Məhkəmə qərarları › İş №3(004)-5161/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5161/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5161/2025 21.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, X4 iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “24 saylı” vəkil bürosunun vəkili X1 iştirakları ilə Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialla əsasən, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X10, X7 və X5 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğu müəyyən edilmiş və nəticədə Şəxs MMC tərəfindən AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin etibarnamə üzrə nümayəndəsi X15 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X10, X7 və X5 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunduğunun müəyyən edildiyini, nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədildiyini, göstərilənləri nəzərə alaraq hüquqi şəxs Şəxs MMC barəsində qanunamüvafiq tədbirlər görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs hüquqi şəxs Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi, Bakı şəhəri “24 saylı” vəkil bürosunun vəkili X3 tərtib edilmiş inzibati xəta haqqında protokolla razılaşmayaraq göstərmişdir ki, eyni əsaslarla bağlı vəzifəli şəxs barəsində tərtib olunmuş, lakin məhkəmə qərarı ilə həmin qərar ləğv edilmiş, səlahiyyətli orqan tərəfindən məhkəmənin həmin qərarından apellyasiya şikayəti verilmiş, ancaq Bakı Apellyasiya Məhkəməsi həmin qərarı qüvvədə saxlamışdır. Daha sonra Əmək Müfəttişliyi yenidən araşdırma aparmış, vəzifəli şəxs barəsində əməlində inzibati xəta tərkibi olmadığı üçün həmin qərara xitam vermişdir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 08 iyul 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X10, X7 və X11 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X2 X9 Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, həmin izahatında Şəxs MMC-də elektrik işləri görməyə getdiyini, lakin iş onu qane etmədiyi üçün geri qayıtdığını bildirmişdir. X6 X9 Xidmətinə verdiyi xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o, həmin izahatında may ayında Qarabağ və Şərqi Zəngəzur ərazisində işləmək üçün Şəxs MMCdən təklif aldığını, təxminən may ayının 28 və ya 29-unda bağlanmış müqavilə əsasında Qarabağa getdiyini, lakin oradakı vəziyyət və iş onu qane etmədiyi üçün həmin gün geri qayıtdığını, təxminən iyun ayının 20-də əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2a, tərəflərdən birinin təşəbbüsü əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X10 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2a, tərəflərdən birinin təşəbbüsü əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X7 ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 68.2a, tərəflərdən birinin təşəbbüsü əsası ilə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-3973/2024 saylı, 15 avqust 2024cü il tarixli qərarından görünür ki, X17 və onun nümayəndəsi, vəkil X1 şikayətinin qismən təmin edilməsi, Şəxs MMC-nin direktoru X17 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və işin yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1919/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayət təmin edilməmiş, X12 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətin qismən təmin edilməsinə dair Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 20 may 2025-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemi üzərindən əldə olunmuş məlumatlar əsasında işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınmış X10, X7 və X11 xx.xx.2024-cü il tarixindən hazırkı tarixədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi müəyyən edilmiş, nəticədə X17 barəsində AR İXM-nin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, lakin X17 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)- 3953/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(004)-4410/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(004)-5216/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(004)-6009/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qərardadlarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər natamam olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətindən daxil olmuş hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati xəta haqqında protokolu, tərəflərin çıxışlarını, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Qeyd etmək lazımdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(004)-3953/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(004)-4410/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3(004)-5216/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3(004)- 6009/2024 saylı, xx.xx.2024-cü il tarixli saylı qərardadlarına əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş 08 iyul 2024-cü il tarixli, MN ******* saylı protokol və ona əlavə edilmiş sənədlər natamam olduğu üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinə qaytarılmışdır. Göründüyü kimi protokol tərtib etmiş orqan tərəfindən yuxarıda adı çəkilən qərardadda qeyd olunan hallar araşdırılmadan yenidən məhkəməyə müraciət edilmişdir. Belə ki, məhkəmədə müəyyən edilmişdir ki, protokol tərtib etmiş səlahiyyətli orqan X10, X7 və X5 həqiqətən də Şəxs MMC-də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edildiyini sübut edəcək heç bir sənədi məhkəməyə təqdim edə bilməmiş, əksinə həmin şəxslərdən alınan izahatlarla müəyyən olunmuşdur ki, onlar adı çəkilən hüquqi şəxsin işlərinə dair əmək fəaliyyəti ilə məşğul olmamış və sadəcə iş şəraitini bəyənmədikləri üçün geri qayıtmışdırlar. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən Şəxs MMC-nin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsini təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilmədiyindən, səlahiyyətli orqan tərəfindən yuxarıda qeyd olunan xüsusatlar tam, obyektiv və hərtərəfli araşdırılmadığından hüquqi şəxs Şəxs MMC-nin barəsində əsassız olaraq 08 iyul 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəzifəli şəxsi X17 (direktoru) eyni əsasa görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən cərimələnmiş, daha sonra X17 və və onun nümayəndəsi, vəkil X3 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 22 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verilmiş şikayət Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı ilə qismən təmin edilərək həmin qərar ləğv edilmiş və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinə qaytarılmış, daha sonra Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 1919/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli, MN ******* nömrəli qərara əsasən X17 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış iş üzrə icraata İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Göründüyü kimi eyni əsasla vəzifəli şəxsin inzibati tənbeh edilməsi haqqında qərar səlahiyyətli orqan tərəfindən ləğv edildiyindən və adı çəkilən şəxslərin izahatlarında qeyd etdikləri hallar nəzərə alınaraq, hüquqi şəxs Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta hadisəsinin törədilməsinin sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, hüquqi şəxs Şəxs MMCnin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar