust 2023-cü il tarixli TP seriyalı, ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar