Məhkəmə qərarları › İş №3(004)-5014/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5014/2022

13.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5014/2022 13.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 19 sentyabr 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC-də texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş lift elektromexaniki X7 tərəfindən bu qaydaların pozulması nəticəsində fiziki şəxs X5 işçisi X1 uzun müdətə pozulmasına səbəb olan sağlamlığın “az ağır” zərər vurmaya aid xəsarət almışdır. Bununla da, X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X14 inzibati xəta haqqında protokolu müdafiə edərək X7 barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X7 bildirmişdir ki, o ünvan 1 ünvanında yerləşən 5 girişdən ibarət yaşayış kompleksinə yerləşən binanın 1-ci blokunda olan sərnişin liftində yaranmış nasazlığın aradan qaldırılması üçün çağırmışdır. X13 həmin binada elektrik vəzifəsində çalışır. Təxminən saat 14-15 radələrində Ə.Abdulov 18-ci mərtəbədə işıqlandırma sistemini yoxlamaq, həmçinin onun işlərinə nəzarət etmək üçün 18-ci mərtbədəki lift otağına daxil olmuşdur. Bu zaman bina sakinləri tərəfindən lift işə salınmış və nəticədə Ədalət Abdulovun sol əli trosla şkiv arasında qalaraq xəsarət almışdır. O hesab edir ki, Ə.Abdulov həmin binanın işçisi olduğu üçün onu həmin əraziyə buraxmaya bilməzdi. Məhkəmənin sualına cavab olaraq boldirmişdir ki, o həmin liftlərdən birini təmir edən zaman digərini söndürməmişdir və həmin ərazini çəpərləməmişdir. Yekun olaraq barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin 06 iyun 2022-ci il tarixli **********5 nömrəli əmrdən görünür ki, baş vermiş bədbəxt hadisənin təhqiq edilməsi üçün 5 nəfərdən ibarət tərkibdə komissiya yaradılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin tərtib edilmiş baş vermiş bədbəxt hadisənin təhqiqat aktından görünür ki, fiziki şəxs X5 elektriki X13 xx.xx.2022-ci il tarixdə saat 09:00 radələrində ünvan 1 ünvanında yerləşən 5 (beş) girişdən ibarət yaşayış kompleksinə iş yerinə gəlmişdir. X2-geyinmə otağında iş paltarlarını geyindikdən sonra fiziki şəxs X11 tərəfindən gün ərzində görüləcək işlərə uyğun iş öncəsi təlimat və iş tapşırığı almışdır. Tapşırığa əsasən Abdulov Ədalət binanın müxtəlif mərtəbələrində nasaz olan elektrik lampalarının dəyişdirilməsi işləri ilə məşğul olmuşdur. Hadisədən bir gün öncə liftdə yaranmış nasazlığın aradan qaldırılması ilə bağlı fiziki şəxs X11 ŞəxsMəhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10/22 nömrəli “Texniki xidmət müqaviləsi”nə əsasən Şəxs MMC-nin lift elektromexaniki X4 zəng edərək binanın 1-ci blokunun sərnişin liftində yaranmış nasazlığın aradan qaldırılması üçün çağırmışdır. xx.xx.2022-ci il tarixdə X7 çağrılan ünvana gələrək sərnişin liftində yaranmış nasazlığın aradan qaldırılması işi ilə məşğul olmuşdur. Həmin günü işini yükunlaşdırmadığına görə yarımçıq qalan işlərinin tamamlanması üçün növbəti gün yəni xx.xx.2022-ci il tarixdə təxminən saat 10:00 radələrində çağrılan ünvana gələrək sərnişin lifti ilə binanın 17-ci mərtəbəsinə qalxmış, daha sonra pilləkən vasitəsilə 18-ci mərtbədəki lift otağına daxil olaraq sərnişin liftində yaranmış nasazlığın aradan qaldırılması işi ilə məşğul olmuşdur. Lakin idarə etmə panelinin üzərindəki manitorda nasazlığı aşkar edə bilmədiyi üçün nahar fasiləsindən sonra tanışı Məmmədov Əfqanı həmin yerə çağıraraq nöqsanın nədən baş verdiyini soruşmuşdur. Bu zaman, təxminən saat 14-15 radələrində Ə.Abdulov 18-ci mərtəbədə işıqlandırma sistemini yoxlamaq, həmçinin E.Məmmədov ilə Ə.Məmmədovun işlərinə nəzarət etmək üçün ilk öncə sərnişin lifti ilə binanın 17-ci mərtəbəsinə qalxmış, daha sonra pilləkən vasitəsilə 18-ci mərtbədəki lift otağına daxil olmuşdur. Bu zaman bina sakinləri tərəfindən lift işə salınmış və nəticədə Abdulov Ədalətin sol əli trosla şkiv arasında qalaraq xəsarət almışdır. Hadisədən sonra Ə.Abdulova ilkin tibbi yardım edilmiş və daha ətraflı müayinə olunması üçün “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsinə aparılmışdır. “Azerbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” publik hüquqi şəxsin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 765 nömrəli məktubda X8 “Sol elin 2-ci barmağın amputasiyası. Sağ əlin 3-cü barmağın bükücü vətərin zədələnməsi” diaqnozlu xəsarət aldığı qeyd olunmuşdur. Azerbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X18 xx.xx.2022-ci il tarixli 415 nömrəli Ekspert rəyində X8 aldığı xəsarətin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa “AZ Ağır” zərər vurmaya aid olduğu göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X10” X16 04 may 2022-ci il tarixli 415 nömrəli rəyindən görünür ki, vətəndaş X9 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ əlin İİ barmağının amputasiyası, sol əlin İİİ barmağının bükücü vətərin zədələnməsi kəsici əşyanın (alətin) təsirindən törənmişlər, özünün dediyi şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla, qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aiddirlər. İş materiallarında olan 15 yanvar 2022-ci il tarixli 10/22 saylı texniki xidmət müqaviləsindən görünür ki, X11 ilə Şəxs arasında 10 ədəd liftə texniki xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmışdır. İş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, X7 Şəxs MMC-də elektromexanik vəzifəsində çalışır. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli Şəxs MMC-nin direktoru tərəfindən təsdiq edilmiş elektromexanikin vəzifə təlimatından görünür ki, elektromexanik lift avadanlığının təmirinə aid olan işlərin yerinə yetirilməsi, liftlərin təmiri zamanı işarəverici plakatlardan istifadə edilməsi, iş yerində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək əsas vəzifə borcları siyahısındadır. İş materiallarında olan Şəxs rəhbərliyi tərəfindən təsdiq edilmiş “Liftlərdə cari və əsaslı təmir zamanı elektromexanik tərəfindən yerinə yetiriləcək təhlükəsizlik texnikası üzrə 01 saylı təlimat”ın “İİ. Liftin maşın otağında iş apardıqda təhlükəsizlik texnikasının tələbləri” bölməsinin 2.15-ci bəndindən görünür ki, Əgər liftin maşın otağında iki və ya daha çox lift qurulubsa, onda onlardan birini təmir etməklə, qalanları söndürməli. Əgər bu şərti yerinə yetirmək mümkün deyilsə digər liftlərin avadanlıqlarını etibarlı çəpərləməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC-də texniki təhlükəsizlik və ya əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş lift elektromexaniki X7 tərəfindən bu qaydaların pozulması nəticəsində fiziki şəxs X5 işçisi X1 uzun müdətə pozulmasına səbəb olan sağlamlığın “az ağır” zərər vurmaya aid xəsarət almışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti tərəfindən isə X3 əməlində inzibati xətanın əlamətlərinin olması müəyyən edildiyindən sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 198.3-cü maddəsinə əsasən Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan biri digərini tamamlayan sübutlar ilə öz təsdiqini tapmışdır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən X3 əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən X3 əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən X3-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar