Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(004)-5191/2024 09.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1, Şəxs İnzibati Xətalar Məcəlləsinin 333-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsindən daxil olmuş inzibati xəta haqqında xx.xx.2024-cü il tarixdə tərtib edilmiş İXP ******* saylı protokola və əlavə edilmiş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 333-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixdə tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə daxil olmuşdur. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati tənbeh, İnzibati Xətalar Məcəlləsinin müvafiq inzibati xətaya görə məsuliyyət nəzərdə tutan maddəsində müəyyən edilmiş həddlər çərçivəsində təyin edilir. İnzibati xətaların müxtəlif növlərinə görə məsuliyyət müəyyən edən maddələrin sanksiyasında tənbehin növü və onun mümkün həcmi nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 31.1-ci maddəsinə uyğun olaraq, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Tənbeh tətbiq edilməsi ilə bağlı inzibati xətalar qanunvericiliyində xüsusi əhəmiyyət kəsb edən məsələlərdən biri də şəxsin bir neçə inzibati xəta törətdiyi halda ona inzibati tənbehin hansı qaydada tətbiq edilməsi ilə bağlıdır. Bu qaydalar İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsi ilə tənzimlənir. Belə ki, Məcəllənin 34-cü maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir (maddə 34.1). Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır (maddə 34.2). Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər (maddə 34.3). Şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz (maddə 34.4). İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsindən fərqli olaraq 34.2-ci maddəsi qanunverici tərəfindən başqa dispozisiyada verilməklə inzibati xətalara dair işlərin məcmusunu təşkil edir və bu işlərə hansı qaydada baxılaraq tənbeh tətbiq edilməsini müəyyən edən sonrakı normalara münasibətdə (34.3 və 34.4-cü maddələr) ümumi norma kimi çıxış edir. Belə ki, Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Burada qanunverici eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərin məcmusunun yaranmasının ümumi şərtini müəyyən edərək onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutmuşdur. Eyni və ya müxtəlif vaxtlarda törədilən bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılmasını isə qanunverici eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi lazım bilir ki, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xəta haqqında protokolun tərtib edilməsi eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə baxılmasının məhkəmənin səlahiyyətinə aid olduğu müəyyən edildikdə, inzibati xəta haqqında iş üzrə icraatı başlamış və protokol tərtib etmiş müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) prosessual qənaət prinsipinin qorunması və işlərə qanunvericiliklə nəzərdə tutulmuş müddətlər çərçivəsində baxılmasının təmin edilməsi məqsədi ilə bir neçə inzibati xəta haqqında işi (protokolu) bir icraatda birləşdirərək məhkəməyə göndərməkdə haqlıdır. Məhz buna görə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi bir neçə inzibati xətaya dair işlərin məcmusunun hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni vaxtda baxılmasını nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinin davamı olaraq Məcəllənin 34.3-cü maddəsində şəxsin məhz eyni vaxtda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydası müəyyən olunmuşdur. Həmin maddəyə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Bu hal inzibati xətaların ideal məcmusunu ehtiva edir. Belə ki, maddənin məzmunundan göründüyü kimi, bir şəxs eyni vaxtda bir neçə inzibati xəta törətdikdə, həmin xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, göstərilən işlərə baxan müvafiq orqan bu inzibati xətaların sırasından ən ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq etməlidir. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsi şəxsin məhz müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya görə tənbeh tətbiq edilməsi qaydasını tənzimləyir. Belə ki, həmin maddəyə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş həddlərdən artıq ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsindən göründüyü kimi, qanunverici müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə həmin Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq eyni vaxtda baxılmasının eyni orqan tərəfindən tərtib edilmiş protokollar və həmin xətalara baxılmasının eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni şəxs tərəfindən müxtəlif vaxtlarda törədilən inzibati xətalara dair işlərə baxılması eyni orqanın səlahiyyətindədirsə, bu xətaların heç birinə görə ona inzibati tənbeh tətbiq edilməmişdirsə və törədilən inzibati xətaların heç birinə görə inzibati məsuliyyətə cəlb etmə müddəti keçməmişdirsə məhkəmə və ya müvafiq səlahiyyətli orqan (vəzifəli şəxs) bu inzibati xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Bu tələb birbaşa İnzibati Xətalar Məcəlləsinin 34.2 və 34.4-cü maddələrinin müddəalarından irəli gəlir. Beləliklə, əgər inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti həm məhkəməyə, həm də müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətinə aiddirsə, onda həmin inzibati xəta haqqında iş o vaxt məhkəməyə göndərilir ki, İXM-in 43.3-cü maddəsində və Fərmanın 6-cı bəndində müəyyən edilmiş hallar mövcud olsun. Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs barəsində eyni xəta ilə bağlı qərar mövcuddur və inzibati xəta törədən Şəxs hazırda inzbati qaydada həbs cəzası çəkir. Buna görə də neçə ki, İXM-də göstərilmiş həmin hallar müvafiq icra hakimiyyəti orqanları tərəfindən əsaslandırılmamışdır və belə bir hallar mövcud deyildirsə, onda həmin inzibati xəta haqqında işi baxmaq üçün öz mülahizəsinə əsasən məhkəməyə göndərilməsi, həm İXM-nin tələblərinə ziddir. Qeyd edilənlər müəyyənləşdirilmədən işə baxmaq mümkün deyildir. Çünki İXM-in 106-cı maddəsinə əsasən hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 109-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Baş Polis İdarəsi X4 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(004)-5191/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №3(004)-5191/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver