Məhkəmə qərarları › İş №3(004)-5063/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5063/2023

27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5063/2023 27.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin, Tələbkar (zərərçəkmiş şəxs) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudova (Kərimova) Aygün Eldar qızının iştirakı ilə xx.xx.1989-cu il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında qeydiyyatda olmaqla yaşayan Mahmudova (Kərimova) Aygün Eldar qızı barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: Mahmudova (Kərimova) Aygün Eldar qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Mahmudova (Kərimova) Aygün Eldar qızından 14944 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat tutularaq X3 verilməlidir. Mahmudova (Kərimova) Aygün Eldar qızı icra vərəqlərinin icrasını üzrsüz səbəbdən yerinə yetirməmişdir. Buna görə də onun barəsində protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Mahmudova (Kərimova) Aygün Eldar qızı məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, maddi imkansızlıqdan və kifayət qədər gəliri olmadığından bu günə qədər tələbkar X3 icra vərəqəsində göstərilən məbləği vaxtlı vaxtında ödəyə bilməmişdir. Eyni zamanda bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır və ona məxsus “Mitsubishi Attrage” minik markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmış və hərracdan əldə edilən 1550 manat məbləğində pul vəsaiti X3 ödənmişdir. Digər tərəfdən qeyd etmişdir ki, bir müddət əvvəl ağır avtomobil qəzası keçirdiyindən hazırda işləyib tələbkarın pulunu tam şəkildə verə bilmir.Himayəsində azyaşlı övladının olmasını, aldığı alımentlə onu təkbaşına böyütməsini, ağır avtomobil qəzası keçirməsi səbəbiylə işləyə bilməməsini və borcu ödəyə bilməməsini üzürlü hesab edərək qəsdən yayınma kimi qəbul etməyərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X4, icra vərəqəsi üzrə borclu Mahmudova (Kərimova) Aygün Eldar qızının bu günə qədər borcunu tam şəkildə ödəniş etməməsini bildirmişdir. Borclu barəsində hazırda inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Mahmudova (Kərimova) Aygün Eldar qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Mahmudova (Kərimova) Aygün Eldar qızından 14944 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat pul tutularaq X3 verilməlidir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 47/23 saylı hərracın yekunları barədə protokoldan görünür ki, Mahmudova (Kərimova) Aygün Eldar qızına məxsus “Mitsubishi Attrage” minik markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil 1500 manat ilkin alış qiyməti müəyyən olunmaqla açıq hərraca çıxarılmış və yekunda 1550 manata satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 119321/31 ödəniş tapşırığından görünür ki, 1550 manat məbləğində pu vəsaiti Kapitalbank ASC vasitəsilə təyinatı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası olmaqla Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Mahmudova (Kərimova) Aygün Eldar qızı barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Digər tərəfdən məhkəmə iclasında müəyyən edilmişdir ki, borclunun mülkiyyətində olan minik avtomobili açıq hərracda satılaraq borcun icrası məqsədilə tələbkara ödənilməklə yanaşı, borclu tərəfindən imkanı olduğu halda qətnamə ilə yaranmış borcun tam şəkildə ödənilməsinə dair söz verilmişdir. Məhkəmə eyni zamanda Mahmudova (Kərimova) Aygün Eldar qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə əlaqədar bildirir ki, hazırda şəxsin işləməməsi, avto qəza keçirməsini (bu halı tələbkar da etiraf edir), himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və boşandığı üçün yalnız aldığı aliment qismində gəlirinin olmasını hər hansı bir digər gəlir mənbəyinin və mülkiyyətində daşınar və ya daşınmaz əşya olmaması faktları nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Mahmudova (Kərimova) Aygün Eldar qızının əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Mahmudova (Kərimova) Aygün Eldar qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Yasamal Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar