Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5177/2025 11.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1996-cı ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında 10 avqust 2025-ci il tarixli, MN ******* saylı protokola əsasən Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana qəbul etmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs mütəmadi olaraq narkotik vasitələrdən istifadə etdiyini, üzərindən narkotik vasitə marixuana aşkar edildiyini və göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq isə Şəxs 08 avqust 2025-ci il tarixdən tutulduğunu və hazırki vaxtadək azad olunmadığını bildirmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həqiqətən də narkotik vasitədən istifadə etmişdir, üzərində narkotik vasitə olan marixuana olmuşdur, ailəlidir, azyaşlı övladı vardır, əməlindən peşmandır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Verilən suallara cavab olaraq isə 08 avqust 2025-ci il tarixdən tutulduğunu və hazırki vaxtadək azad olunmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 10 avqust 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitə olan marixuana qəbul etmişdir. “İnzibati qaydada tutma haqqında” 10 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 10 avqust 2025-ci il tarixdə, saat 21:30-da tutulmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs üzərindən təmiz çəkisi 0,33 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi onun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkib əlamətlərini yaratmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul olunmuş qərarın surətinin Yasamal RPİ-nin 29-cu PŞ-nə göndərilməsi, Şəxs üzərindən aşkar edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,02 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 0,31 qram olan narkotik vasitə qurudulmuş marixuananın Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 09 avqust 2025-ci il tarixli qərardan görünür ki, Şəxs 08 avqust 2025-ci il tarixdə saat 13:15 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 7/1060 nömrəli, 09 avqust 2025-ci il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd sellofanda təmiz çəkisi 0,33 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 haqqında 11 avqust 2025-ci il tarixli, 4848 nömrəli rəyindən görünür ki, müayinə zamanı Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Şəxs xx.xx.2023-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə AR İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Azemis elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs xx.xx.2022-ci il təvəllüdlü X4 adında övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə- üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı ilə yanaşı, inzibati protokolu tərtib etmiş şəxsin izahatı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X2 haqqında 11 avqust 2025-ci il tarixli, 4848 nömrəli rəyi, eləcə də inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti ağırlaşdıran hal hesab olunur. 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məhkəmə Şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, azyaşlı övladının olmasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Şəxs inzibati xətanın inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı (Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2805/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı) inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini onun məsuliyyətini ağırlaşdıran hal kimi (AR İXM-33.1.2) qiymətləndirir. Qanunvericiliyə görə, inzibati xətanın qısa müddətdə təkrar törədilməsi, xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan hallarda, ictimai təhlükəliliyi artırır və profilaktik təsir göstərən daha sərt inzibati tənbeh tədbirinin tətbiqini zəruri edir. Yüngül cərimə tədbirlərinin əvvəlki halda yetərli olmaması, şəxsin eyni əməli yenidən törətməsi faktı ilə sübuta yetirilmişdir. Bu səbəbdən, həm törədilmiş inzibati xətanın xarakteri, həm də onun təkrar törədilməsi nəzərə alınmaqla, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiqi zəruri hesab edilir. Bu tədbir həm ictimai təhlükəsizliyin qorunması, həm də şəxsin gələcəkdə bu cür xətalara yol verməməsi üçün zəruri tərbiyəvi təsir vasitəsidir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, “inzibati qaydada tutma haqqında” 10 avqust 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs 10 avqust 2025-ci il tarixdə, saat 21:30-da tutulmuşdur. Həmçinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarda isə Şəxs 08 avqust 2025-ci il tarixdə saat 13:15 radələrində saxlanıldığı, 09 avqust 2025-ci il tarixdə saxlanıldığı Qaradağ RPİ-nin MSY-dən azad edildiyi göstərilsə də, Şəxs və protokol tərtib etmiş şəxsin izahatına əsasən Şəxs 08 avqust 2025-ci il tarixdən hazırki tarixədək faktiki olaraq polisin müşaiyəti altında olmuşdur. Bu da şəxsin azadlıq hüququnun 08 avqust 2025-ci il tarixdən, saat 13:15-dən hazırki vaxtadək məhdudlaşdırılmasına dəlalət edir. Halbuki, AR İXM-nin 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, azyaşlı övladının olmasını və məsuliyyəti ağırlaşdıran hal kimi inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 08 avqust 2025-ci il tarixdən, saat 13:15-dən hesablanmalı, həmçinin Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,31 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 01 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 08 avqust 2025-ci il tarixdən, saat 13:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə tapşırılsın. Səlahiyyətli orqanın diqqəti Şəxs qanunla müəyyən edilmiş müddətdən artıq tutularaq saxlanılmasının qanunsuz olmasına cəlb edilsin. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Şəxs üzərindən aşkar edilmiş və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,31 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №3(004)-5177/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5177/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver