Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5081/2025 07.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X7 iclas katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, X9 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 İsmayıl-Əfəndiyeviç Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırmışdır ki, X2 "xxxx" ASC-nin əməkdaşı X3 ölümü ilə bağlı X8 Xidmətinə məlumat verilmədiyinə görə onun barəsində xx.xx.2025-ci il tarixli, MN1870871 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Bildirir ki, xx.xx.2025-ci il tarixində iş vaxtından sonra paltar dəyişmə otağında "xxxx" ASC-nin əməkdaşları X4 və X3 arasında şəxsi münasibətlərlə bağlı mübahisə yaranmış, X4 yumruqla və orada gördüyü su stəkanı ilə X3 başına zərbələr endirmişdir. Bu zərbənin təsirindən bir qədər sonra X6 vəfat etmişdir. Göründüyü kimi, baş vermiş hadisə istehsalatda baş verən bədbəxt hadisə kimi qeydə alına bilməz. Onu da qeyd edir ki, hadisə ilə bağlı Səbail Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1 -ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi açılmışdır. Bunu Səbail Rayon Prokurorluğunun "xxxx" ASC-yə ünvanladığı sorğu təsdiq edir. X1 barəsində verilmiş ölüm haqqında şəhadətnamədə də onun ölüm səbəbi kimi “başın çoxsaylı açıq yaraları” qeyd edilmişdir. Yuxarıda qeyd edilən qərardan da aydın olur ki, əgər X3 ölümü istehsalatda baş verən bədbəxt hadisə olsaydı, bu barədə X8 Xidmətinə məlumat verilməli idi. Qeyd edilən hadisə istehsalatda baş verən bədbəxt hadisə olmadığı üçün X8 Xidmətinə məlumat vermək öhdəlikləri olmamışdır. Odur ki, hesab edir ki, onun barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN1870871 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsassızdır və həmin qərar ləğv edilməlidir. xx.xx.2025-ci il tarixli, MN1870871 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xətaya dair iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı Şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Bildirdi ki, mərhumun yoldaşı bildirmişdir ki, hadisə ayın 10-u saat 16-da olub. Lakin digər mənbə iş vaxtından sonra olmasını bildirir. Ona görə məsələ müfəttişlik tərəfindən araşdırılmalıdır. Qadın təzminat üçün NK-ya müraciət etmişdir. İstehsalatda bədbəxt hadisə olması onların inzibati orqanı tərəfindən də qiymətləndirilməlidir. Belə ki, “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2-ci bəndinə görə əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə bu hal təhqiq edilməlidir. Yəni, müvafiq dövlət qurumu tərəfindən araşdırılmalıdır. Araşdırmanın nəticəsi isə fərqli ola bilər, yəni istehsalatda bədbaxt hadisə kimi uçota alına bilər və ya bilməz bu artıq təhqiqatın nəticəsi olacaq. Hazırki məsələdə işəgötürən əmək müfəttişliyinə hadisə barədə məlumat verməli idi və bunu etmədiyinə görə müəssisənin direktoru cərimə edilmişdir. Şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişdir. xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X12-Əfəndiyeviç X2 "xxxx" ASC-nin əməkdaşı X3 xx.xx.2025-ci il tarixdə ölümü ilə bağlı hadisənin araşdırılması məqsədilə DƏMX-ə məlumat vermədiyinə görə, İXM-in 555.1-ci maddəsi ilə təqsirli bilinib 2000 manat cərimə edilmişdir. Həmin qərar xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə protokol əsasında qəbul edilmişdir. İş materiallarında olan qeyd edilən protokolun surətindən görünür ki, faktiki olaraq şikayət vermiş şəxs tərəfindən protokolda göstərilən əməlin törədilməsi təsdiq edilir. Bundan əlavə məhkəmə qeyd edir ki, şikayətin məzmunundan belə görünür ki, şikayət verən şəxs X2 "xxxx" ASC-nin əməkdaşı X3 xx.xx.2025-ci il tarixdə ölümü ilə bağlı hadisənin araşdırılması məqsədilə DƏMX-ə məlumat vermədiyini təsdiq edir. Şikayətçinin göstərdiyi şəraitdə onun hərəkətlərində təqsirli bilindiyi İXM-nin həmin maddəsinin tərkibi vardır. Şikayətçi şikayətində onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin müəyyən edilir ki, sanksiya həddində inzibati tənbeh tətbiq edilmişdir. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.2-ci bəndinə görə işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən; müəssisəyə məxsus və müəssisənin müqaviləsi (sifarişi) əsasında kənar təşkilatlardan verilmiş nəqliyyatda işə gedərkən, yaxud işdən qayıdarkən; müəssisənin ərazisində, yaxud başqa iş yerində iş vaxtı müəyyən edilmiş fasilələr də daxil olmaqla, işçi işə başlamazdan əvvəlki və ya işi qurtarıb müəssisədən çıxan vaxt ərzində; keçirildiyi yerdən asılı olmayaraq, müəssisə tərəfindən iməclik tədbirləri keçirildiyi müddətdə; işçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddətdə; istehsal avadanlıqları və obyektlərində qəza zamanı; növbə istirahətində olan işçilər (bələdçi, refrijator briqadasının işçisi, növbədə olan sürücü, dəniz, çay nəqliyyatlarının ekipaj və hava gəmilərinin heyət üzvləri, növbə ekspedisiya üsulu ilə işləyənlər və başqaları) növbə (vaxta) qəsəbəsinin ərazisində olduqları vaxt; işçilər xidmət obyektlərinin arasında hərəkət etməklə (iş vaxtı ümumi istifadədə olan nəqliyyatda, yaxud piyada gedərkən, həmçinin işəgötürənin (onun vəzifəli şəxslərinin tapşırığını yerinə yetirərkən) fəaliyyət göstərdikləri müddətdə; işəgötürənin yazılı sərəncamına əsasən, əmək vəzifələrini şəxsi minik maşınında yerinə yetirdiyi vaxt; əmək vəzifələrini yerinə yetirərkən işçiyə başqa şəxs tərəfindən bədən xəsarətləri yetirildikdə, yaxud o öldürüldükdə; əmək vəzifələrini yerinə yetirərkən itkin düşmə, zədələnmələr, peşə xəstəlikləri və zəhərlənmələr, istivurma, yanma, donma, suda boğulma, ildırım vurma, fauna və flora növləri ilə təmas nəticəsində zədələnmələr, tibbi rəyə əsasən istehsalatda əmək şəraiti ilə əlaqəli infarkt, insult, həmçinin təbii fəlakətlər (zəlzələ, sürüşmə, daşqın, qasırğa və s.) zamanı. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1.7-ci bəndinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X8 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X8 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Azərbaycan Respublikası İXM-in 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 İsmayıl-Əfəndiyeviçin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin MN ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5081/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5081/2025
07.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver