Məhkəmə qərarları › İş №3(004)-5094/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5094/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5094/2025 11.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Şükürov Rauf Azər oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1, Tələbkar "xxxx" MMC-nin nümayəndələri, vəkil Nümayəndə2 və Nümayəndə3 iştirakları ilə, ünvan 1-da yerləşən Şəxs MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Bakı Şəhəri Yasamal Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yasamal Rayon İcra Şöbəsi (icra məmuru X2) tərəfindən Şəxs MMC barəsində İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixdə MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir ondan ötəri ki, Bakı Kommersiya Məhkəməsinin 2- 2(113)-977/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış ‘‘Lazer aparatı aldı və aldandı! X4” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin videoçarxda səsləndirilmiş ‘‘Məqsəd avadanlığın mənşəyini alıcıdan gizlədərək ... alıcını özündən asılı vəziyyətə salmaq, dəfələrlə baha qiymətə ehtiyat hissələrini satmaqdır” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube" platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilmişdir. Cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə paylaşılmış videoçarx üzərinə qeyd edilmiş “40 000-ə xarab cihaz satıldı; Servis xidməti göstərilmədi” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilmişdir. Cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2023cü il tarixdə paylaşılmış “Lazer aparatı aldı və aldandı. X3” başlıqlı videoçarx çarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023-cü il tarixdə yayımlanmış qısaldılmış videoçarx üzərində qeyd olunan “600 Vt gücünə sahib “WERTEX” cihazını 900 Vt deyib, aldadaraq satdılar; Cihazın texniki məlumatları şişirdilərək alıcı aldadılıb; Cihazını qıraqdan idarə edərək, pul tələb etdilər” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilmişdir. Cavabdeh Şəxsnə məxsus “Youtube” platformasındakı hesabında xx.xx.2024-cü il tarixdə paylaşılmış “Saxta reklamlar. Lazer epilyasiya cihazları haqda düzgün texniki məlumatlar” başlıqlı videoçarxın silinməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin videoçarxda səsləndirilmiş “Siz, “Az Estetik” kollektivi insanlara, alıcılarınıza, müştərilərinizə illərlə yalan danışmaqdan, onları aldatmaqdan doymadınız... “Az Estetik” şirkəti sizi aldadıb. “Az Estetik” şirkəti sizi aldatmağa davam edir... “FG 2000 D” modelinin 600 və 1200 Vattlıq enerji yaradan bar qurğuları Amerika istehsalı deyil”... “A 7 və A 8 cihazlarının bar sistemi Amerika istsehsalı deyil” kimi ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Youtube” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilmişdir. Cavabdeh Şəxsnə məxsus “Tiktok” platformasındakı hesabında xx.xx.2023 tarixdə paylaşılmış videoçarxın “rəylər” hissəsində yazılan “Aparata ödəniş etməyəndə bağlaya bilirlər?” sualına cavabdehə məxsus hesabdan “Nəinki etməyəndə, edəndə belə bağlayırlar. Əlavə pul əldə etmək üçün” cavab yazısındakı ifadələr (məlumatlar) həqiqətə uyğun olmayan, iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilməklə, həmin məlumatların həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən ona məxsus “Tiktok” platformasındakı hesabında videoçarx vasitəsi ilə təkzib verilmişdir. Borclu icra vərəqəsində göstərilən tələbləri icra etmir və icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Beləliklə də borclu icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Protokol tərtib etmiş Yasamal Rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəməyə verdiyi izahatında bildirdi ki, borclu müxtəlif bəhanələrlə icradan yayınmış və üzrsüz səbəbdən icra vərəqəsini icra etməmişdir. Bununla da həmin şəxs tərəfindən İXM-in 528.1-ci madldəsinin tələbləri pozulmuşdur. Əlavə olaraq icra məmuru bildirmişdir ki, borcluya xx.xx.2025-ci il tarixdə xəbərdarlıq edilmişdir, şəxs xəbərdarlığı rəsmi qəbul etmişdir. Bundan sonra həmin tarixdə şəxsin izahatı alınmışdır. Digər hər hansı formada bildirişin borcluya könüllü icra müddəti olan 10 gündən əvvəl çatdırılmasına dair sübut yoxdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında bildirdi ki, icra sənədi barədə məlumatlıdır, lakin hazırda özünü təqsirli hesab etmir. Belə ki, icra məmuru tərəfindən ona hər hansı sənəd təqdim edilməmiş, özü icra şöbəsinə dəvət edilməiş, tələbin könüllü icrası haqqında bildiriş ona təqdim edilməmişdir. Yalnız xəbərdarlıqdan 3-4 gün keçəndən sonra onun barəsində protokol tərtib edilmişdir. Bu icra qaydalarına ziddir. Ona görə də o həmin icra sənədini icra etməkdən yayınmamışdır. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, şəxsin elektron kabineti və elektron imzalı tələbin könüllü icrası haqqında bildiriş ora yerləşdirilmişdir. Ona görə də hesab edir ki, bildiriş borclu hüquqi şəxsə vaxtında çatdırılıb. Barışıq üçün hazırda borclu hər hansı addım atmayıb və təkzibdən əlavə pul ödənilməlidir, lakin həmin pul hələb ödənilməyib. Hazırda hesab edir ki, borclu hüquqi şəxsin rəhbəri tənbeh edilməlidir. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında bildirdi ki, vəkilin dedikləri ilə razıdır və borclu şəxsin məsuliyyətə cəlb olunmasını xahiş edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsaslar vardır. Belə ki, şəxsin İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinməsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilməsinə səbəbə olmuş məhkəmə qərarı Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-977/24 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədardır. Həmin icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış, qərara əsasən tələbin könüllü icrası barədə borcluya 10 günlük müddət verilmişdir. Həmin icra sənədi barədə, icraata başlama barədə, könüllü icra müddəti barədə borcluya xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. Bildiriş ünvan 1 ünvanına göndərilmişdir Həmin bildirişin çatdırılmasına dair sübut mövcud deyildir. Beləliklə, borclu üçün həmin icra sənədinin icrasına dair könüllü icra müddəti müəyyən edilmişdir. Həmin müddətin başlanğıcı borclunun bu barədə rəsmi məlumatlandırıldığı gündən hesablanır. Adından da göründüyü kimi, könüllü icra müddəti ərzində borclu icra sənədini icra etməkdə könüllüdür. Ona görə də həmin könüllü icra müddətinin sonuna qədər gözlənilib, borclunun bu müddət ərzində icra sənədini könüllü icra etmək hüququ təmin edilməlidir. Lakin icra məmuru tərəfindən təqdim edilmiş protokol və əlavə edilmiş sənədlərdən, icra işinin materiallarından könüllü icra müddəti barədə göndərilmiş həmin bildirişin borcluya vaxtında rəsmi qaydada çatdırılması, borclunun həmin bildirişi alması, lakin bildirişdə göstərilmiş könüllü icra müddətinin bitsə də, icra sənədinin icra edilməməsi müəyyən edilmir. Həmin bildirişin vaxtında çatdırılmasına dair sübut mövcud deyildir. Məhkəmə iclasında araşdırılmış sənədlərdən bildirişin çatdırılması, icra sənədi barədə borclunun məlumatlandırılması yalnız xx.xx.2025-ci il tarixdə borclunun izahatı alınarkən baş tutmuşdur, ona görə də könüllü icra müddəti xx.xx.2025-ci il tarixdə bitəcəkdir. İcra işi də məhkəmə iclasında öyrənilmiş, həmin tarixdən əvvəl borclunun məlumatlandırılması iş materialları ilə təsdiq edilmir. Çünki həmin tarixdən əvvəlki hər hansı bir vaxtda bildirişin çatdırılması və icra sənədi barədə məlumatlandırma barədə sübut mövcud deyildir. Belə olduğu təqdirdə könüllü icra müddəti barədə məlumatlandırıldığı vaxtdan həmin könüllü icra müddəti üçün müəyyən edilmiş vaxt keçmədən, şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinə bilməz, həmçinin məlumatı olmayan sənədin icrasında şəxs təqsirli sayıla bilməz, bu cür vəziyyətdə şəxsin əməlindən inzibati xəta tərkibi mövcud olmur. Buna görə də məhkəmə qeyd edir ki, inzibati xəta əlamətlərinin formal mövcudluğu, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün yetərli deyildir. İnzibati xəta əlamətləri formal cəhətdən mövcuddursa da, həmin xətanın törədilməsində şəxsin təqsiri müəyyən edilməlidir. Təqsirsiz olaraq və ya şəxsin iradəsindən asılı olmayaraq baş vermiş nöqsan, şəxsin inzibati məsuliyyətinə səbəb ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Şəxsin əməlində inzibati xətanın elementlərindən olan obyektiv və subyektiv cəhətlər yoxdur. Belə bir vəziyyətdə şəxsin inzibati xətanın törədilməsində qəsdinin və ya ehtiyatsızlığının nədən ibarət olmasına dair də sübut təqdim edilməmişdir. Ümumiyyətlə bunları təsdiq edən sübut toplamamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti həmçinin İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi həmin Məcəllədən ibarətdir. İXM-nin 1.3-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən və inzibati xəta törətmiş şəxsin tənbeh edilməsini nəzərdə tutan qanunlar yalnız bu Məcəlləyə daxil olduqdan sonra tətbiq edilir. İXM-in İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə yol verilmir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanın anlayışından bəhs edilən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmədə müəyyən edilmiş yuxarıda qeyd edilən işin halları və sadalanan normalara əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə və protokolda təqsirli bilindiyi İXM-in maddəsi üzrə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, protokolda göstərilən İXM-in maddəsi üzrə inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Bu barədə sübutlar kifayət etmir. Şübhələr və ziddiyyətli məqamlar şəxsin xeyrinə həll etməlidir. İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXMin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də İXM-in 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. İXM-in 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Qeyd olunanlara əsasən inzibati xəta haqqında işi üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar