Məhkəmə qərarları › İş №3(004)-5141/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5141/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5141/2025 18.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlunun sədrliyi X5 iclas katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi şikayətini onunla əsaslandırdı ki, AsanPay elektron kabinetinə 28 iyul 2025-ci il tarixdə istifadəsində olan Honda Accord minik markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə edilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 Xidmətinin EQ 28361878 saylı inzibati tənbeh vermə haqqında elektron qərarı yerləşdirilmişdir. Həmin qərarda 28 iyul 2025-ci il il tarixində ünvan 1 ünvanında istifadəsində olan Honda Accord minik markalı, **- AT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini şirkətin binasının önündə yolun kənarında saxlayarkən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən inzibati xəta törədildiyi müəyyən edilmiş, barəsində 28 iyul 2025-ci il tarixli EQ 29560933 saylı inzibati tənbeh vermə haqqında elektron qərar tərtib edilmiş və nəticədə ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə uyğun cərimə tətbiq olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında EQ 29560933 saylı elektron qərar ilə razı deyil. Belə ki, avtomobili saxladığım yer səki deyildir. Həmçinin həmin yerdə nəqliyyat vasitəsinin dayanması vətəndaşların gediş-gəlişinə heç bir maneə törətmir və həmin yer nəqliyyat vasitələrinin dayanması üçün nəzərdə tutulmuşdur. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilmiş inzibati tənbeh vermə haqqında 28 iyul 2025-ci il tarixli EQ 29560933 saylı qərar əsassızdır və ləğv edilməlidir. AR DİN BDYPİ-nin 28 iyul 2025-ci il tarixli EQ 29560933 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən orqan və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş barəsində şikayət verilən Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə elektron qərarına əsasən X3 xx.xx.2025-ci il tarixdə ünvan 2ndə “Honda Accord minik” markalı, **-AT-*** dövlət qeydiyyat nişanlı avtomobillə nəqliyyat vasitəsinin səkidə dayanmasına görə inzibati xəta törətmişdir. Buna görə də İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Qərar elektron qaydada qəbul edilmişdir. Azərbaycan Respublikası İXM-nin 122.1-ci maddəsinə əsasən həmin Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. İXM-nin 122.2-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərar müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatlarına əsasən nəqliyyat vasitəsinin istifadəçisi (nəqliyyat vasitəsini icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya nəqliyyat vasitəsindən istifadə etmə və ya ona dair sərəncam vermə hüquqları ilə bağlı etibarnamə əsasında sonuncu dəfə təkrar dövlət qeydiyyatından keçirilərkən qeydiyyata götürülmüş şəxs, hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsinin sürücüsü, belə məlumat olmadıqda isə nəqliyyat vasitəsinin mülkiyyətçisi olan fiziki şəxs) barəsində çıxarılır. İnzibati Xətalar Məcəİİəsinin 122.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət vermiş şəxsin tələbi ilə ona həmin inzibati xətanın qeydə alınmasının texnologiyası əyani şəkildə göstərilməlidir. Beləliklə hazırkı inzibati xəta foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdir. İş üzrə təqdim olunmuş şəkillərdən görünür ki, xx.xx.2025-ci il tarixdə X2 istifadəsində olan nəqliyyat vasitəsi ünvan 2 ünvanında yolun avtomovillərin dayanması üçün nəzərdə tutulmayan hissəsində dayandırılmışdır. Bundan əlavə nəqliyyat vasitəsinin saxlanıldığı yer səki kimi düzgün qiymətləndirilmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir. Belə olduğu halda məhkəmə hesab edir ki, şəxsin Azərbaycan Respublikası İXMnin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə iclasında öz təsdiqini tapır. Beləliklə İXM-in 76.1-ci maddəsinə əsasən xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla da şikayətçi İXM-in həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. Həmin protokolla şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin EQ 29560933 saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar