Məhkəmə qərarları › İş №3(004)-5208/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5208/2023

18.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5208/2023 18.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 İlaqr oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3 oğlunun katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə Müəyyən etdi: "xxxx" MMC tərəfindən qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməmişdir. Bununla əlaqədar Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən 03 oktyabr 2023-cü il tarixli 13000-01182/23 saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC və protokol tərtib etmiş orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndələri məhkəməyə gəlməmiş, məhkəməyə gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postundan keçməklə hüquqi şəxs Şəxs MMC-nin (VÖEN: **********) ünvanına gələn mallar 22 avqust 2023-cü il tarixində **********4495 sorğu nömrəli gömrük bəyannaməsi ilə Baş İdarədə rəsmiləşdirilmişdir. Lakin, Azərbaycan Respublikası Dövlət Gömrük Xidmətinin VAİS (X1 Sistemi) informasiya resursuna baxış keçirilmiş və Şəxs MMC-nin ünvanına Türkmənistan Respublikasında fəaliyyət göstərən “EDC Romfor Limited Branch” şirkəti tərəfindən göndərilən malların xx.xx.2023-cü il tarixdə saat 17:12-də Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postundan keçməklə ölkə ərazisinə gətirildiyi, gömrük ərazisinə gətirməzdən əvvəl, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilməli olduğu halda, həmin qısa idxal bəyannaməsinin verilmədiyi müəyyən olunmuşdur. Həmçinin **********4495 nömrəli gömrük bəyannaməsinin 40-cı qrafasının boş qalması səbəbindən sözügedən qısa idxal bəyannaməsinin təqdim edilməməsi faktı aydın görünür. İş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılması”-na dair çıxarışdan görünür ki, BN2313TR nömrəli yük avtomobili vasitəsi ilə Şəxs MMC-nin ünvanına Türkmənistan Respublikasında fəaliyyət göstərən “EDC Romfor Limited Branch” şirkəti tərəfindən göndərilən mallar xx.xx.2023-cü il tarixdə saat 17:12-də Beynəlxalq Dəniz Ticarət Limanı gömrük postundan keçməklə Azərbaycan Respublikası ərazisinə gətirilmişdir. İş üzrə Dövlət Gömrük Komitəsinin “X1 Sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, BN2313TR nömrəli yük avtomobili vasitəsi ilə Şəxs MMC-nin ünvanına Türkmənistan Respublikasında fəaliyyət göstərən “EDC Romfor Limited Branch” şirkəti tərəfindən göndərilən mallara dair qısa idxal bəyannaməsi mallar Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl elektron qaydada gömrük orqanlarına təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsi Təhqiqat Şöbəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 03 oktyabr 2023-cü il tarixli 13000-01182/23 saylı inzibati xəta haqqında protokolla və digər iş materialları ilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, Şəxs MMC malları Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada gömrük orqanlarına elektron qaydada qısa idxal bəyannaməsi verməli olduğu halda bunu etməmişdir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə uyğun olaraq mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: "xxxx" MMC (VÖEN **********) inzibati xəta haqqında 03 oktyabr 2023-cü il tarixli 13000-01182/23 saylı protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində birbaşa Bakı Apellyasiya Məhkəməsinə və ya Yasamal Rayon Məhkəməsi vasitəsi ilə apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar