Məhkəmə qərarları › İş №3(004)-507/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-507/2021

15.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-507/2021 15.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə o, öz şəxsi avtomobili ilə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılmış və heç bir xəbərdarləq edilmədən barəsində xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən barəsində tərtib edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən G.S.Əliyeva ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nə lazmı qaydada məlumat verilsə də Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmir və iştirak etməməsinin səbəbəri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayətçinin çıxışını dinləyərək, şikayəti, habelə iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, G.S.Əliyeva xx xxxxxx 2021-ci il tarixdə epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, G.S.Əliyeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin sahə inspektoru tərəfindən G.S.Əliyevanın barəsində MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Daha sonra heç bir inzibati araşdırma aparılmadan Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ilə G.S.Əliyeva Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərədə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Qeyd edilən qərar qəbul edilərkən G.S.Əliyevaya istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən heç bir sübut araşdırılmamış, bundan əlavə hazırki işə məhkəmədə baxılarkən Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş və G.S.Əliyevaya istinad edilən inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs G.S.Əliyeva isə ona istinad edilən inzibati xəta hadisəsini törətmədiyini bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı şəxsin inzibati xəta törədibtörətməməsini sübut etmək vəzifəsi səlahiyyətli dövlət orqanının üzərinə düşür. İndiki halda isə G.S.Əliyevaya istinad edilən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, G.S.Əliyevanın təqsiri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədiyi üçün o, təqsirsiz hesab edilməli və barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi G.S.Əliyevanın əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PBnin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin olunsun. Bakı şəhəri Yasamal RPİ-nin 27-ci PB-nin xx xxxxxx 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar