Məhkəmə qərarları › İş №3(004)-516/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-516/2021

18.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-516/2021 18.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, şikayətçi “xxxx” MMC-nin vəkili X1 iştirakı ilə, Azərbaycan Respublikası Fövqalladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından “xxxx” MMC-nin direktoru Zamir Talıbov tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: “xxxx” MMC-nin direktoru Zamir Talıbov şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Fövqalladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2021-ci il tarixdə Yasamal Rayon İcra və Probasiya Şöbəsi tərəfindən onlara telefon zəngi ilə bildirildi ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən “xxxx” MMC xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsinə əsasən 20.000 (iyirmi min) manat məbləğində cərimə edilib. xx xxxxxx 2021-ci il tarixdə xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və bu qərarın çıxarılmasına əsas olmuş tikinti işlərinin dayandırılması barədə xx xxxxxxxx 2020-ci il tarixli, 0572 saylı qərarı əldə etmişlər. Aşağıdakılara əsasən hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv olunmalıdır. Onlar, ümumiyyətlə, Cəmiyyət barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuşlar. Bu barədə onlara heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və etirazlar vermək hüquqlarından istifadəyə qəsdən imkan yaradılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən onlara məlumat verilməmiş, izahatları alınmamış, protokolun surəti onlara təqdim edilməmişdir. Tikinti işlərinin dayandırılması barədə xx xxxxxxxx 2020-ci il tarixli, 0572 saylı qərarında qeyd olunub ki, guya “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının “eyvan çıxıntılarının layihədən kənar çıxaraq əlavə artırılması işləri aparılır. 20686 saylı texniki baxış aktı. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini 92.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib etməlidir. Lakin həmin aktın tərtib edilməsində şirkətin məsul şəxsləri iştirək etməyib. Tikinti işlərinin dayandırılması barədə qərarda “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4.2-ci maddəsinin tələblərinə uyğun olaraq, tikinti obyektinin təhlükəsizliyinə və etibarlılığına təhlükə yaradan qüsurların 30 (otuz) gün müddətində aradan qaldırılmasının təmin edilməsi” göstərilmişdir və həmin 30 (otuz) gün müddət xx xxxxxxxx 2020-ci il tarixdən hesablandığı təqdirdə göstərilən qüsurların aradan qaldırılması üçün nəzərdə tutulmuş son gün xx xxxxxxx 2020-ci il tarixi olmalı idi. Qüsurların aradan qaldırılması üçün son müddət qutardıqdan dərhal sonra səlahiyyətli orqan tərəfindən yenidən baxış keçirilməli və qüsurların aradan qaldırılıb-qaldırılmaması yoxlanmalı, aradan qaldırılmadığı təqdirdə isə protokol tərtib edilməli idi. Lakin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi qanun vericiliyin tələblərini pozaraq qüsurların aradan qaldırılması üçün özü tərəfindən verilmiş müddətə məhəl qoymadan 3 (üç) gün tez, yəni xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Qeyd edilməlidir ki, onların nə tikinti işlərinin dayandırılması barədə qərardan nə də ki, inzibati xəta haqqında protokoldan məlumatları olmamışdır. Həmin qərar nə vəzifəli şəxs tərəfindən imzalanaraq götürülüb nə də ki, poçtla göndərilib. Bununla da səlahiyyətli orqanın protokolu tərtib etməsində yol verdiyi hüquq pozuntusu özünü göstəririr. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. İnzibati tənbeh vermə haqqında qərarda İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinə istinad olunsa da, həmin maddəyə əməl olunmamışdır. Həmin maddəyə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarına bu Məcəllədəmüəyyən edilmiş hallarda inzibati xətalar haqqında işlər üzrə sənədlər (qərarlar, protokollar, bildirişlər) hakim və ya səlahiyyətli orqan tərəfindən “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi ilə çatdırılır və ya səlahiyyətli vəzifəli şəxstərəfindən şəxsən verilir. Sifarişli poçt göndərişi - göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. Hüquqi şəxsə ünvanlanmış sənəd müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bu halda inzibati xəta haqqında iş üzrə sənəd rəsmi qaydada verilmiş hesab edilir. Belə ki, nə inzibati tənbeh vermə haqqında xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı qərar, nə inzibati xətanın törədilməsinə görə tərtib olunmuş xx xxxxxxx 2020-ci il tarixli, ******* saylı protokol, nə də ki, xx xxxxxxxx 2020-ci il tarixli, 0572 saylı qərar Cəmiyyətə istər sifarişli poçt göndərişi, istərsə də səlahiyyətli orqanın əməkdaşı tərəfindən çatdırılmamışdır. Bundan başqa səlahiyyətli orqan tərəfindən İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul edilmiş xx xxxxxxx 2020-ci il tarixli, MN ******* inzibati tənbeh vermə haqqında qərarının İəğv edilməsi və “xxxx” MMCnin barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi “xxxx” MMC-nin vəkili E.A.Şahverdi şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə lazımi qaydada məlumat verilsə də, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri haqqında məhkəməyə məlumat verməmiş və ondan məhkəmə baxışının təxirə salınmasına dair vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli, 0572 saylı tikinti işlərinin dayandırılması barədə qərardan görünür ki, “xxxx” MMC tərəfindən ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının eyvan çıxıntılarının layihədən kənar çıxaraq əlavə artırılması işləri dayandırılmışdır. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, hüquqi şəxs “xxxx” MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixli, 0572 saylı tikinti işlərinin dayandırılması barədə qərara əsasən “xxxx” MMC-yə xx xxxxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının eyvan çıxıntılarının layihədən kənar çıxaraq əlavə artırılması işlərini apararkən pozuntuları aradan qaldırılması üçün 30 gün vaxt verilmişdir. Bundan sonra xx xxxxxxx 2020-ci il tarixli protokola əsaslanaraq xx xxxxxxx 2020-ci il tarixdə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini X2 tərəfindən “xxxx” MMC barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək hüquqları vardır. Həmin Məcəllənin 101.1 və 101.2-ci maddələrinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir, işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Məhkəmə yuxarıda göstərilənləri araşdıraraq hesab edir ki, xx xxxxxxxx 2020-ci il tarixli, 0572 saylı tikinti işlərinin dayandırılması barədə qərarda “xxxx” MMC-yə xx xxxxxxxx 2020-ci il tarixdə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 22-ci Dağlıq küçəsi ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binasının eyvan çıxıntılarının layihədən kənar çıxaraq əlavə artırılması işlərini apararkən pozuntuları aradan qaldırılması üçün 30 gün vaxt verilsə də inzibati xəta haqqında protokol xx xxxxxxx 2020-ci il tarixdə tərtib olunduğu halda tərəfin iştirakı təmin olunmadan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1 və 101.2-ci maddələrinin tələbləri pozularaq xx xxxxxxx 2020-ci il tarixli tərtib olunmuş və bundan sonra həmin Məcəllənin 18.5-ci maddəsinin tələbləri kobud şəkildə pozularaq hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən çıxarıldığı halda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini T.M.Hüseynli tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə, səlahiyyəti olmayan şəxs tərəfindən “xxxx” MMC barəsində MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmış və MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394.0.7-ci maddəsi ilə təqsirli bilinərək 20.000 (iyirmi min) manat miqdarında cərimə edilmişdir. Bundan əlavə, MMC barəsində inzibati xəta haqqında iş üzrə icraatın aparıldığından xəbərsiz olmuş, hüquqi şəxsə heç bir məlumat verilməmiş, hər hansı sənəd təqdim edilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq, izahat vermək, sübutlar təqdim etmək, vəsatət və elirazlar vermək hüquqları pozulmuşdur. Həmin qərarlar yalnız icra şöbəsinə icra üçün göndəriləndən sonra MMC-nin barəsində qərar qəbul edildiyi məlum olmuşdur. Bundan başqa, inzibati tənbeh vermə haqqında qərar subyekt düzgün müəyyən edilmədən və səlahiyyəti olmayan şəxs tərəfindən qəbul edilmişdir. Göstərilən səbəblərdən də, məhkəmə belə hesab edir ki, şikayət təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclaslarında iki dəfə ardıcıl təxirə salınmasına baxmayaraq iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla ondan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Belə ki, «İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin “b” bəndinə əsasən öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxta və imkana malik olmaq; “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etməsinə yol verilir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi “xxxx” MMC-nin şikayəti təmin edilməli, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və onun barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “xxxx” MMC-nin direktoru Zamir Talıbovun şikayəti təmin olunsun. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və “xxxx” MMC-nin barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar