Məhkəmə qərarları › İş №3(004)-5223/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №3(004)-5223/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(004)-5223/2023 20.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin EQ seriyalı 16991391 saylı, 20 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 sentyabr 2023-cü il tarixli EQ seriyalı 16991391 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdı ki, barəsində tərtib edilmiş EQ 16991391 elektron qərarın düzgün tərtib edilməməsini tanıyaraq ləğv edilməsinin təmin edilməsi xahiş edilmişdir. Tərtib edilən cəza İXM-nin 346.1-ci maddəsinə əsasən qeydə alınıb. Həmin hissədə dayanma və durma işarələri quraşdırılmayıb. O iki dəqiqəlik dayandığı (telefonla danışmaq üçün) zolaq yolun hərəkət zolağı deyil və o avtomobili tərk etmədən, mühərriki söndürmədən, qəza işıqlarını yandırmaqla qısa müddətli dayanıb yenidən ərazini tərk etmişdir. Bu protokolun tərtib edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Müvəqqəti dayandığı sadə parklanma zolağıdır. Hətta parklanma qaydasını da göstərən heç bir işarə quraşdırılmamışdır. Odur ki, avtomobili saxlayaraq ətrafa göz gəzdirməklə yer tapmağa çalışmış və eyni zamanda telefon danışığını tamamlayıb yer olmadığından ərazini tərk etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 20 sentyabr 2023-cü il tarixli EQ seriyalı 16991391 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, şikayətini müdafiə edir və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin tərtib etdiyi 20 sentyabr 2023-cü il tarixli EQ seriyalı 16991391 nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilməsini və başlanmış icraata xitam verilməsini xahiş edir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştrakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Baş X8 İdarəsinin 20 sentyabr 2023-cü il tarixli EQ seriyalı 16991391 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 20 sentyabr 2023-cü il tarixdə saat 12:53-də Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində dayanma durma qaydalarını pozmağa görə İXM-in 346.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, “Kia Sorento” markalı **-XK-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində ikinci cərgədə yolun sağ tərəfində avtomobili saxlamışdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinin İ bəndinə əsasən Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin yolun sağ tərəfində — yol çiyinində, yol çiyini olmadıqda isə yolun hərəkət hissəsinin kənarında bir cərgədə dayanmasına və durmasına icazə verilir. Yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər yolun hərəkət hissəsinin kənarında iki cərgədə dayana və dura bilərlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-cı maddəsinə əsasən Dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cərimə edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-in tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-in 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin 20 sentyabr 2023cü il tarixli EQ seriyalı 16991391 nömrəli il tarixli inzibati xəta haqqında qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar