Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5168/2024 23.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, X6 iclas katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X8, Zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxx 1985-ci ildə Masallı rayonu, Babaser kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsindən daxil olmuş materiallara məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəmənin icraatına 23 sentyabr 2024-cü il tarixdə daxil olmuş 21 sentyabr 2024cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 sentyabr 2024-cü il tarixdə saat 15:00-da metronun “20 Yanvar” stansiyasında piştaxtanın üzərində olan ümumi 63 ədəd pozqazan lotereyası pozaraq pulunu verməmişdir. X1 405 manat ziyan vurmuşdur. Nəticədə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinin İctimai təhlükəsizlik bölməsinin xidmət üzrə baş inspektoru X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, X4 xx.xx.2024-cü il tarixdə ərizə ilə Bakı Metropolitenində Polis İdarəsinə müraciət edərək bildirmişdir ki, metronun “20 Yanvar” stansiyasında satıcı işlədiyi lotereya piştaxtasının üzərində olan 485 manat dəyərində lotereyanı Şəxs pozaraq pulunu ödəmədən qaçmağa cəhd etmiş, sonuncunu saxlayaraq polis əməkdaşına təhvil vermişdir. Beləliklə, dələduzluq nəticəsində vətəndaş X3 ümumilikdə 485 manat dəyərində maddi ziyan dəymişdir, Şəxs vətəndaş X5 ümumilikdə 485 manat ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama inzibati xətasını törətmişdir. Əməlindən peşmandır. Yekun olaraq məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək izahatında göstərdi ki, ailəli olub boşanmışdır. Birgə nigahdan biri oğlan digəri qız olmaqla iki övladı vardır. Hər ikisinə məhkəmə tərəfindən aliment kəsilibdir. Alimenti ödəmədiyi üçün Abşeron rayon Məhkəməsinin qərarı ilə məhkum olunmuşdur. Qaradağ rayonunda 180 manatlıq lotereya pozduğua görə cərimə olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində metronun “20 Yanvar” stansiyasının piyada keçidinə düşüb lotereya satılan piştaxtaya yaxınlaşmış və satıcıdan 485 manat dəyərində lotereya götürüb bir- bir pozmuşdur. Pozduqdan sonra cəmi 80 manat qazanmışdır. Qazandığı 80 manat pulla aldığı lotereyanın bir qismini ödəmişdir. Qalan 405 manat dəyərində lotereya pulunu ödəyə bilmədiyi üçün çıxıb getmək istədikdə satıcı onu saxlayıb polis əməkdaşını dəvət etmişdir və onu təhvil vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:00 radələrində metronun “20 Yanvar” stansiyasında satıcı işlədiyi lotereya piştaxtasına yaxınlaşan müştəri Şəxs piştaxtanın üzərində olan 05 ədəd üzərində “Göz muncuğu” adı ilə olan, 05 matlıq pozqazan lotereyasını, 05 ədəd üzərində “10X” adı ilə olan 10 matlıq pozqazan lotereyasını, 03 ədəd üzərində “Şans yağışı” adı ilə olan 10 manatlıq pozqazan lotereyasını, 38 ədəd üzərində “Prestij” adı ilə olan 10 manatlıq pozqazan lotereyasını pozmuş, 06 ədəd “Prestij” adı ilə olan 10 manatlıq pozqazan lotereyasından 80 manat qazanc olmuş, 06 ədəd “Prestij” adı ilə olan 10 manatlıq pozqazan lotereyasını pozduğu lotereyalara çıxaraq qalıq 405 manatı ödəməyərək qaçıb gedərkən onu saxlamış polis əməkdaşına təhvil vermişdir. Yekun olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati qaydada tutma haqqında 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə Sistemindən görünür ki, Şəxs beş dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inizbati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Masallı Rayon Məhkəməsinin icraatındadır. İnzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək məhkəmə hesab edir ki, Şəxs etibardan sui-istifadə etmə yolu ilə onun əmlakını ələ keçirərək, ona qarşı dələduzluq etmişdir. Bununla Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tədqiq olunmuş iş materialları ilə tam təsdiqini tapmışdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs etdiyi əməldən peşman olmasını inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İXM-in: 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən İXM insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; 31.4-ci maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır; 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinin 1ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, işin faktiki hallarını, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə qeyd edir ki, inzibati həbs növündə tənbeh tədbiri inzibati tənbehin məqsədlərinə, yəni Şəxs qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməyə, habelə onun tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almağa uyğundur. Məhkəmə həmçinin hesab edir ki, inzibati həbsdə saxlama müddətinin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan yəni, 21 sentyabr 2024-cü il tarixdən saat 19:00-dan hesablanmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 114, 115, 120, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 01 (bir) ay müddətində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbs müddətinin əvvəli 21 sentyabr 2024-cü il tarixdən saat 19:00-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №3(004)-5168/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5168/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver