Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5052/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi , Bakı şəhər Yasamal RPİ-nin DYP-nin inspektoru X2, şikayətçi X5 iştirakı ilə, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: X9 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət ərizəsi ilə müraciət edərək həmin qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 18 iyul tarixində, saat 09:50 - 09:55 arası Yasamal r-nu, A.M.Şərifzadə 157 küç. yerləşən 3 saylı ASAN xidmət yanındakı yolayırıcısında, şəxsi avtomobili ilə hərəkət edərkən, soldan gələn avtomobilin zərbəsinə məruz qalmışdır. Qeyd edilmişdir ki, o işıqforun yaşıl işığını gözləyib və hərəkətə başlamamışdan 1 saniyə öncə sol tərəfə baxdıqda, yaxın məsafədə mane olacağı və yaxud ona mane olacaq hər hansı avtomobil görməyib və düz istiqamətdə hərəkətə başlayıb. Lakin bir neçə saniyə keçəndən sonra sola baxarkan üstünə avtomobilin hərəkət etdiyini görmüş və dərhal siqnal verərək onun diqqətini cəlb etməyə və qəzanın qarşısını almağa çalışmışdır. Amma buna baxmayaraq, həmin avtomobil dayanmayıb və avtomobilinə zərbə endirmişdir. Zərbə zamanı avtomobildə əyləşən ailə üzvləri, xüsusilə arxada əyləşən qızı çox qorxaraq həyəcan keçirtmişdir. Onu da qeyd etmişdir ki, vurulan zərbə nəticəsində arxa sol qapı tam yararsız hala düşdü və avtomobilin digər hissələrinə də zərər vurulmuşdur. Nəticədə ona və ailəsinə mənəvi gərginlik yaşadan və avtomobilinə külli miqdarda maddi zərər yetirən **-TV-*** Dövlət qeydiyyatı nişanlı Hyundai Elantra markalı avtomobilin sürücüsü X1 r-nu DYP İdarəsinin inspektoru, kapitan Məmmədov Şamil tərəfindən zərərçəkmiş kimi göstərilmiş və onun əleyhimə qərar verilərək İXM - 327.2 maddəsinə əsasən, 1XP5574236 protokol tərtib edilmişdir. Yol-qəzası baş verdiyi anı qeydə alan kameranın görüntüsü, hadisədən bir neçə gün keçəndən sonra ona göstərilmiş, lakin inspektor tərəfindən verilən qərar ilə razılaşmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X9 şikayəti müdafiə edərək bildirmişdir ki, o avtomobillə yolayrıcına daxil olarkən sağa və sola baxmış lakin heç bir maneə görməmişdir. Eyni zamanda hərəkətə başlayarkən onun yolunda işıqforun yaşıl işığı, qarşıda isə qırmızı işıq yanırdı. Ona görə də baş vermiş hadisə heç bir günahı olmadığından barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Bakı şəhər Yasamal RPİ-nin DYP-nin inspektoru X4 şikayət verilən qərarın əsaslı və qanuni olduğunu, şikayətin təmin olunmamasını xahiş etmişdir. Eyni zamanda hadisənin baş verməsini özündə əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək iş materiallarına əlavə olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə, saat 09:50 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı, ** SX *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Şərifzadə ərazisində nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydasını pozmasına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol üzrə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş (yol polisinin nümayəndəsi tərəfindən təqdim edilmiş) bir ədəd DVD diskə məhkəmə baxışı zamanı “Ford Fusion” minik markalı, avtomobilin yolayrıcını keçmə qaydasını pozması öz təsdiqini tapmışdır. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsində qeyd edilmişdir ki, svetoforun icazə siqnalı yanarkən yolayrıcına girmiş sürücü yolayrıcının çıxışında qoyulmuş svetoforun siqnalından asılı olmayaraq, nəzərdə tutulan istiqamətdə dayanmadan hərəkət etməlidir, bu zaman qalan nəqliyyat vasitələri ona maneə törətməməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə inzibati məsuliyyət yaradır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, X9 xx.xx.2023-cü il tarixdə, saat 09:50 radələrində idarə etdiyi “Ford Fusion” minik markalı, ** SX *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi Şərifzadə ərazisində 3 saylı ASAN xidmət yanındakı yolayırıcında nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydasını pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmin inzibati xəta haqqında TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə hesab edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapdığından şikayətin dəlilləri əsassızdır və Bakı şəhər DYPİnin TP ******* saylı, xx.xx.2023-cü il tarixli protokol əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 133-134 və 136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X5 Bakı şəhər DYPİ-nin TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №3(004)-5052/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5052/2023
18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver