Məhkəmə qərarları › İş №3(004)-5207/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5207/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5207/2023 31.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X2, Şikayətçi "xxxx" MMC-nin meneceri X3 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Şikayətçi "xxxx" MMC-nin meneceri X7 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayətçi "xxxx" MMC-nin meneceri X7 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, "xxxx" MMC-də (bundan sonra “Şirkət”) baş menecer (satış üzrə) vəzifəsində işləməklə öz əmək fəaliyyətini ünvan 1 ünvanında yerləşən "xxxx" restoranında (bundan sonra “Restoran”) həyata keçirir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (bundan sonra “Agentlik”) tərəfindən Restoranda xx.xx.2023-cü il tarixdə planlı yoxlama keçirilmişdir. Yoxlama gedişində barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, daha sonra isə barəsində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında qərar (bundan sonra “Qərar”) qəbul edilərək 1500 manat məbləğində cərimə edilmişdir. Aşağıda göstərilənlərə əsasən Qərar əsassız olduğuna görə ləğv edilməlidir: 1) Yoxlama zamanı Agentlik əməkdaşları tərəfindən protokol tərtib edilməklə müəyyən edilmişdir ki, soyuducuda olan vetçina, sosiska və müxtəlif növ tortların üzərində qanunvericiliyə uyğun etiket məlumatları yoxdur, bu səbəbdən də standartlara uyğun deyildir. Lakin həmin protokol əsassız olduğundan o, işçi kimi protokolda yoxlama predmeti olan malların yoxlayıcı orqan tərəfindən verilmiş müvafiq sertifikatlara malik olmasını bildirmiş və qeyd etmişdir ki, necə ola bilər ki, özlərinin verdiyi sertifikat əsasında dövriyyəyə buraxılmış məhsulların satışı qadağan ola və ya həmin mallar standartlara uyğun olmaya bilər? Lakin Agentlik tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. Qərarda eyni pozuntular göstərilməklə o 1500 manat məbləğində cərimə edilmişdir. Amma Qərarda konkret olaraq hansı standart və normativ sənədlərin tələblərinin pozulması göstərilməmişdir. Halbuki, Azərbaycan Respublikasının "Qida təhlükəsizliyi haqqında” Qanununun 10-cu maddəsinə əsasən təhlükəli qida və yem məhsullarının ilkin istehsalı, emalı və dövriyyəsi qadağandır. Həmin Qanunun 16.1-ci maddəsinə əsasən qida və yem məhsullarının istehsalı və emalı zamanı qida və yem məhsullarının təhlükəsizliyi sahəsində müəyyən edilmiş tələblərə cavab verən qida və yem xammalından, ilkin istehsal məhsullarından, inqrediyentlərdən və qeydiyyatdan keçmiş qida və yem əlavələrindən istifadə olunmalıdır. Agentliyin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş ət satışı müəssisələrinin fəaliyyətinə dair Baytarlıq-Sanitariya Normaları və Qaydalarına əsasən yalnız baytarlıq-sanitariya ekspertizasından keçmiş ət və ət məhsullarının satışına icazə verilir. Ət satışı müəssisəsinin fəaliyyətinə dövlət baytarlıq nəzarəti Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir. O halda ritorik sual ortaya çıxır ki, Agentliyin qeyd edilən məhsulların standartlara cavab verməsini təsdiq edən özünün təqdim etdiyi sertifikat (icazə) olduğu halda özü özünün ziddinə inzibati tənbeh tətbiq edə bilərmi? Dolayı yolla səlahiyyətli orqan məhsulun standarta uyğun olduğunu özü təsdiq etdiyi halda həmin məhsulun üzərində qanunvericiliyə uyğun etiket məlumatlarının olmamasını məhsulun standartlara uyğun olmaması kimi qiymətləndirmişdir. Halbuki iş materiallarında bir dənə belə olsun malın qüsurlu istehsalı və idxalı, həmin proseslərdən sonra istifadə müddətinin keçməsi və s. haqqında dəlil və ya sübut yoxdur. Agentlik əməkdaşları yoxlama zamanı hazırlanmasında heç bir pozuntu aşkarlanmayan pizza məhsulundan nümunə götürərək laboratoriya analizinə göndərməsinə baxmayaraq “standartlara uyğun olmadığını” aşkarladığı vetçina, sosiska, tort məhsullarından nümunə götürərək laboratoriyaya göndərməmişdir. O halda malın qüsurlu olması və standandartların tələblərinə cavab verməməsi səlahiyyətli orqan tərəfindən necə müəyyən edilib? İnzibati xəta materiallarından da aşkar şəkildə görünür ki, həmin məhsullar qanunvericilik normalarına uyğun hazırlanmış və satışa çıxarılmışdır. Məhsulun özünün keyfiyyəti ilə bağlı heç bir problem yoxdur. Səlahiyyətli orqanın nümayəndəsi də tərtib etdiyi protokolda məhsulun özü ilə bağlı yox, üzərindəki etiketləmə ilə bağlı “nöqsan ”lar qeyd etmişdir. Həmin mövqeyin davamı olaraq qeyd edilməlidir ki, Qanunun 17.2.1-ci (qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsi zamanı onların təhlükəsizliyinə dair tələblər) maddəsinə əsasən istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməlidir. Göründüyü kimi, yoxlama predmeti olan mallar müvafiq sertifikat əsasında dövriyyəyə buraxılmışdır və onlar standartların və digər normativ sənədlərin tələblərinə tam şəkildə cavab verir. Səlahiyyətli orqan isə özünün tərtib etdiyi protokolda da məhz yoxlama predmeti olan məhsulların etiketləmə tələblərinə cavab verməməsini pozuntu kimi qeyd etmişdir. O halda səlahiyyətli orqan nəyə görə etiketləmə ilə bağlı pozuntu nəzərdə tutan Məcəllənin 453-cü maddəsini yox, məhz Məcəllənin 447.0.3-cü maddəsini hazırki hala tətbiq etmişdir? Qeyd edilənlərin məntiqi sonluğu ondan ibarətdir ki, məhsulun etiketinin və ya hansısa məlumatlandrıcı hissəsinin standarta uyğun olmaması məhsulun özünün standarta uyğun olmaması (yararsız olması) demək deyil. Əgər məhsullar keyfiyyətsiz və istifadəyə yararsız idisə, nəyə görə səlahiyyətli orqan tam əksinə olaraq həmin məhsulların sərbəst dövriyyəyə buraxılması barədə sertifikat vermişdir? Belə görünür ki, Agentlik əməkdaşları yoxlama zamanı heç bir tədqiqat və laborator müayinə aparılmadan “gözayarı” məhsulların keyfiyyət göstəricisini müəyyən edə bilmək imkanına malikdir. Nəticə olaraq, məhsulun etiketlənməsi ilə bağlı tələblərin pozulması üzrə inzibati araşdırma aparıla bilərdi ki, səlahiyyətli orqan bu hal üzrə araşdırma aparmamış və nəticədə qanunsuz inzibati tənbeh tədbiri tətbiq etmişdir. 2) Qərara əsasən o "xxxx" MMC-nin vəzifəli şəxsi hesab edilərək 1500 manat məbləğində cərimə edilmişdir. Halbuki, Şirkətdə baş menecer (satış üzrə) vəzifəsində işləyir. Ondan əlavə şirkətdə 2 nəfər baş menecer (satış üzrə) vəzifəsində işləyən əməkdaş var. Şirkətin vəzifəli şəxsləri isə “baş direktor”, “icra aparatının rəhbəri”, “insan resursları şöbəsinin müdiri”, “əməliyyatlar üzrə menecer”, “əməliyyatlar üzrə menecer müavini”dir. Hətta “restoran meneceri” vəzifəsi belə onlar vəzifindən yüksək olsa da, onlar vəzifəli şəxs hesab olunmur. Belə ki, onlar ancaq imtahan verməklə restoran meneceri ola bilərlər. Sözügedən yüksək vəzifələr üzrə ancaq 1 ştat mövcuddur və yalnız 1 nəfər bu vəzifəni icra edir. Baş menecer (satış üzrə) müstəqil olaraq hər hansı qərar qəbul etmək səlahiyyətinə malik deyil, ancaq rəhbər şəxslərin verdiyi tapşırıqların icrasını həyata keçirir. Əgər müstəqil qərar qəbul etmək səlahiyyətinə malik olsa idi, şirkətin nəzdində olan 10 restoranın hər birində qanunvericiliyə uyğunluq baxımından fərqli mənzərələr ortaya çıxardı. Onun şirkətdə inzibati xətalar qanunvericiliyi baxımından vəzifəli şəxs hesab edilə biləcək heç bir səlahiyyəti yoxdur. Bu barədə nə əmək müqavilə inzibati araşdırma materiallarının predmeti olmuş, nə də vəzifəli şəxs olmağına əsas ola biləcək digər sənədlər (vəzifə təlimatı, etibarnamə, maddi məsul şəxs olma barədə sənədlər və s.) araşdırılmamışdır. Məcəllənin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi normanın tələblərinin ona heç bir aidiyyəti yoxdur. Fərziyyə olaraq hesab etsələr ki, pozuntu faktı mövcuddur, bu halda da müvafiq protokol və inzibati tənbeh tədbiri onun barəsində tətbiq edilə bilməzdi. Bu barədə qərar yalnız şirkətin vəzifəli şəxs hesab edilən işçiləri barəsində tətbiq edilə bilərdi. Digər tərəfdən Məcəllənin 18.2.4-cü maddəsinə əsasən Məcəllənin 18.2.1-18.2.3-cü. maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisinin törətdiyi inzibati xətalara görə həmin hüquqi şəxs və (və ya) onun vəzifəli şəxsi məsuliyyətə cəlb edilir. Göründüyü kimi hazırkı halda xəta tərkibi olsa idi belə məsuliyyətə cəlb edilməli şəxslərin dairəsinə o daxil deyildir. Ümumiyyətlə səlahiyyətli orqan yoxlama üzrə "qarşısına ilk çıxan insan” barəsində inzibati tənbeh tətbiq etmişdir. Qanunvericiliyə əsasən isə səlahiyyətli orqan hüquqi şəxsin vəzifəli şəxsinin kimlər olmasını, hansı əsasla bu statusa malik olmalarını müəyən etməli, araşdırmanı da bunun üzərində aparmalı idi. Agentlik əməkdaşları heç uzağa getmədən Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində açıq məlumat olan kommersiya hüquqi şəxslərin dövlət reyestri məlumatlarına daxil olaraq şirkətin vəzifəli şəxsini müəyyən edə bilərdilər. Belə ki, şirkətin baş direktorunun (qanuni təmsilçisi) tam adı həmin reyestrdə yerləşdirilmişdir. Lakin inzibati xəta materiallarında şirkətin vəzifəli şəxslərinin dairəsinin müəyyən edilməsi istiqamətində səlahiyyətli orqan tərəfindən əldə edilmiş bir dənə belə olsun sənəd və ya sübut, sorğu və ya digər prosessual hərəkət mövcud deyil. Halbuki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli qərarına əsasən təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Həmin qərarın nəticə hissəsinə əsasən dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. 3) İXM-in 106.0.6 və 106.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslərin məlumatlandırılması, iş üzrə vəsatətlər və etiraz etmə olub-olmamasını həll edilməlidir. Məcəllənin 109-cu maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılması tarixinin və yerinin təyin edilməsi, işin baxılmasında iştirak etmək üçün bu Məcəllənin 61-67-ci, 69-72-ci maddələrində göstərilən şəxslərin çağırılması məsələləri barəsində qərardad qəbul edilir. Məcəllənin 112.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin qanuni nümayəndəsinin, habelə işin baxılmasında iştirak edən digər şəxslərin iştirakı müəyyənləşdirilir, fiziki şəxsin qanuni nümayəndəsinin və hüquqi şəxsin nümayəndəsinin, müdafiəçinin və nümayəndənin səlahiyyətləri müəyyən edilir, iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir, edilmiş etirazlar və verilmiş vəsatətlər həll edilir. Agentlik tərəfindən xx.xx.2023-cü il tarixli bildiriş göndərilərək inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xx.xx.2023-cü il tarixdə, saat 17:00-da Bakı Regional Bölməsinin inzibati binasına gəlməyinin zəruriliyi bildirilmiş, bütün sübutların təqdim edilməsi təklif edilmişdir. O üzrlü səbəbdən (uşağının doğulması) iştirak edə bilməsə də, Şirkətin əməliyyat meneceri Murad Mirzəyev və nümayəndə Vəkil sözügedən tarixdə və saatda Bakı Regional Bölməsinin inzibati binasında olmuşdur. Amma onlara Agentlik əməkdaşlarının iclasda olduğu bildirilmiş və gözləmələri xahiş edilmişdir. 1 saatlıq gözləmədən sonra isə saat 18:00-da, yəni iş vaxtının sonunda əlaqə nömrəsinin qoyulması xahiş edilmiş və bildirilmişdir ki, əməkdaşlar növbəti günlərdə əlaqə saxlayaraq işə baxmağa dəvət edəcəklər. xx.xx.2023cü il tarixdə Agentlik əməkdaşı mobil telefonla zəng edərək işə baxılmasında iştirak üçün onları xx.xx.2023-cü il tarixə, saat 11:00-a dəvət etmişdir. Həmin tarixdə və saatda onlar Bakı Regional Bölmənin inzibati binasına gələrək işə baxılmada iştirak edərək protokola etiraz ediblər, əlavə olaraq sözügedən malların üçüncü şəxsdən əldə edildiyini, pizza hazırlanmasında xammal kimi istifadə edildiyini və bütün sertifikatlarının olduğunu bildirmişlər. Lakin görüşdə ancaq cərimə məbləğinin aşağı yoxsa yuxarı həddinin tətbiq edilməsinə dair əməkdaşlar arasında müzakirə aparılmış, izahatlara, sənədlərə əhəmiyyət verilməmişdir. Təəssüf ki, Şirkət əməkdaşı və nümayəndə Agentlikdə olarkən artıq Qərarın qəbul edildiyi məlum olmuş, yəni, müzakirə formal xarakter daşımış və mövqeyləri nəzərə alınmamışdır. Nəticədə mübahisələndirilən qərar, barəsində inzibati xətaya dair icraat aparılan şəxsin iştirakı olmadan qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə restoranın ünvanına Agentlikdən məktub daxil olmuşdur. Zərfin içərisində qərar yer alırdı, təəccübü deyil ki, qərarın tarixi xx.xx.2023-cü il idi, bu isə o deməkdir ki, xx.xx.2023-cü il tarixə, saat 11:00-a təyin edilmiş işə baxılma günündən 3 gün əvvəl Agentlik artıq iş üzrə qərarını qəbul etmişdi. Halbuki, sözügedən qərar xx.xx.2023-cü il tarixdə qəbul edilməli idi. Bununla da barəsində qərar qəbul etmiş şəxsə, yəni ona öz sübut və dəlillərimi təqdim etmək imkanı yaradılmamışdır. Nəticə olaraq İXM-in müvafiq normaları Agentlik tərəfindən kobud şəkildə pozulmuşdur. Şirkət tərəfindən Agentliyə xx.xx.2023-cü il tarixdə ərizə göndərilərək inzibati binanın giriş hissəsində (elektron turniket, qeydiyyat deski və qonaqlar üçün oturacaqlar olan hissə) yerləşən müşahidə kamerasının xx.xx.2023-cü il tarixində saat 17:00-la saat 18:00 arasında aparılmış video-görüntülərinin təqdim edilməsi xahiş edilsə də, bu günə qədər onlar təqdim edilməmişdir. 4) “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 20 oktyabr 2015-ci ıl tarixli Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq edilmişdir. Həmin əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yəni, əsasnaməyə görə sahibkarlıq subyektlərində hər hansı yoxlamalar aparmaq səlahiyyətinə malik olan icra hakimiyyəti orqanları müəyyən edilmiş qaydada reyestrdə qeydiyyata alındıqdan sonra bunu keçirə bilərlər. Faktiki olaraq hər hansı yoxlamanın aparılması üçün onun reyestrdə qeydiyyata alınması məcburidir. Lakin Agentlik əməkdaşları yoxlamanın keçirilməsi üçün onun qeydə alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməmişdir və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 saylı Fərmanı ilə təsdiq etdiyi Əsasnamənin tələblərini kobudcasına pozmuşdur. Yuxarıda göstərilən səbəblərdən qərar tamamilə qanunsuz və əsazssızdır. Məlumat üçün qeyd edilir ki, qərar xx.xx.2023-cü il tarixdə Restoranın ünvanına çatdırılmışdır. Odur ki, göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsi tərəfindən qəbul edilmiş 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin meneceri X3 nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin nümayəndəsi X5 şikayətin əsassız olduğunu bildirərək qeyd etmişdir ki, müfəttişliyin 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* tarixli qərarı qanuni və əsaslıdır. Belə ki, "xxxx" MMC-yə məxsus restoranda yoxlama aparılmış və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulduğu sübuta yetirildiyindən "xxxx" MMC-nin meneceri X7 barəsində 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçısını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən "xxxx" MMC-də mətbəxdə təmizlik invertarları saxlanması üçün ayrıca dolab olmaması, soyuducuda saxlanılan vetçina, sosiska və müxtəlif növ tortların üzərində qanunvericiliyə uyğun etiket məlumatlarının olmaması aşkar olunmuşdur. Nəticədə "xxxx" MMC-nin meneceri X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3-cü maddələri ilə təqsirli bilinib barəsində 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 25 sentyabr 2023-cü il tarixli yoxlama aktından görünür ki, Qida obyektində soyuducularda ümumi çəkisi 2.3 kq olan vetçina və sosiska məhsullarının, ümumi çəkisi 900 qram müxtəlif növ tortların üzərində qanunvericiliyə uyğun etiket məlumatları təmin edilməmiş, eyni zamanda ümumi çəkisi 3.79 kq olan “X11’s” e/n-li barbeku sousunun, 2 ədəd her biri 900 qram olan “Loreto” e/n-li zeytunun “Yens” e/n-lı 4 əded her biri 330 qram olan biber turşusu məhsullarının üzərində müvafiq olaraq xarici dillərlə yanaşı Azərbaycan dilində məlumatlar qeyd olunmamışdır. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 7.1-ci ve 7.6cı bəndinin tələbləri pozulmuşdur. Qida obyetində temperaturun monitorinqi və qeydiyyatı aparılmir. Bununla da, Azərbaycan Respublikası Qida X1 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsullari üzrə gigiyena tələblərinə dair qaydalar”ın (bundan sonra – Qaydalar) 2 nömrəli elavəsinin 1.3.4-cü bəndinin tələbləri pozulmuşdur. Qida obyektində sanitar qovşağın havalandırma qurğusu qeyri-işlək haldadır. Bununla da Qaydaların 2 nömrəli elavəsinin 1.7-ci bendinin tələbləri pozulmuşdur. Qida obyektində çalışan işçilər üçün ayrıca soyunub-geyinmə otağı taşkil edilməmiş, işçilər üçün ayrılmış soyunubgeyinmə bölməsində işçi sayına uyğun dolablar təmin edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 1.10-cu bəndinin tələbləri pozulmuşdur. Qida obyektində təmizlik vasitələrinin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 1.11-ci bəndinin tələbləri pozulmuşdur. Qida obyektində mətbəxdə xaricə açılan pəncərədə həşərarların daxilə keçməsinin qarşısını almaq məqsədilə qoruyucu tor quraşdırılmamışdır. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 2.0.3-cü bəndinin tələbləari pozulmuşdur. Qida obyektində istismar olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçməsinə dair təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədi. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 3.2-ci bandinin tələbləri pozulmuşdur. Qida obyektində soyuducularda ümumi çəkisi 2.3 kq olan vetçina və sosiska məhsullarının, ümumi çəkisi 900 qram müxtəlif növ tortların üzərində qanunvericiliyə uyğun etiket məlumatları təmin edilməmiş, eyni zamanda ümumi çəkisi 3.79 kq olan “X11’s” e/n-lı barbeku sousunun, 2 ədəd hər biri 900 gram olan “Loreto” a/n-li zeytunun ”Yens” a/n-lı 4 ədəd hər biri 330 qram olan bibər turşusu məhsullarının üzərində müvafiq olaraq xarici dillərlə yanaşı Azərbaycan dilində məlumatlar qeyd olunmamışdır. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 7.1-ci ve 7.6-cı bəndinin tələbləri pozulmuşdur. Qida obyektində aparılan təmizlik işləri sənədləşdirilmir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 13-cü bəndinin tələbləri pozulmuşdur. Qida obyektinda iş prosesi zamanı əmələ gələn tullantıların saxlanması üçün ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən tullantı qabları təmin edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 15.2-ci bəndinin tələbləri pozulmuşdur. Yuxarıda qeyd olunan nöqsanlara və toplanmış məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisədə “Qida təhlükəsizliyi haqqında”” Azərbaycan Respublikası Qanununun 9.1-ci və 17-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 06 oktyabr 2023-cü il tarixli yoxlamanın nəticələri üzrə qərardan görünür ki, Qida obyektində soyuducularda ümumi çəkisi 2.3 kq olan vetçina və sosiska məhsullarının, ümumi çəkisi 900 qram müxtəlif növ tortların üzərində qanunvericiliyə uyğun etiket məlumatları təmin edilməmiş, eyni zamanda ümumi çəkisi 3.79 kq olan “X11’s” e/n-li barbeku sousunun, 2 ədəd hər biri 900 qram olan “Loreto” e/n-li zeytunun “Yens” e/n-lı 4 ədəd hər biri 330 qram olan biber turşusu məhsullarının üzərində müvafiq olaraq xarici dillərlə yanaşı Azərbaycan dilində məlumatlar qeyd olunmamışdır. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 7.1-ci ve 7.6-ci bəndinin tələbləri pozulmuşdur. Qida obyetində temperaturun monitorinqi və qeydiyyatı aparılmır. Bununla da, Azerbaycan Respublikası Qida X1 19 saylı Qərarı ilə tesdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın (bundan sonra Qaydalar) 2 nömrəli əlavəsinin 1.3.4-cü bəndinin tələbləri pozulmuşdur. Qida obyektinde sanitar qovşağın havalandırma qurğusu qeyri-işlək haldadır. Bununla da Qaydaların 2 nömrəli əlavəsinin 1.7-ci bəndinin tələbləri pozulmuşdur. Qida obyektində çalışan işçilər üçün ayrıca soyunub-geyinmə otağı teşkil edilməmiş, işçilər üçün ayrılmış soyunub-geyinmə bölməsində işçi sayına uyğun dolablar təmin edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 1.10-cu bəndinin tələbləri pozulmuşdur. Qida obyektində təmizlik vasitələrinin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli elavəsinin 1.11-ci bəndinin tələbləri pozulmuşdur. Qida obyektində mətbəxdə xaricə açılan pəncərədə həşərarların daxilə keçməsinin qarşısını almaq məqsədilə qoruyucu tor quraşdırılmamışdır. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 2.0,3-cü bəndinin tələbləri pozulmuşdur. Qida obyektində istismar olunan ölçmə vasitələrinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlamadan keçməsinə dair təsdiqedici sənədlər yoxlamaya təqdim edilmədi. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 3.2-ci bəndinin tələbləri pozulmuşdur. Qida obyektində aparılan təmizlik işləri sənədləşdirilmir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 13-cü bəndinin tələbləri pozulmuşdur. Qida obyektində iş prosesi zamanı əmələ gələn tullantıların saxlanması üçün ağzı kip bağlanan, qoxu yaymayan və su keçirməyən tullantı qabları təmin edilməmişdir. Bununla da, Qaydaların 2 nömrəli əlavəsinin 15.2-ci bəndinin tələbləri pozulmuşdur. Yuxarida qeyd olunan nöqsanlara və toplanmış məlumatlara əsasən müəyyən edilmişdir ki, müəssisədə “Qida təhlükəsizliyi haqqında” Azerbaycan Respublikası Qanununun 9.1-ci və 17-cimaddəsinin tələbləri pozulmuşdur. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasinin Qanununun 9.1-ci maddəsinə əsasən Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasinin Qanununun 17-ci maddəsinə əsasən 17.1. Qida və yem məhsulları qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun olaraq onların dövriyyəsi zamanı təhlükəsizliyini təmin edə biləcək üsullarla qablaşdırılmalıdır. 17.2. Qida məhsullarının etiketlənməsi aşağıdakı tələblərə uyğun həyata keçirilməlidir: 17.2.1. istehlakçıya qida məhsullarının adı, qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, saxlanma şəraiti, tərkibindəki allergenlər, mənşəyi, istehsalçının adı və ünvanı, istehsal üsulu və istifadə qaydaları barədə dolğun məlumatlar verilməli; 17.2.2. məhsulların etiketlənməsi dəqiq, aydın və istehlakçılar üçün tam başa düşülən formada həyata keçirilməli; 17.2.3. həmin qida məhsullarına xas olmayan təsir və ya xassələri göstərilməməli; 17.2.4. eynixassəli oxşar qida məhsullarının hər birinə məxsus xassələri xüsusi xassələr kimi təqdim etməməli; 17.2.5. hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar verilməməli; 17.2.6. kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində müvafiq xəbərdarlıq yazılarının və nişanlarının olması təmin edilməlidir. 17.3. Azərbaycan Respublikasına idxal olunan və Azərbaycan Respublikasında istehsal və emal olunan yem məhsullarının tərkibində genetik modifikasiya olunmuş orqanizmlərin mövcud olduğu hallarda, həmin malların etiketlərində genetik modifikasiya olunmuş orqanizmlər haqqında məlumat əks etdirilməlidir. 17.4. Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının üzərindəki etiketlər və adlar, məhsulun tərkibi və istifadəyə yararlılıq müddəti, məhsuldan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərdə olarsa, onların Azərbaycan dilinə tərcüməsi də təmin edilməlidir. 17.5. Qida və yem məhsullarının qablaşdırılması və etiketlənməsinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” 19 iyul 2013-cü il tarixli Qərarında göstərilir: CM-in 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar; dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.1-ci maddəsinə əsasən Xüsusi təşkil olunmuş yerlərdə (yeməkxanalarda, restoranlarda, kafelərdə, barlarda və sair) əhalinin qidalanmasının təşkilinə və ya yeməklərin və içkilərin hazırlanmasına, onların saxlanmasına və əhaliyə satılmasına dair qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə-fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.3-cü maddəsinə əsasən İstehlakçıların hüquqlarının pozulmasına, yəni: standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli qərarında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.1 və 447.0.3cü maddəsinin tələbləri pozulduğu üçün X3 barəsində inzibati tənbeh tədbirinin tətbiq edildiyi qeyd edilsədə protokolu tərtib etmiş orqan tərəfindən həmin inzibati tənbehin tətbiq edilməsinə əsas olan maddənin dispotozitiv şərtlərini sübut edən hallar tam əks etdirməmişdir. Həmçinin "xxxx" MMC-nin baş meneceri X4 əmək funksiyaları araşdırılmadan onun barəsində vəzifəli şəxs kimi inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan əlavə X7 İXM-nin 447.0.3-cü maddəsinin hansi tələbinin pozulması qərarda göstərilməmişdir. Bu səbəblərdəndə şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 25 sentyabr 2023cü il tarixli, MN seriyalı ******* nömrəli qərar qanunsuz və əsassız hesab edilərək ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İXM-nin tələblərinə əməl edilməklə yenidən baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC-nin meneceri X7 tərəfindən verilmiş şikayət qismən təmin olunsun və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinin 25 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Bakı Regional Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdərmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar