Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5127/2024 30.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi, X1 nümayəndəsi və vəkili X7 iştirakları ilə, Şikayətçi "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 Xidmətinin qərarı ilə "xxxx" MMCnin direktoru X5 İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iş üzrə icraata inzibati xəta hadisəsi olmaması səbəbindən xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında protokoldan və qərardan görünür ki, qərar qəbul etmiş vəzifəli şəxsin mövqeyinə əsasən, "xxxx" MMC tərəfindən X8 xx.xx.2024-cü il tarixindən hazırki vaxtadək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Buna görə də "xxxx" MMC-nin direktoru X6 tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X9 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda, eləcə də inzibati xəta haqqında qərarda qeyd olunmuşdur ki, guya "xxxx" MMC tərəfindən X8 xx.xx.2024-cü il tarixindən hazırki vaxtadək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Qeyd olunan hal tamamilə əsassız olmaqla, absurddur və bu halı təsdiq edə biləcək hər hansı bir sübut mövcud deyildir. Ümumiyyətlə belə bir halın özü mövcud olmamışdır. Belə ki, inzibati icraatı aparan DƏMX öz mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, guya "xxxx" MMC tərəfindən Qarabağ ərazisinə daxil olmaq üçün müvafiq portalda X8 adına xx.xx.2024-cü il tarixindən icazə alınmış, lakin onun "xxxx" MMC ilə əmək müqaviləsi mövcud deyildir. Bununla bağlı bildirmək istəyir ki, "xxxx" MMC-nin ümumiyyətlə X8 adlı işçisi olmamışdır və onunla da hər hansı bir əmək müqaviləsi bağlanmamışdır. "xxxx" MMC "xxxx" MMC-nin subpodratçı Şirkətidir. Onlar kimi bütün subpodratçılar öz işçiləri barədə məlumatları siyahıya alıb, "xxxx" MMC-yə təqdim edirlər. "xxxx" isə öz tərəfindən həmin məlumatları Qarabağ İdarəsinə elektron giriş sisteminə daxil etmək üçün təqdim etmişdirlər. Bu Prosesdə nəinki "xxxx", həmçinin "xxxx" MMC də sərbəst qaydada Qarabağ ərazisinə buraxılış icazəsi almır və təbii ki, burada işçimiz olmayan X4 işçi kimi daxil edilməsi biz tərəfdən olmamış, onun barəsində Sifarişçiyə hər hansı bir məlumatlar verməmişdirlər. Belə olan halda aydın olur ki, inzibati xəta haqqında qərarda göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixində və ondan sonrakı dövrdə də həmin şəxslə "xxxx" MMC arasında hər hansı əmək müqaviləsi olmamışdır. Bu səbəbədən də hesab edir ki, hazırki halda inzibati xəta hadisəsi mövcud deyildir, barəsində inzibati təhbehin (3000 manat cərimə) tətbiq edilməsi barədə qərar tam əsassızdır. Bundan əlavə qeyd etmək istəyir ki, "xxxx" MMC ilə "xxxx" MMC arasında müvafiq müqavilələr bağlanmış və həmin müqavilələrin icrası ilə bağlı "xxxx" MMC Qarabağ regionunda tikinti-quraşdırma işlərini həyata keçirir. İşlərin icrasını təmin etmək üçün MMC-nin işçilərinin həmin ərazilərə keçidi təmin etmək məqsədilə müvafiq portal vasitəsilə keçid icazələrinin alınması üçün MMC tərəfindən Sifarişçi qismində həm AZCD Group MMC-yə müraciətlər olunur. AZCD Group isə öz növbəsində Qarabağ İdarəsinə müraciət edir və həmin qurum tərəfindən isə portala icazələr vurulur. Hər hansı bir işçi işdən çıxan zaman da yenə eyni qaydada işçilərin keçid icazələrinə xitam verilməsi barədə qeyd olunan qurumlara müraciətlər olunur və onlar tərəfindən icazələr deaktiv olunur. Yəni "xxxx" MMC-nin özünün birbaşa olaraq müvafiq portala icazə almaq, eləcə də həmin icazələrə xitamı ilə bağlı müvafiq portala işləmək kimi bir səlahiyyəti yoxdur. Onu da qeyd etmək istəyir ki, hazırki inzibati icraat üzrə eyni məsələ ilə bağlı həm də direktoru olduğu hüquqi şəxs "xxxx" MMC barəsində də eyni protokol tərtib olunaraq baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin 3(004)- 3829/2024 saylı inzibati xəta haqqında iş üzrə xx.xx.2024-cü il tarixli iclasında qeyd olunan məsələlər araşdırılmış və inzibati xəta haqqında protokolda əks olunanların, yəni "xxxx" MMC tərəfindən Abbasov Vəzirin xx.xx.2024-cü il tarixindən AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi faktının olmadığı müəyyən olunmuş, bu barədə protokol tərtib etmiş orqan tərəfindən müvafiq sübutun təqdim edilməməsi, eləcə də belə bir sübutun mövcud olmadığı müəyyən edilmiş və məhz bu səbəbdən də Məhkəmənin 3(004)-3829/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə tərtib olunmuş inzibati xəta haqqında protokol geri qaytarılmışdır. (Məhkəmənin həmin qərardadı əlavə olunur) Həmçinin qeyd etmək istəyir ki, anoloji halla bağlı Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1381/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da qeyd olunmuşdur ki, “DƏMX isə Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Şəxs MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır” Barəsində qəbul edilmiş inzibati xəta haqqında qərarla təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edildiyim AR İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəzərdə tutulmuşdur. Belə olan halda aydın olur ki, inzibati xəta haqqında qərarda göstərilən şəxs həmin müddətdə "xxxx" MMC-nin ümumiyyətlə işçisi olmamışdır və həmin şəxs heç bir zaman Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməmişdir. Göründüyü kimi hazırki halda X9 Xidməti tərəfindən barəmdə 18 iyul 2024-cü il tarixdə qərar qəbul edilərkən inzibati xəta hadisəsi olmamışdır. Məhz bu səbəbdən də həmin qərar ləğv edilməli və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmaması səbəbindən xitam verilməlidir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hazırki şikayətə baxılması ilə bağlı məhkəmə aidiyyəti ilə əlaqədar qeyd etmək istəyir ki, qüvvədə olan qanunvericiliyin tələblərinə, eləcə də anoloji iş üzrə qüvvədə olan məhkəmə qərarına əsasən hazırki şikayətə Yasamal Rayon Məhkəməsində baxılmalıdır. X9 Xidmətinin qərarı poçt vasitəsilə ona xx.xx.2024-cü il tarixində çatdırılmışdır, hər hansı bir prosessual müddətlər tərəfindən ötürülməmişdir. X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə 3000 manat məbləğində cərimə edilməsi barədə X9 Xidmətinin MN № ******* saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iş üzrə icraata inzibati xəta hadisəsinin olmaması səbəbindən xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət vermiş şəxsin nümayəndəsi və vəkili X12 məhkəmə iclasında bildirdi ki, eyni məzmunlu və eyni hal barədə protokol rəhbəri olduğu hüquqi şəxs "xxxx" MMC barəsində tərtib olunaraq baxılması üçün Bakı Şəhəri Yaşamal Rayon Məhkəməsinə göndərilmiş və həmin iş üzrə protokolun geri qaytarılması haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq hesab edir ki, direktor tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərdə iş icazəsi alınmış X8 adına Nazirliyin Əmək və Məşğulluq altsistemində qüvvədə olan əmək müqaviləsi bildirişi aşkar edilməmiş həmin işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən daxil olan məlumatlar əsasında aparılan inzibati xəta haqqında iş üzrə icraat qanunvericiliyin tələblərinə uyğun olmamış, iş üzrə bütün faktiki halları tam və hərtərəfli qaydada öyrənmək üçün lazımi təbdirlər görülməmiş, yalnız daxil olan məlumat əsasında protokol tərtib edilərək iş materialları məhkəməyə göndərilmiş, vətəndaş X4 izahatı alınaraq zəruri araşdırma aparılmamış, həmin vətəndaşla "xxxx" MMC-nin arasında hər hansı bir əmək münasibətinin yaranıb-yaranmaması dəqiqləşdirilməmişdir. Bununla da şəxsin təqsirliliyini sübut edən kifayət qədər dəlil toplanılmamış və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən prosessual normalara və sübutetmə vəzifəsinə əməl olunmamışdır. Belə ki, qanunvericiliyin tələbinə görə dövlət orqanlarından (qurumlarından) məlumatların daxil olması inzibati xəta haqqında iş üzrə icraata başlama səbəblərindən biridir və inzibati araşdırma tələb olunduğu halda, inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs bu barədə qərardad qəbul edib işin bütün hallarını araşdırmalıdır. Müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının X9 Xidməti Bakı Şəhər İdarəsi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş məlumat əsasında yalnız Nazirliyi altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni "xxxx" MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxsin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara gedib-getməməsini, həmin rayonlara getmişdirsə, hüquqi şəxs tərəfindən orada əməyə cəlb olunub-olunmamasını araşdırmamışdır. Belə olan vəziyyətdə, X4 həqiqətən məlumatda qeyd edilən tarixlərdə qeyd edilən rayonlara gedib-getməməsi, icazə almaqla həmin ərazilərə getmişdirsə orada "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməməsi müəyyənləşdirilməli idi. Həmin şəxs üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onun əməyə cəlb edilməsi anlamına gəlmir. Həmçinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 3829/2024 saylı qərarı ilə "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən tərtib edilmiş 16 iyul 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən zərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin direktoru X5 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin 30 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №3(004)-5127/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5127/2024
30.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver