Məhkəmə qərarları › İş №3(004)-5188/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5188/2024

24.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5188/2024 24.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Bəxtiyar Babayevin, Tələbkar (zərərçəkmiş şəxs) X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Mahmudova (Kərimova) Aygün Eldar qızının iştirakı ilə xx.xx.1989-cu il tarixdə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında qeydiyyatda olmaqla yaşayan Kərimova (Mahmudova) Aygün Eldar qızı barəsində Bakı şəhəri Yasamal rayon icra şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Kərimova (Mahmudova) Aygün Eldar qızı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasından yayınması ilə əlaqədar Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru X5 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X1 bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Kərimova (Mahmudova) Aygün Eldar qızından 14944 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat tutularaq X3 verilməlidir. Kərimova (Mahmudova) Aygün Eldar qızının əmlakının satılması nəticəsində cəmi 1550 manat ödəniş edilmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə 300 manat İcra şöbəsinin depozit hesabına ödəmişdir. Hazırda borc məbləği 13124 manat təşkil edir. Onun tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkət edilmiş, lakin borclu Kərimova (Mahmudova) Aygün Eldar qızının mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak müəyyən edilməmiş, banklarda hər hansı bir hesabı, eləcə də mövcud bank hesablarında aktivləri aşkar edilməmiş, hazırda heç bir yerdə işləmədiyi məlum olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Kərimova (Mahmudova) Aygün Eldar qızı məhkəmə iclasında inzibati xəta üzrə özünü təqsirli bilərək izahatında bildirmişdir ki, maddi imkansızlıqdan və kifayət qədər gəliri olmadığından bu günə qədər tələbkar X3 icra vərəqəsində göstərilən məbləği tam həcmdə ödəyə bilməmişdir. Eyni zamanda bildirmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından qəsdən yayınmır və ona məxsus “Mitsubishi Attrage” minik markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil açıq hərracda satılmış və hərracdan əldə edilən 1550 manat məbləğində pul vəsaiti X3 ödənmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixdə 300 manat İcra şöbəsinin depozit hesabına ödəmişdir. Digər tərəfdən qeyd etmişdir ki, bir müddət əvvəl ağır avtomobil qəzası keçirdiyindən hazırda işləyib tələbkarın pulunu tam şəkildə verə bilmir. Himayəsində azyaşlı övladının olmasını, aldığı alımentlə onu təkbaşına böyütməsini, ağır avtomobil qəzası keçirməsi səbəbiylə işləyə bilməməsini və borcu ödəyə bilməməsini üzürlü hesab edərək qəsdən yayınma kimi qəbul etməyərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4, icra vərəqəsi üzrə borclu Kərimova (Mahmudova) Aygün Eldar qızının bu günə qədər borcunu tam şəkildə ödəməməsini, eləcə də borcun ödənilməsindən qərəzli şəkildə yayındığını bildirmişdir. Buna görə də borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə icra sənədinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Kərimova (Mahmudova) Aygün Eldar qızı barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Belə ki, icra işinin materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Kərimova (Mahmudova) Aygün Eldar qızından 14944 manat və ödənilmiş dövlət rüsumu əvəzində 30 manat - cəmi 14974 (on dörd min doqquz yüz yetmiş dörd) manat pul tutularaq X3 verilməsi qət edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 47/23 saylı hərracın yekunları barədə protokoldan görünür ki, Kərimova (Mahmudova) Aygün Eldar qızına məxsus “Mitsubishi Attrage” minik markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil 1500 manat ilkin alış qiyməti müəyyən olunmaqla açıq hərraca çıxarılmış və yekunda 1550 manata satılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 119321/31 ödəniş tapşırığından görünür ki, 1550 manat məbləğində pu vəsaiti Kapitalbank ASC vasitəsilə təyinatı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrası olmaqla Bakı şəhəri Yasamal Rayon İcra şöbəsinin hesabına köçürülmüşdür. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5063/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Kərimova (Mahmudova) Aygün Eldar qızının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 3(103)-2162/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-5063/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından tələbkar X4 tərəfindən verilmiş apellyasiya şikayətinə X2 imtina ərizəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan “icra edilməyən və ya qismən icra edilmiş icra sənədinin məhkəməyə və ya digər orqana qaytarılması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra işi ilə bağlı icraçı tərəfindən bütün zəruri hərəkətlər edilmiş lakin borclunun adına hər hansı bir daşınar və daşınmaz əmlak (Kərimova (Mahmudova) Aygün Eldar qızına məxsus “Mitsubishi Attrage” minik markalı ** VD *** dövlət qeydiyyat nişanlı avtomobil istisna olmaqla) müəyyən edilmədiyindən, eləcə də bank hesablarında hər hansı bir aktiv olmadığından, hazırda işləmədiyindən protokol tərtib edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş, Məhkəmənin qərarı ilə əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilmiş həmin qərardan tələbkar tərəfindən verilmiş apellyasiya şikayətindən tələbkarın imtina etməsi səbəbindən də apellyasiya şikayətinə baxılmasına xitam verilmişdir. Bununla da icraçı tərəfindən bütün zəruri tədbirlər görülməsinə baxmayaraq icra sənədinin icrası mümkün olmadığından həmin icra sənədinin məhkəməyə geri qaytarılması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Kərimova (Mahmudova) Aygün Eldar qızı 300 manat məbləği İcra şöbəsinin depozit hesabına ödəniş etmişdir. Eyni zamanda “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş çıxarışından görünür ki, Kərimova (Mahmudova) Aygün Eldar qızının himayəsində xx.xx.2012-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1 və 44.1.3-cü maddəsinə əsasən, məcburi icra tədbirlərinin tətbiqi üçün əsaslardan biri də könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsidir. Həmin Qanunun 44.2-ci maddəsinə əsasən, Bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, hazırkı halda icra məmuru tərəfindən Kərimova (Mahmudova) Aygün Eldar qızı barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan əsasları mövcud deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclunun mülkiyyətində olan minik avtomobili açıq hərracda satılaraq borcun icrası məqsədilə tələbkara ödənilməklə yanaşı, Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə 300 manat məbləğində pul vəsaiti İcra şöbəsinin depozit hesabına ödəniş edilmiş və borclu tərəfindən gələcəkdə imkanı olduğu halda qətnamə ilə yaranmış borcun tam şəkildə ödənilməsinə dair söz verilmişdir. Bundan başqa icraçı tərəfindən müxtəlif banklara və dövlət orqanlarına sorğular verilməsinə baxmayaraq Kərimova (Mahmudova) Aygün Eldar qızının mülkiyyətində hər hansı daşınar və ya daşınmaz əmlak müəyyən edilməmiş, banklarda hər hansı bir hesabı, eləcə də mövcud bank hesablarında aktivləri aşkar edilməmiş, hazırda heç bir yerdə işləmədiyi məlum olmuşdur. Bununla da icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlər edilməsinə baxmayaraq icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi halı öz təsdiqini tapmamışdır. Məhkəmə eyni zamanda Kərimova (Mahmudova) Aygün Eldar qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8533/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icra edilməməsi ilə əlaqədar bildirir ki, hazırda şəxsin işləməməsi, avto qəza keçirməsini (bu halı tələbkar da etiraf edir), himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və boşandığı üçün yalnız aldığı aliment qismində gəlirinin olmasını hər hansı bir digər gəlir mənbəyinin və mülkiyyətində daşınar və ya daşınmaz əşya olmaması faktları nəzərə alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1 və 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Kərimova (Mahmudova) Aygün Eldar qızının əməlində inzibati xəta tərkibi yaranmadığından onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Kərimova (Mahmudova) Aygün Eldar qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar