Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5121/2022 29.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərovun sədrliyi, X1 iclas katibliyi ilə xx.xx.2004-cü ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Gədəbəy rayonu, Samanlıq kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə özünü Samir Məmmədov kimi təqdim edərək (telefon nömrəsi ***-***-**-**) internetdə “Tap.az” saytında tanış olduğu, X5 ilə əlaqə saxlayaraq aralarında olan razılaşmaya əsasən onun satdığı “İphone 13” markalı mobil telefonu almaq məqsədi ilə “Nizami” metrostansiyasının yaxınlığında yerləşən “Qrand market”də yerləşən “Milli ön” ödəmə terminalı vasitəsi ilə X5 onun kart hesabına beh olaraq 105 manat pul ödəmiş, lakin özünü Məmmədov Samir kimi təqdim etmiş şəxs Nadiri aldadaraq verdiyi vədə əməl etməmiş və onun beh olaraq göndərdiyi 105 manat pulu mənimsəmişdir, X2 qeyd edilən məbləğdə maddi ziyan vurmaqla, dələduzluq edərək xırda talama əməli törətmişdir. Bununla da o, İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi tərəfindən xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək bildirdi ki, o, maddi ehtiyacı ucbatından protokolda göstərilən əməli törətmiş, vətəndaşa maddi ziyan vurmuşdur. Həmçinin bu əməldən başqa digər 10 nəfərdən artıq bu cür formada da vətəndaşları aldadarıq pullarını ələ keçirmişdir. Vurduğu ziyanı hələ də ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs X5 bildirdi ki, özünə mobil telefon almaq məqsədi ilə internetdə yerləşdirilmiş elanlara baxarkən “Tap Az.” saytında “İphone 13” markalı mobil telefonun satılması ilə bağlı elana rast gəlmiş, həmin elanı yerləşdirən şəxslə ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Elanı yerləşdirmiş şəxs özünü Məmmədov Samir kimi təqdim edərək Sədərək rayonundan olduğunu və hazırda da Sədərək rayonunda telefon satışı mağazasında işlədiyini qeyd etmiş, satdığı telefonun da mağazada olduğunu bildirmişdir. Həmin telefonun satılması ilə bağlı şərtlər (kreditlə olmaq şərti ilə 1400 manata) Nadiri qane etdiyindən Nadir həmin telefonu almaq istədiyini bildirmiş və Samir ilkin olaraq Nadirdən beh olaraq 200 manat pul istəmişdir. Nadir isə özündə cəmi 105 manat pulunun olduğunu bildirdikdə Samir etiraz etməmişdir. Eyni zamanda telefon əlaqəsi zamanı onlar razılaşmışdırlar ki. Nadir pulu ödədikdən sonra Samir həmin telefonu taksi ilə Naxçıvan şəhərinə Nadirin qohumuna göndərəcəkdir. Bundan sonra Nadir “Nizami" metrostansiyasının yaxınlığında yerləşən Qrand marketin içərisindəki “Milli ön” aparatının qarşısından Samirə zəng etmiş, Samir kart hesabının nömrəsini Nadirə demiş və Nadir həmin aparatdan Samirin dediyi kart hesabına 105 manat pul ödəmişdir. Samir guya telefonu göndərdiyi taksi sürücüsünün mobil nömrəsini Nadirə vermiş. Nadir bir neçə dəfə həmin mobil nömrəyə zəng edərkən telefona zəng çatmamışdır. Nadir təkrar Samirlə əlaqə saxlamaq istədikdə Samir Nadirin telefonunu bloka atmışdır. Bundan sonra Nadir Samir adlı şəxsin onu aldatdığıı başa düşərək şikayət etmək qərarına gəlmişdir. X5 izahatında bildirmişdir ki, Samir adlı şəxsə ödədiyi 105 manat pulun qəbzində Ad, soyad, ata adı hissəsində Sa-Ma-Fa kimi qeyd olunmuşdur. Bundan sonra polisə şikayət etmişdir. Ötən müddət ərzində ona dəymiş ziyan ödənilməmişdir. Şikayətçidir. Təqsirləndirilən şəxsin ağır formada cəzalandırılmasını xahiş edir. Protokol tərtib etmiş Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinin sahə inspektoru X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs protokolda göstərilən əməli törətmişdir. Onun barəsində həmin əmələ görə cinayət işinin başlanılması rədd edilmişdir, həmin qərarlar əsasında hazırkı inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. Həmçinin hazırda aparılan araşdırmaya əsasən onun 100-lərlə bu formada dələduzluq edərək vətəndaşları aldatması halları araşdırılır. Sadəcə müddət az olduğu üçün hazırda bu faktla bağlı protokol tərtib edilmişdir. Digər faktlar Bakı şəhər Baş Polis İdarəsində araşdırılmaqdadır. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin təhqiqatçısı Səyyad Gözəlovun xx.xx.2022-ci il tarixli qərarına əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən məhkəməyə təqdim edilmiş yuxarıda qeyd edilən protokoldakı əməlin törədilməsi müəyyən edilmişdir. İXM-in 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talama əməli inzibati xəta kimi müəyyən edilmişdir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, özünün məhkəməyə verdiyi izahatı, məhkəməyədək verdiyi yazılı izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İş materiallarındakı xx.xx.2022-ci il tarixli tutma protokoluna əsasən Şəxs həmin tarixdə saat 19:00 radələrində tutulmuşdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər, ona görə də həmin növündə inzibati tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və yaşını nəzərə alaraq inzibati həbsin müddətini müəyyən edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, 30 gün (otuz gün) müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixindən, saat 19:00 dəqiqədən hesablansın. Qərar dərhal icra edilsin. Şəxsin inzibati həbsin icrası yerinə çatdırılması Bakı şəhəri Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №3(004)-5121/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5121/2022
29.09.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver