Məhkəmə qərarları › İş №3(004)-5046/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5046/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5046/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs (tələbkar) - X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 19 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-429/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə Şəxs və X3 müştərək qaydada 31.500 manat pul vəsaitinin tutularaq X5 hesabına ödənilməlidir. Lakin borclu Şəxs icra vərəqəsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)-429/2020 saylı icra vərəqəsinə əsasən, Şəxs və X3 müştərək qaydada 31.500 manat pul vəsaiti tutularaq X7 ödənilməsi qət edilmişdir. Lakin borclu icra sənədini icra etməklə bağlı bizim qanuni tələblərimizi icra etməmişdir. Həmçinin tələbkarlar borcun tam şəkildə ödənilməsini tələb edir. Qeyd edilənləri nəzərə alaraq şəxs barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin icrasından yayınmır. Hazırda maddi vəziyyəti ağır olduğu üçün borcu ödəyə bilmir. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda 500 manat məbləğində pul vəsaitini ödəyə bilir və hər ay 700-800 manat məbləğində pul vəsaitini ödəyəcəyinə dair söz verir. Məhkəmə iclasında iştirak edən tələbkar şəxs X1 Rövşən Sövdəyar oğlundan 500 manat ödənişi qəbul etdiyini, hər ay ona 700-800 manat ödəyəcəyinə dair söz verdiyini, odur ki, göstərilənləri nəzərə alaraq onun barəsində iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 03 fevral 2020-ci il tarixli, 2(004)- 429/2020 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X3 xx.xx.2019-cu il tarixli sadə yazılı şəkildə tərtib edilmiş iltizama(qəbzə)əsasən xx.xx.2019-cu il tarixədək qaytarmalı olduqları 56.500 manat pul vəsaitindən qaytarılmış 25.000 manat çıxılmaqla, ödənilməmiş qalan 31.500 (otuz bir min beş yüz) manat pul müştərək qaydada tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 19 sentyabr 2024-cü il tarixli izahatında o, icra sənədindən xəbərdar olduğunu, qardaşı Babək Muradov ilə onun müştərək qaydada tələbkara 31500 manat borclarının olduğunu, qardaşının İ qrup əlil olduğunu, onun öz payına düşən məbləğdən 8070 manat hal-hazıra qədər ödəniş etdiyini, bundan sonra da davamlı ödəniş edəcəyini, maddi imkanı olmadığı, fəhlə işlədiyi üçün əlinə pul düşdükcə müntəzəm surətdə borcunu qaytardığını, heç vaxt borcunu ödəməkdən yayınmadığını, icra sənədi üzrə bugünədək 8070 manat ödəniş etdiyini, icra sənədi üzrə tələbi tam şəkildə icra etmək iqtidarında olmadığını, adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlakı, həmçinin aidiyyəti təşkilatlarda qiymətli kağızlar və ya əmanəti olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, X9 19 sentyabr 2024-cü il tarixdə Şəxs 500 manat ödənişi qəbul etmişdir. Məhkəməyə təqdim edilmiş qəbzin surətindən görünür ki, Şəxs tələbkara hər ay 700- 800 manat ödəniş edəcəyinə söz vermişdir. X9 tərəfindən təqdim edilmiş 19 sentyabr 2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs 500 manat ödənişi qəbul etdiyini, qarşı tərəfin hər ay 700-800 manat ödəniş etməyinə etiraz etmədiyini, müvəqqəti olaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Bununla yanaşı, məhkəmə iclasında iştirak edən Şəxs borcunun müəyyən hissəsini zərərçəkmiş şəxsə ödəmiş və qalan məbləğin gələn aydan başlayaraq ödənilməsi üçün zərərçəkmiş şəxslə razılıq əldə etmişdir. Göründüyü kimi, Şəxs əməlində üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halı olmamış, həmin borcunun qalan hissəsindən də 500 manat zərərəçəkmiş şəxsə ödəmişdir ki, göstərilən bu hallar Şəxs üzürsüz səbəbdən və ya qərəzli olaraq borcunu ödəməkdən yayınmasını istisna edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs bir müddətdir işsiz olması öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar