Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5139/2023 04.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Bakı Şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxx 1983-cü il tarixdə Şamaxı rayonu, 1ci Udulu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayonu, 1-ci Udulu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X3 tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 oktyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 04 oktyabr 2023-cü il tarixdə Yasamal rayonu, H.B.Zərdabi küçəsində polisin qanuni tələbinə tabe olmamışdır. Nəticədə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinin polis sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, o hadisə yerində olmamış, Şəxs ilk dəfə Polis Bölməsində görmüşdür. Şəxs Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsində olan zaman özünü nizam-intizamlı aparaq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü İXM-in 535.1-ci maddəsi ilə təqsirli bilməyərək izahatında göstərdi ki, 03 oktyabr 2023-cü il tarixdə Həsən bəy Zərdabi prospektində gəlin maşını qısmində toy karvanında hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. YPX əməkdaşı avtomobilin üzərində olan bəzəklə arxa dövlət qeydiyyat nişanının üzərinin örtüldüyü səbindən avtomobilin müvəqqəti duracağa yerləşdirilməsini bildirmişdir. O isə öz növbəsində bundan xəbərsiz olduğunu bildirib və dərhal aradan qaldırmışdır. Polis əməkdaşları bununla razılaşmayaraq onu 29-cu polis şöbəsinə aparmışlar. Polisin hər hansı qanuni tələbinə tabesizlik göstərməmişdir. Ümumiyyətlə onun əməlində inzibati xəta tərkibi olmadığından göstərilənlərə halların nəzərə alınaraq inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı Şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, 03 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, H.B.Zərdabi prospektində xidmətdə olarkən **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən dövlət qeydiyyat nişanının üzərinin örtülməsinin şahidi olmuş və bu səbəbdən avtomobilin sürücüsünə saxla işarəsi verilmişdir. Sürücüyə törətdiyi qayda pozuntusu izah edilmiş və avtomobilini duracağa təmin olunmasını tələb edilmiş, lakin sürücü buna məhəl qoymayraq öz hərəkətini davam etdirmək istəmişdir. Sürücünü dəfələrlə nizam-intizama dəvət etsələrdə o öz qanuna zidd hərəkətlərini davam etdirmiş onları mobil telefon vasitəsilə çəkərək hədə-qorxu gəlməyə çalışmışdır. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 tərəfindən 29cu polis şöbəsinin rəhbərliyinə ünvanlanmış raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində ona təhkim olunmuş **-YP-*** dövlət qeydiyyat nişnalı avtopatrulda H.Zərdabi prospektində xidmətdə olarkən **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil qarşılarında arxa dövlət qeydiyyat nişanını bağlayaraq hərəkət etmişdir. Tərəfindən işarə verilərək saxlanılmış sürücüyə yaxınlaşıb özlərini təqdim edib qayda pozuntusunu izah edib və sənədlərini təqdim etməsini tələb etmişdir. Lakin sürücü heç bir qayda pozuntusu etmədiyini bildirərək hərəkətini davam etdirməsini bildirmişdir. Sürücünü dəfələrlə nizam-intizama dəvət edib və polisin qanuni tələbinə tabe olmasını tələb etmişdir. Sürücü onun dediklərinə məhəl qoymayaraq maşını heç bir yerə aparmayacağını və “Sən görəcəksən” deyib hədə-qorxu gəlməyə başlamışdır. Qırağa çəkilərək tanımadığı öz maşınında bir nəfərə öz telefonunu veərək çəkiliş etdirməyə başlamışdır. O sürücünü öz avtomobilinə oturdub 29-cu PŞ-nə təmin etmişdir. İş materiallarında olan inzibati qaydada tutuma haqqında 03 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan videodan görünür ki, YPX əməkdaşı Şəxs sənədlərini təqdim etməsini tələb edir, o isə sənədlərinin üzərində olmadığını bildirib, şəxsiyyət məlumatlarını polis əməkdaşına bildirir. Bundan sonra YPX əməkdaşı bort komputer vasitəsi ilə Şəxs şəxsiyyət məlumatlarını yoxlayaraq düzgünlüyünə əmin olur. Məhkəmə qeyd edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkib əlamətləri aşkar edilmədiyindən inzibati xəta üzrə icraata xitam verilməsi məqsədəuyğundur. Belə ki aşağıdakılara əsasən şəxsin törətdiyi əməl kimi göstərilmiş və şəxsə qarşı tərtib edilmiş protokolda göstərilmiş əməldə inzibati xəta tərkibi yoxdur. Ümumiyyətlə qeyd edilməlidir ki, polisin ixtiyari bir tələbinə qəsdən tabe olmamaq İXM-nin 535.1-ci maddəsinin tərkibini yaratmır. Yalnız polisin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. Şəxsin saxlanıldığı vaxtdan 24 saat keçsə də polisin şəxs barədə şübhələri öz təsdiqini tapmamışdır. Çünki protokolu tərtib etmiş şəxs tərəfindən Şəxs təqsirliliyini təsdiq edən hər hansı sübut əlavə edilməmişdir. Şəxs tərəfindən avtomobilinin dövlət qeydiyyat nişanının üzərinin onun tərəfindən örtülmədiyini əgər örtülübsə dərhal aradan qaldıracağını və bu səbəbdən onun avtomobilinin müvəqqəti duracağa yerləşdirilməsinin qanunsuz olmasını bildirilməsi qanun pozuntusu deyildir. Şəxs tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilmədiyindən, onun sadəcə olaraq polis əməkdaşlarına öz fikrini bildirdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılması polis əməkdaşının qanuni tələbi hesab edilməməlidir. Bundan sonra polis əməkdaşları Şəxs xidməti avtomobilinə əyləşməsini və polis bölməsinə getməsini tələb ediblər, bu zaman Fərid Nəcəfzadə bununla razılaşaraq, avtomobilə əyləşmiş və onlarla birlikdə polis bölməsinə getmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinin 2-ci bəndinə əsasən tutulmuş hər bir kəsə ona aydın olan dildə onun tutulmasının səbəbləri və ona qarşı irəli sürülən istənilən ittiham barədə dərhal məlumat verilir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X4 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikası İXM-nin inzibati məsuliyyətin əsaslarını müəyyən edən 3cü maddəsində göstərilir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 5-ci maddəsində isə təsbit edilmişdir ki, insan və vətəndaş hüquqları və azadlıqları ali dəyərə malikdir. Bu hüquqların və azadlıqların pozulmasına yol verən bütün dövlət orqanları, qurumları və vəzifəli şəxslər məsuliyyət daşıyırlar. Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən insan ləyaqətini alçaldan qərarların verilməsinə və hərəkətin edilməsinə yol verilmir. Göründüyü kimi, insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirib insan və vətəndaş hüquqlarını və azadlıqlarını, şəxslərin iqtisadi maraqlarını, idarəçilik qaydalarını qorumağı, qanunçuluğu möhkəmləndirməyi və inzibati xətaların qarşısını almağı vəzifə kimi müəyyən edən İXM-yə görə, yalnız Məcəllədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Həmin Məcəllənin 8-ci maddəsində isə göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1 və 53.1.2-ci maddələrinə əsasən, inzibati xəta hadisəsi olmadıqda və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İXM-nin 535.1-ci maddəsi ilə Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə protokolu tərtib etmiş orqan tərəfindən heç bir sübut təqdim edilmədiyindən və onun əməlində həmin maddənin tərkib əlamətləri sübuta yetirilmədiyi üçün iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5139/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5139/2023
04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver